ETN İnformasiya Texnologiyaları İnstitutunda dünyanın aparıcı akademik nəşriyyatlarından biri olan Elsevier beynəlxalq elmi bazasının Türkiyə və Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Ayhan Saracoğlu ilə görüş keçirilib.
Tədbirdə institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, institutun baş mühəndisi Şakir Mehdiyev, Elmi informasiya və elmmetriya şöbəsinin müdiri Mədinə Səidova, institutun elmi katibi Nərmin Adıgözəlova və Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun rəhbəri, Universitetin Elmi Kitabxanasının Metodiki iş və əməkdaşlıq şöbəsinin müdiri Cəmilə Yusifova iştirak ediblər.
Görüşün keçirilməsində məqsəd Elsevier nəşriyyatı tərəfindən institutun alim və mütəxəssisləri üçün Scopus və ScienceDirect bazalarından istifadənin səmərəli təşkili, tədqiqat bacarıqlarının təkmilləşdirilməsi üçün Scopus AI platformasından istifadə və strateji əməkdaşlıq perspektivlərinin müzakirəsindən ibarət idi.
Tədbirdə çıxış edən dos. R. Ələkbərov müasir dövrün çağırışları və yeni reallıqlar kontekstində elm və təhsilin üzərinə çox ciddi vəzifələrin qoyulduğunu qeyd edərək, elm, təhsil, texnologiya və innovasiya sahələrində məqsədyönlü islahatların aparılması, Azərbaycan elminin dünya elminə inteqrasiyasının təmin olunması və elm-təhsil-innovasiya vəhdətinin yaradılmasının dövlət siyasətinin tərkib hissəsi olduğunu söyləyib. O, Azərbaycan alimlərinin fəaliyyətinin və aparılan elmi tədqiqatların dünya elmi ictimaiyyətində tanınması baxımından beynəlxalq elmi bazalarla əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
A.Saracoğlu dünyanın aparıcı akademik nəşriyyatlarından biri olan Elsevier-in fəaliyyəti, elmi məqalələrin və monoqrafiyaların yerləşdirildiyi rəqəmsal elmi platforma olan ScienceDirect, eləcə də dünyanın ən böyük elmi bibliometrik məlumat bazası hesab edilən Scopus-un təqdim etdiyi imkanlar haqqında ətraflı məlumat verib.
Qonaq süni intellekt əsaslı yeni nəsil elmi axtarış və analitika aləti olan Scopus AI platformasının üstünlüklərindən bəhs edib, bu alətin əlaqəli işlər, aktual elmi trendlər və s. haqqında istifadəçiyə analitik hesabatlar təqdim etdiyini bildirib. O, bütün bunların araşdırmalar zamanı tədqiqatçıya vaxta qənaət etməyə və səmərəli fəaliyyətin təmin olunmasına geniş imkanlar açdığını vurğulayıb.
“Azərbaycanın elm və təhsil müəssisələrinin Elsevier nəşriyyatının xidmətlərindən daha səmərəli istifadəsini təmin etmək əsas hədəflərimizdən biridir”, – deyən A.Saracoğlu Azərbaycanda bu elmi bazanın təcrübəsinin dərindən öyrənilməsi baxımından İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlığa böyük önəm verdiklərini diqqətə çatdırıb.
Görüşdə AMEA-nın müxbir üzvü R.Alıquliyev də çıxış edərək Elsevier nəşriyyatı tərəfindən ümumilikdə region və ölkə üzrə tədqiqatçıların, elmi qurumların və ali təhsil müəssisələrinin fəaliyyətinin monitorinqi və analizi üzrə hesabatların təqdim olunması və akademik göstəricilərin qiymətləndirilməsi ilə bağlı təkliflərini səsləndirib.
Sonda çıxış edən A.Saracoğlu Elsevier qlobal korporasiyasının elmi fəaliyyətin effektiv idarə olunması və qiymətləndirilməsi istiqamətində İnformasiya Texnologiyaları İnstitutuna dəstək verməyə hazır olduğunu vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.