Zərərli proqram təminatının aşkarlanması problemləri intellektual analiz olunur

30 May 2025 - 11:14 | Konfranslar, İclaslar
Zərərli proqram təminatının aşkarlanması problemləri intellektual analiz olunur

ETN İnformasiya Texnologiyaları İnstitutunda növbəti şöbə seminarı keçirilib. Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev seminarın “Zərərli proqram təminatının aşkarlanması üçün intellektual analiz metod və alqoritmlərinin işlənilməsi” mövzusunda dissertasiya işi (üçüncü və dördüncü fəsillər üzrə) çərçivəsində əldə olunan elmi-nəzəri nəticələrin müzakirəsinə həsr olunduğunu bildirib.

İnstitutun dissertantı Elşən Bağırov məruzəni təqdim edərək dissertasiya işinin üçüncü fəsli üzrə alınmış nəticələri təqdim edib. O, Windows və Android əməliyyat sistemləri mühitində zərərli proqramların və zərərli proqram trafikinin aşkarlanması üçün statik və dinamik yolla əldə edilmiş müxtəlif növ əlamətlərdən istifadə etməklə klassifikasiya və klasterizasiya əsaslı maşın öyrənmə metodlarının, təsvirlər əsasında zərərli proqramların aşkarlanması üçün transfer öyrənmə yönümlü klassifikasiya modelinin və təlim məqsədilə zərərli proqram nümunələrinin sayının artırılması üçün Generativ Rəqib Şəbəkə modelinin işləndiyini və artırılmış verilənlər üzərində maşın öyrənmə modellərinin yoxlanıldığını diqqətə çatdırıb.

Tədqiqatçı daha sonra dissertasiya işində əldə olunmuş yekun nəticələri təqdim edib. Qeyd edib ki, iş çərçivəsində zərərli proqramlar və onların təbiəti, aşkarlanmaqdan yayınma üsulları tədqiq edilmiş, statik və dinamik analiz kimi mövcud analiz metodları, onların üstün və zəif cəhətləri istiqamətində təhlil aparılmış, boşluqlar aşkar edilmiş, zərərli proqramların aşkarlanması istiqamətində Scopus və Web of Science elmi bazalarında indeksləşən jurnal məqalələri və konfrans materialları tədqiq edilmiş, aparılmış tədqiqatların illər üzrə trendi şərh edilmiş, bir sıra çatışmazlıqlar müəyyən edilmişdir. Həmçinin dayanıqlı və effektiv zərərli proqram aşkarlanması sisteminin qurulması üçün qarşıya qoyulmuş məsələləri bir yerdə cəmləşdirən üç mərhələli ümumi arxitektura təklif edilmiş, modelin qurulması üçün istifadə edilən statik və dinamik əlamətlər fəzasından ən optimal əlamətlərin seçilməsi üçün yanaşma işlənmiş, təklif edilmiş arxitekturada aşkarlama modelinin real mühitdə tətbiqi zamanı izaholunma qabiliyyətinin yoxlanılması və monitorinqi nəzərə alınmışdır.

Məruzə ətrafında müzakirələr aparılıb, tədqiqatçı ona ünvanlanan sualları cavablandırıb.

Akademik Rasim Əliquliyev zərərli proqramların aşkarlanması məsələlərinə həsr olunmuş dissertasiya işi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim dissertasiya işində proqram məhsullarının əks mühəndislik texnologiyaları vasitəsilə yoxlanılması və boşluqların müəyyən olunması istiqamətində tədqiqatlara daha geniş yer ayrılmasının önəmini vurğulayıb. Akademik R.Əliquliyev səsləndirilən təklif və tövsiyələr nəzərə alınmaqla dissertasiya işinin institutun elmi seminarının müzakirəsinə təqdim olunmasını tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.