Proqram sistemlərinin etibarlılığının qiymətləndirilməsi üçün yeni yanaşmalar işlənilir

15 May 2025 - 16:00 | Konfranslar, İclaslar
Proqram sistemlərinin etibarlılığının qiymətləndirilməsi üçün yeni yanaşmalar işlənilir

ETN İnformasiya Texnologiyaları İnstitutunda “Proqram sistemlərinin etibarlılığının yüksəldilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda fəlsəfə doktorluğu üzrə dissertasiya işi çərçivəsində alınmış elmi nəticələrin müzakirəsinə həsr olunmuş növbəti elmi seminar keçirilib.

Dissertasiya işini təqdim edən institutun baş mütəxəssisi Tamilla Bayramova işin məqsədi, aktuallığı, qarşıya qoyulmuş məsələlər, tədqiqatın obyekti, predmeti və metodları barədə məlumat verib. T.Bayramova qeyd edib ki, kritik sistemlərdə proqram sisteminin imtinası böyük məbləğdə iqtisadi itkilərlə yanaşı, insan tələfatı, ekoloji fəlakət və cəmiyyətdə sosial partlayışlara səbəb ola bilər. Böyük verilənlərin analizi və emalı üçün keyfiyyətsiz proqram kodunun tətbiqi səhv elmi nəticələrin, biznes həllərin və ya digər vacib qərarların qəbul edilməsinə səbəb olaraq, böyük problemlər yarada bilər. Məruzəçinin sözləriə görə, iqlim dəyişikliyi ilə əlaqədar yaşıl proqramlaşdırmaya keçid alqoritmlərin optimallaşdırılmasına, enerjiyə qənaət edən proqramlaşdırma dilləri və infrastrukturun seçilməsinə tələbatı artırır. Proqram sistemlərinin mürəkkəbliyinin artması xəta və imtinaların ehtimalını artırır və etibarlılığı azaldır.

O, proqram sistemlərinin işində xətalar haqqında xəbərdarlıq edən, onların qarşısının alınmasını təmin edən, imtinaların yaranması zamanı proqramın fəaliyyətini davam etdirməyə imkan verən intellektual metod və alqoritmlərin işlənməsinin aktual problemlərdən olduğunu diqqətə çatdırıb.

T.Bayramova  bildirib ki, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”, “Azərbaycan Respublikasında rəqəmsal inkişaf Konsepsiyası” və “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası”nda öz əksini tapmış proqram mühəndisliyi və sistemləri problemlərindən irəli gələn məsələlər dissertasiya işinin aktuallığını şərtləndirir.

Tədqiqatçı dissertasiya işinin məqsədinin proqram sistemlərinin etibarlılığının yüksəldilməsi üçün proqram kodunun mürəkkəbliyinin hesablanması, xətaların aşkar edilməsi, aradan qaldırılması, imtinaların proqnozlaşdırılması, səhvlərə qarşı dayanıqlılığın təmin edilməsi və etibarlılığın qiymətləndirilməsi üçün yeni yanaşmaların, metod və alqoritmlərin işlənməsindən ibarət olduğunu qeyd edib.

Məruzəçi tədqiqat işində qarşıya qoyulmuş proqram sistemlərinin etibarlılığının yüksəldilməsi üçün konseptual modelin, proqram təminatının mürəkkəbliyinin hesablanması və proqram sistemlərində xətalı modulların aşkar edilməsi üçün metodun, proqram sisteminin etibarlılığına təsir edən subyektiv faktorların analizi və onların aradan qaldırılması üçün metodun, proqram sistemlərinin xətalara qarşı dayanıqlığının təmin edilməsi üçün konseptual modelin, proqram sistemində imtinaların proqnozlaşdırılması üçün metodun, o cümldən proqram sistemlərinin etibarlılığının bəzi göstəricilər əsasında proqnozlaşdırılması üçün metod və alqoritmin işlənməsi və s. kimi elmi-nəzəri və praktiki məsələlər haqqında məlumat verib.

T.Bayramova qeyd edib ki, dissertasiya işi çərçivəsində aparılmış tədqiqatların nəticələri 2-si Web of Science, 5-i Scopus elmi bazasında olmaqla, ümumilikdə 10 məqalə, 8 konfrans materialı və 1 kitabda öz əksini tapmışdır.

Sonra dissertasiya işinə dair ətraflı fikir mübadiləsi aparılıb, əldə olunan elmi-nəzəri nəticələrlə bağlı təklif və tövsiyələr səsləndirilib, çoxsaylı suallar cavablandırılıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev çıxış edərək dissertasiya işinin ölkədə proqram mühəndisliyi sahəsində ilk tədqiqat işi kimi böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Akademik R.Əliquliyev mövzunun aktuallığını önə çəkərək proqram sistemlərinin dayanıqlılığı və etibarlılığının yüksəldilməsi istiqamətində əldə olunan nailiyyətləri yüksək qiymətləndirib, tədqiqatların davam etdirilməsinə dair tövsiyələrini səsləndirib. Alim həmçinin Azərbaycanda proqram mühəndisliyinin, proqramlaşdırmanın meydana gəlməsi və təkamülü tarixinin araşdırılmasına dair tədqiqatların aparılmasının vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.