İnstitut əməkdaşlarının məruzələri nüfuzlu beynəlxalq konfransın materiallarında çap olunub

13 Yanvar 2025 - 11:21 | Konfranslar, İclaslar
İnstitut əməkdaşlarının məruzələri nüfuzlu beynəlxalq konfransın materiallarında çap olunub

ETN İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının məruzələri “Ağıllı Mühit və Yaşıl Texnologiyalar” mövzusunda keçirilən beynəlxalq konfransda (International Conference on Smart Environment and Green Technologies – ICSEGT2024) müzakirə olunub.   

Belə ki, konfransda institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev və elmi işçi Məleykə Paşayevanın həmmüəllifi olduqları “Neft və qaz quyularının qazılması zamanı ətraf mühitin çirklənməsinin qarşısını alan qabaqcıl texnologiya” (One advanced technology that prevents environmental pollution when drilling oil and gas wells) adlı məruzə, institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimovun “Ağıllı şəhər mühitində fog computing texnologiyalarının tətbiqi məsələləri” (Application issues of fog computing technology in smart city environment) adlı məruzəsi maraqla qarşılanıb.  

Beynəlxalq tədbirdə, həmçinin institutun baş mütəxəssisi Kəmalə Haşımovanın “Ətraf mühitin rəqəmsal marketinq dəyişiklərinə təsiri: yaşıl marketinq” (Environmental impact on digital marketing changes: green marketing) adlı məruzəsi, o cümlədən baş mütəxəssis Sünbül Zalovanın “Jurnalistikada süni intellekt texnologiyalarının rolu” (The Role of Artificial Intelligence Technologies in Journalism) adlı məruzəsi dinlənilib.

Qeyd edək ki, ICSEGT2024 “ağıllı” ekoloji həllər və qabaqcıl yaşıl texnologiyalara dair müzakirələrin aparılması, alim və mütəxəssislərin səylərinin birləşdirilməsi, eləcə də müvafiq sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi üçün unikal platformadır. Konfransa qəbul olunmuş məqalələr nüfuzlu Springer bazasına daxil olan konfrans materiallarında, eləcə də kitab seriyasında dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.