E-demoqrafiya platformasında fərdlərin klasterləşdirilməsi məsələləri araşdırılır

26 Noyabr 2024 - 10:46 | Konfranslar, İclaslar

ETN İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında “E-demoqrafiya platformasında fərdlərin çoxparametrli klasterləşdirilməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda aparılan araşdırımaların nəticələri müzakirə olunub. 

Mövzuya dair çıxış edən institutun doktorantı Elvin Qurbanov tədqiqat işi çərçivəsində fərdlərin demoqrafik məlumatlarının müxtəlif parametrlər üzrə klasterləşdirilməsi üçün yeni metodların işlənilməsinin nəzərdə tutulduğunu qeyd edib. Bildirib ki, bu yanaşmalar, xüsusən səmərəli idarəetmə qərarlarının qəbul edilməsinə imkan yaradacaq. O, dissertasiya işinin məqsədinin e-demoqrafiya sistemində toplanan fərdi məlumatların çoxparametrli analizi üçün səmərəli model və alqoritmlərin işlənməsindən ibarət olduğunu diqqətə çatdırıb.

Rəqəmsal dövlət anlayışı haqqında məlumat verən məruzəçi onun müasir dövrdə dövlətin fəaliyyətlərinin və xidmətlərinin rəqəmsal texnologiyalar vasitəsilə həyata keçirilməsini ifadə edən bir konsepsiya olduğunu söyləyib. Bildirib ki, bu yanaşma, dövlətin vətəndaşlara göstərdiyi xidmətlərin daha effektiv, şəffaf və əlçatan etməyə yönəlmişdir.

Tədqiqatçı rəqəmsal transformasiyanın dövlət qurumlarında xidmətlərin genişləndirilməsində və e-iştirakın gücləndirilməsində mühüm rol oynadığını bildirib.

Məruzəçinin sözlərinə görə, hökumətlər getdikcə bulud hesablamaları və süni intellekt əsasında verilənlərin idarə olunması kimi innovativ həllərə üstünlük verirlər. Qeyd olunan texnologiyalar sistemin funksionallığını və istifadəçi təcrübəsini təkmilləşdirmək baxımından əhəmiyyətlidir.

Tədqiqatçı yeni dövlət yanaşmaları barədə məlumat verərək, ağıllı, koqnitiv, çevik və adaptiv, eləcə də “qüsursuz” dövlət anlayışlarının izahını verib.

O, qeyd edib ki, e-dövlət sahəsində əldə olunan nailiyyətlərə baxmayaraq, rəqəmsal fərqlilik hələ də mövcuddur və inkişaf etməkdə olan ölkələrdə daha da dərinləşə bilər. E.Qurbanov bu səbəbdən, hökumətlərin uzunmüddətli milli rəqəmsal transformasiya planları hazırlamasının zəruriliyinə toxunub.

Tədqiqatçı demoqrafik tədqiqatlar sahəsində ilkin məlumatların əldə edilməsi mənbələri haqqında da məlumat verib. Bildirib ki, buraya əhalinin siyahıyaalınması, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, miqrasiya məlumatları, ev təsərrüfatı sorğuları, sosial media və rəqəmsal mənbələr aiddir.

O, həmçinin e-demoqrafiyanın konseptual modelini təklif edib, e-demoqrafiya ilə ənənəvi demoqrafiya arasındakı fərqlər, e-demoqrafiyanın əsas üstünlükləri, klasterləşdirmə metodları və bu metodların müqayisəli analizi haqqında məlumatları diqqətə çatdırıb.

Sonra tədqiqatçı seminar iştirakçılarının suallarını cavablandırıb.

Mövzuya dair çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev tədqiqat işinin müasir dövrdə böyük aktuallıq kəsb edən elmi problemlərə həsr olunduğunu qeyd edərək, dissertasiya işi çərçivəsində e-demoqrafiya sisteminin formalaşdırılması, dövlətin ayrı-ayrı qurumlarının, cəmiyyətin təlabatının ödənilməsinə xidmət edən, süni intellekt texnologiyalarına əsaslanan çoxməqsədli intellektual sistemin yaradılmasının önəminə toxunub. Akademik R.Əliquliyev cəmiyyətin idarə olunmasına dəstək verilməsi baxımından müxtəlif sosial sferalarda, bölgələrdə və s. insanların özünün inkişaf səviyyəsinin qiymətləndirilməsi üçün intellektual metodların işlənilməsinə ehtiyac olduğunu vurğulayıb. Baş direktor bu istiqamətdə aparılan tədqiqatların davam etdirilməsini və əldə olunan nəticələrin nüfuzlu jurnallara təqdim olunmasını tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.