Kibertəhlükəsizlikdə süni intellekt texnologiyalarının tətbiqi aspektlərinə dair müzakirələr aparılıb

16 İyul 2024 - 09:54 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunda keçirilən elmi seminarda institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Kibertəhlükəsizlikdə süni intellekt texnologiyalarının tətbiqi aspektləri” mövzusunda məruzə ilə çıxış edib.

O, bildirib ki, ENİSA təşkilatının dərc etdirdiyi hesabata əsasən, müasir rəqəmsal dünyada mürəkkəb təbiətli təhlükəsizlik təhdidlərinin sayı eksponensial olaraq artır. Buraya əsas təhdidlər sırasına fərdi məlumatların məxfiliyinin itməsi, təkmilləşdirilmiş dezinformasiya kampaniyaları, təkmilləşdirilmiş qalıcı hücumlar və s. aiddir. Hesabatda həm də süni intellektdən sui-istifadə edən hücumların sayının kəskin artaraq 2030-cu ilə qədər daha yüksək həddə çatacağı ilə bağlı proqnozlar yer almışdır.

Dos. F.Abdullayevanın sözlərinə görə, bu hücumların ənənəvi üsullarla aşkarlanması mümkün olmadığı üçün onların aşkarlanması süni intellekt texnologiyalarına əsaslanmalıdır. Burada süni intellektin zərərli məqsədlər üçün istifadə edilməsinin qarşısı almaq, kibertəhlükəsizlikdə istifadə edilməsinə nail olmaq vacib məsələlərdəndir.

Məruzəçi diqqətə çatdırıb ki, süni intellektin kibertəhlükəsizliyə transformasiyalarına təhdidlərin aşkarlanması və qarşısının alınması, kibertəhlükəsizlik analitikası, kibertəhlükəsizliyin avtomatlaşdırılması və s. aid edilə bilər.

O, süni intellekt əsaslı metodların effektivliyinin yoxlanması üçün test mühiti, boşluqların tapılması üçün süni intellekt əsaslı nüfuzetmə testlərinin yaradılması, informasiya axınının məxfiliyinin və konfidensiallığının qorunması üçün standartlaşdırılmış yanaşmaların işlənməsi, süni intellekt və kibertəhlükəsizlik təhdidləri üçün observatoriyanın yaradılmasının zəruriliyini vurğulayıb. Süni intellekt konsepsiyalarının kibertəhlükəsizlikdə tətbiqi problemlərindən danışıb.

“Kibertəhlükəsizlikdə süni intellektin tətbiqi aspektləri dedikdə, burada biz süni intellektin kibertəhlükəsizlikdə nə üçün lazım olduğu sualına cavab axtarmalıyıq. Sürət və miqyaslaşma, fasiləsiz öyrənmə və adaptasiya, təkmilləşdirilmiş aşkarlanma və aşkarlama dəqiqliyi, təhlükəsizlik mexanizmlərindən yan keçmək, yanlış müsbət aşkarlanma hallarının azaldılması süni intellektin kibertəhlükəsizlikdə tətbiqi aspektləridir”, – deyə məruzəçi bildirib.

Tədqiqatçı sonda mətn tipli verilənlərin analizi və emalı üsulları haqqında məlumat verərək, fişinq məktublarının aşkarlanması alqoritmini nümayiş etdirib.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev məruzə ilə bağlı fikirlərini bölüşərək kibertəhlükəsizlikdə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı aparılan araşdırmaların aktuallığından danışıb, tədqiqatların davam etdirilməsi ilə bağlı təklif və tövsiyələrini irəli sürüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.