Kiber-fiziki sistemlər müasir sensor, hesablama və şəbəkə texnologiyalarından istifadə edərək kiber və fiziki komponentləri effektiv şəkildə birləşdirən sistemlərdir. Bu sistemlər “ağıllı” istehsal, tibb, infrastruktur və avtomobillər, o cümlədən mobil sistemlər, müdafiə sistemləri, hava müşahidə sistemləri və.s sahələrin inkişafı üçün əsas rolunu oynayır.
Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun “Sənaye 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi problemləri” üzrə elmi tədqiqatlar aparan struktur bölməsinin elmi seminarında şöbənin əməkdaşı Nəzrin Rzayeva məlumat verib.
N. Rzayeva “Kiber-fiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyinin təmin olunması problemləri” mövzusunda məruzəsində kiber-fiziki sistemlərdə rast gəlinən hücumlardan bəhs edib. O, kiber-fiziki sistemlərin şəxsiyyətin dəyişdirilməsi, verilənlərin modifikasiyası, məlumatların açıqlanması, xidmətdən imtina kimi təsnifatları olduğunu diqqətə çatdırıb. Məruzəçi bu sistemlərdə fərdi məlumatların qorunması üçün məlumatların şifrələnməsi, girişə nəzarət, kod qarşılığı, keşləmə kimi yanaşmaların mövcud olduğunu söyləyib.
O, şəxsi məlumatların məxfiliyinin qorunması üsullarını təqdim edib, həmçinin tibbi kiber-fiziki sistemlərdə rast gəlinən bir sıra məxfilik problemlərindən danışıb. Bildirib ki, texnoloji tərəqqi və simsiz rabitə xərclərinin azalması kiber-fiziki sistem cihazları istənilən məsafədən sorğular üçün əlçatan edir. Bu isə yeni xidmətlər üçün böyük imkanlar yaratmasına baxmayaraq, şəxsi məlumatların qorunması ilə bağlı problemlərə səbəb olur.
Məruzəçinin sözlərinə görə, tibbi kiber-fiziki sistemlər şəxsi sağlamlıq məlumatları, diaqnostik qeydlər və müalicə tarixçələri daxil olmaqla, pasiyentlərin bir çox məlumatlarını toplayır. O, qeyd edib ki, zəif şifrələmə, qeyri-adekvat giriş nəzarəti və sistem komponentlərindəki çatışmazlıqlar pasiyentin məxfiliyini təhlükə altına atan amillərdəndir: “Girişə ciddi nəzarət rejiminin tətbiqi, istifadəçilərin fəaliyyətinin monitorinqi və müntəzəm auditlərin aparılması daxili təhdidləri azaltmaq üçün vacibdir”.
Tədqiqatçı məxfiliyin qorunması üçün həllər haqqında məlumat verərək, icazəsiz girişin qarşısını almaq üçün cihazlarda saxlanılan, şəbəkələr arasında ötürülən və bir-birinə bağlı sistemlər arasında mübadilə edilən məlumatları əhatə edən şifrələmənin tətbiq olunduğunu vurğulayıb.
N.Rzayeva çıxışının sonunda şifrələmə, girişə nəzarət və anonimləşdirmə yolu ilə məxfiliyin qorunmasına yönəlmiş tədbirlər həyata keçirilməklə məxfilik risklərini azaltmaq, istifadəçilərin məxfilik və təhlükəsizliklərini itirmədən “ağıllı” ev mühitlərinin üstünlüklərindən istifadə etməsinə şərait yaratmaq mümkündür.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.