İnformasiya Texnologiyaları İnstitutu nəzdində ED 1.35 dissertasiya şurasının iclası keçirildi.
İclasın sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev çıxış edərək, tədbirin institutun doktorantı Tuncay Həbibbəylinin texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Yerüstü monitorinqi icra edən kvadrokopterlərin hibrid idarəetmə sistemlərinin layihələndirilməsi üsullarının işlənməsi” mövzusunda dissertasiya işinin müdafiəsinə həsr olunduğunu söylədi.
Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva iddiaçı T.Həbibbəylinin şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdi.
Sonra T.Həbibbəyli dissertasiya işini təqdim edərək, tədqiqatın məqsədinin helikopter tipli pilotsuz uçuş aparatları, əsasən kvadrokopterlərlə yer səthinin monitorinqi üçün hibrid idarəetmə sistemlərinin layihələndirilməsi üsullarının işlənib hazırlanması olduğunu bildirdi.
Mövzunun aktuallığını diqqətə çatdıran məruzəçi qeyd etdi ki, kvadrokopterlər üçün hibrid idarəetmə sistemlərinin layihələndirilməsi üsullarının işlənilməsi mürəkkəb mühitdə müxtəlif maneələr ətrafında və planlaşdırılmış marşrut üzrə uçmağa imkan verən avtonom uçuş idarəetmə sisteminin yaradılması; yerüstü dağlıq və meşə landşaftı olan regionlarda avtonom uçuşun həyata keçirilməsi; infrastruktur layihələrinin, kənd təsərrüfatı sahələrinin izlənilməsi, xəritəçəkmə, ətraf mühitin öyrənilməsi; pilotsuz uçuş aparatlarının mülki missiyalar, xilasetmə əməliyyatları və pilotlu uçuşun təhlükəli olduğu hallarda tətbiq edilməsi baxımından olduqca zəruridir.
İddiaçı elmi-tədqiqat işinə dair 4-ü “Web of Science” və “Scopus” elmi bazalarında indeksləşən jurnallarda olmaqla, ümumilikdə 5 məqalənin və 3 beynəlxalq konfrans materialının nəşr olunduğunu söylədi.
T.Həbibbəylinin sözlərinə görə, dissertasiya işi çərçivəsində MATLAB proqram mühitində obyekt yönümlü sistem modelləşdirmə vasitələrindən istifadə etməklə kvadrokopter prototipinin yaradılması üçün çoxmərhələli prosedur konsepsiyası hazırlanmış, qeyri-səlis çıxarış sisteminin istifadəsi əsasında stasionar maneələrlə yerüstü monitorinq şəraitində marşrutun izlənməsi üçün alqoritm işlənmişdir.
Tədqiqatçı, həmçinin mürəkkəb mühitdə maneələri dəf etmək üçün manevr alqoritmi və üçlaylı “feedforward” neyron şəbəkəsinin istifadəsinə əsaslanan kvadrokopter üçün marşrut izləmə alqoritmi, “ağıllı” və “instinktiv” neyron altşəbəkələrindən ibarət konnektsionist iyerarxik strukturlaşdırılmış neyron şəbəkəsi modelinin istifadəsini nəzərdə tutan çoxrejimli sabitləşdirmə alqoritminə əsaslanan kvadrokopterin hərəkəti ilə idarəetmə sistemi, eləcə də mürəkkəb mühitdə maneələri dəf etmək üçün manevr alqoritmi və intellektual hibrid (neuro-fuzzy) adaptiv kontrollerlərin istifadəsinə əsaslanan yerüstü monitorinq şəraitində marşrut izləmə alqoritminin işləndiyini nəzərə çatdırdı.
İddiaçının məruzəsindən sonra dissertasiya işinə dair təyin olunan rəsmi opponentlər – texnika elmləri doktoru Yadigar İmamverdiyev, texnika elmləri doktoru Lalə Zeynalova və texnika üzrə fəlsəfə doktoru Xanmurad Abdullayev öz çıxışlarında dissertasiya işinin əhəmiyyətini önə çəkdilər. Əldə olunan elmi yeniliklərin tamamilə orijinal olduğunu, kompleks məsələlərin uğurla həll edildiyini vurğulayaraq iddiaçının “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almağa layiq olduğunu söylədilər, eləcə də irad və tövsiyələrini nəzərə çatdırdılar.
İddiaçı irad, rəy və təkliflərə öz münasibətini bildirdi.
Daha sonra F.Abdullayeva dissertasiya işi və avtoreferata dair daxil olmuş rəylər haqqında məlumat verdi, qeyd olunan iradları diqqətə çatdırdı.
Dissertasiya işinə dair təyin olunmuş elmi rəhbər – texnika elmləri doktoru, professor Ramin Rzayev çıxış edərək, iddiaçının yerinə yetirdiyi tədqiqatın tamamlanmış iş olduğunu, elmi yeniliyə malik olduğunu bildirdi. Elmi rəhbər dissertasiya işində hibrid sistemin yaradılması istiqamətində əsaslı tədqiqatların aparıldığını, işdə mürəkkəb strukturlaşmış, iki neyron şəbəkədən ibarət idarəetmə sisteminin və onun məntiqi bazası əsasında qeyri-səlis çıxarış sisteminin icra olunduğunu bildirdi. Alim tədqiqat işinin yüksək səviyyədə yerinə yetirildiyini, AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq ixtisas üzrə fəlsəfə doktorluğu dissertasiyalarına irəli sürdüyü tələblərə tam cavab verdiyini söylədi.
T.Həbibbəyli AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika elmləri doktoru, professor Ələkbər Əliyev, texnika elmləri doktoru, professor Nadir Ağayev, texnika elmləri doktoru, professor Mütəllim Mütəllimov, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov və texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın ona ünvanladığı sualları cavablandırdı.
Daha sonra dissertasiya işi ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı. Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika elmləri doktoru, professor İqbal Babayev, texnika elmləri doktoru, professor Ələkbər Əliyev, iqtisad elmləri doktoru, dosent Əlövsət Əliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov işi yüksək qiymətləndirərək əsaslı tədqiqatların aparıldığını, qarşıya qoyulmuş aktual məsələlərin həll olunduğunu və elmi yeniliklərin əldə edildiyini, dissertasiya işinin həm nəzəri, həm də praktiki baxımdan maraq doğurduğunu qeyd etdilər.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək mövzunun aktuallığından danışdı. Alim texnoloji inkişafa nail olunması, kibertəhlükəsizliyin təmin edilməsi və süni intellektlə bağlı prioritetlərin həyata keçirilməsi məqsədilə ölkəmizdə intellektual mühitin formalaşdırılmasına, yüksək ixtisaslı kadrların yetişdirilməsinə böyük önəm verildiyini vurğuladı.
Akademik Rasim Əliquliyev dissertasiya işini pilotsuz uçuş aparatları üzrə ilk milli intellektual məhsul kimi qiymətləndirdi, tədqiqat işinin kvadrokopter sisteminin işinin idarə olunmasının ümumi-nəzəri əsaslarının inkişafına əhəmiyyətli töhfə olduğunu vurğuladı.
Akademik R.Əliquliyev tədqiqat işi çərçivəsində alınan nəticələrin müxtəlif şəraitlərdə intellektual xüsusiyyətlərə malik olan avtonom pilotsuz uçuş aparatlarının idarəetmə sistemlərinin səmərəliliyinin artırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini söylədi. T.Həbibbəyliyə gələcək tədqiqatları ilə bağlı təklif və tövsiyələrini verdi.
İddiaçının yekun sözləri dinlənildikdən sonra AAK-ın rəsmi saytında “Şəxsi kabinet”ə daxil olmaqla gizli elektron səsvermə keçirildi.
Səsvermənin nəticələrinə əsasən, T.Həbibbəyliyə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.