Bu gün rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

06 Dekabr 2023 - 11:00 | Mühüm hadisələr
Bu gün rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

Bu gün Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır.

AZƏRTAC xəbər verir ki, rabitə informasiya texnologiyaları sahəsinin işçiləri üçün böyük önəm kəsb edən bu peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq qeyd olunur.

Ölkəmizdə rabitənin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər bu sahəyə də xüsusi diqqət və qayğı göstərirdi, rabitə və informasiya-kommunikasiya texnologiyaları kompleksinin müasir tələblər səviyyəsinə çatdırılması üçün genişmiqyaslı islahatlar həyata keçirirdi. Ölkə iqtisadiyyatında ilk xarici investisiyaların məhz telekommunikasiya sahəsinə qoyulması da Heydər Əliyevin uğurlu strategiyasının nəticəsi idi.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəqəmsal iqtisadiyyatın qurulmasına yönələn siyasəti Azərbaycanı bu sahədə rolunun genişləndiyi, modern telekommunikasiya infrastrukturunun qurulduğu bir ölkəyə çevirib. Bunun nəticəsidir ki, Azərbaycanda İnformasiya və rabitə sektorunda çalışan işçilərin sayı 32 min nəfəri ötüb.

Azərbaycan Prezidenti İKT sektorunun, elektron hökümət və rəqəmsal iqtisadiyyatın inkişafını ölkəmizdə prioritet sahə elan edib. Azərbaycanda bu sahənin inkişafı ilə bağlı milli strategiyalar, strateji yol xəritələri, dövlət proqramları, qanunvericilik aktları qəbul olunub. Ölkəmizdə vətəndaşlar İKT vasitələri ilə, eləcə də yüksəksürətli internet, kompüter, mobil telefonlar və digər rabitə avadanlıqlarla təmin edilir.

Son 20 ildə informasiya və rabitə sahəsində 10 dəfədən çox artıma nail olunub, bütün sahələrdə müasir texnologiyaların tətbiqi sürətləndirilib.

Ölkəmizdə telekommunikasiya infrastrukturunun yenilənməsi layihəsi həyata keçirilib, bütün istiqamətlərdə müasir texnologiyaların tətbiqinə nail olunub. Əhalinin elektron dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb.

Belə ki, bu il iyulun 27-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) yeni elektron hökumət “Super Portal”ının konsepsiyasını təqdim edib. Agentlik “e-Gov”, “MyGov” və “rih.gov.az” əsasında yeni, vahid bir elektron hökumət portal - “Super Portal” və mobil versiyası (Rəqəmsal cüzdan) təklif edir. Resurs tam rəqəmsal olacaq. İlkin mərhələdə 10 sənədin (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, nikah şəhadətnaməsi, diplomlar və s.) tam rəqəmsal sənədə keçirilməsi nəzərdə tutulub. Bu, data əsaslı xidmət olacaq. “Super Portal”da dövlətin bütün elektron xidmətlərinin olması nəzərdə tutulur.

Ölkəmizdə aparılan islahatlar nəticəsində əhalinin rəqəmsal bacarıqları da artırılıb. Bu istiqamətdə ölkənin bütün regionlarında təlimlər, təqaüd proqramları təşkil edilib. Oktyabrda İRİA həyata keçirdiyi “Technest” təqaüd proqramının ölkə üzrə artıq üçüncü qeydiyyat mərhələsi elan edilib. Bu proqram çərçivəsində Bakı və bir sıra regionlar da daxil olmaqla, ölkə üzrə 1800 nəfərə təqaüd verilməsi nəzərdə tutulur. “Technest” 2021-ci ildə 618, 2022-ci ildə 1500-dən çox insanı İKT təhsili üzrə təqaüdlə təmin edib. 2023-cü ildə təlimə qoşulan tələbə sayı 2120-dir. Bununla yanaşı, proqram çərçivəsində 26 region üzrə 737 nəfərə təqaüd verilib. Məktəbliləri çıxmaqla “Technest” məzunlarının məşğulluq səviyyəsi hazırda 90 faizdən yuxarıdır.

Həmçinin Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi üçün elektron hökumət ödəniş sistemi – “E-gov Pay” yaradılıb və istifadəyə verilib. Belə ki, Azərbaycanda nağdsız ödənişlərin məbləği bu ilin oktyabrında 2,2 dəfə artıb. 2023-ci ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 5017 milyon manat təşkil edib. Ölkədə internetdən istifadə və bilavasitə elektron ticarətin həcmi dəfələrlə yüksəlib. Belə ki, həyata keçirilən nağdsız ödənişlərin 4107 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 902 milyon manatı POS-terminallar, 8 milyon manatı isə özünə xidmət terminallarının vasitəsilə gerçəkləşdirilib.

Artıq 40-dan çox dövlət qurumunun 350-dən artıq xidməti “Elektron hökumət” portalında vətəndaşlara təqdim olunub. Elektron xidmətlərə artan tələbat fonunda e-imzanın istifadəsi təkmilləşdirilərək “elektron imza” tokenləri yaradılıb.

Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirmək və onlayn xidmətlərdən istifadəni təşviq etmək məqsədilə SİMA adı altında bulud əsaslı yeni nəsil rəqəmsal imza istifadəyə verilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin hazırladığı “SİMA İmza” mobil tətbiqinin istifadəçi sayı 500 mini ötüb. Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirən “SİMA İmza” artıq ekosistemdə həm istifadəçilər, həm də xidmət təqdim edənlər üçün yeni qaydalar, yeni tələblər formalaşdırır. Biometrik həllərə, bulud texnologiyasına və süni intellektə əsaslanan, hüquqi olaraq əl imzasına bərabər olan “SİMA İmza” ilə hazırda 30-dək qurum öz xidmətlərini rəqəmsallaşdırıb. SİMA rəqəmsal imza ilə 80-dən çox dövlət elektron portalına giriş təmin edilib. Müxtəlif sahələr üzrə fəaliyyət göstərən 100-dən çox qurumla SİMA yeni nəsil rəqəmsal imzanın inteqrasiyası davam etdirilir.

Həmçinin Mərkəzləşdirilmiş İT resurs funksiyasını yerinə yetirən Regional Data Mərkəzi istifadəyə verilib. “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buluduna Keçid Planı”nın icrası üzrə 100 dövlət qurumu Cənubi Qafqaz regionunda ilk TIER III səviyyəli mövcud Data Mərkəzindən istifadə edir.

Bütün infrastrukturu ilə “elektron hökumət” sistemləri 2018-ci ildən etibarən Data Mərkəzinə köçürülür, dövlət əhəmiyyətli sistemlər kiberməkanda mühafizə olunur və xidmətlər rəqəmsallaşdırılır. 2018-ci ildən etibarən Azərbaycan Respublikası vətəndaşlarına verilməsinə başlanılıb, yeni nəsil şəxsiyyət vəsiqələrində e-ID tətbiq edilib.

İşğaldan azad edilmiş ərazilərə “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyaları nəzərə alınmaqla əhalinin dayanıqlı məskunlaşması təmin olunur. Bu layihələrin uğurla reallaşdırılması üçün 2021-ci ildə dövlət başçısı “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb və ölkəmizdə həmin texnologiyaların tətbiqi üçün hüquqi zəmin yaradılıb.

2021-ci il aprelin 19-da Azərbaycan Prezidenti “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Sərəncam imzalayıb. Burada əsas məqsəd ucqar ərazilərində davamlı inkişafın təmin edilməsidir.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bu gün planlı şəkildə, “yaşıl enerji”, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulur. Dövlət artıq bu istiqamətdə konkret addımlar atır, nəhəng quruculuq və yenidənqurma işləri həyata keçirilir.

2022-ci il mayın 27-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışı keçirilib. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub, “ağıllı kənd” konsepsiyasının hər üç komponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb.

Ölkə ərazisində fəaliyyət göstərən internet provayderlərinin sayı 150-ni ötüb. Əhalinin 88 faizi internet, eyni zamanda genişzolaqlı internet istifadəçisidir. Ölkə əhalisinin mobil şəbəkə ilə əhatə faizi 100 faiz, 3G şəbəkəsi üzrə əhatə 99.8 faiz, 4G şəbəkəsi üzrə əhatə 94 faiz təşkil edir.

Hər 100 nəfərə düşən aktiv mobil genişzolaqlı internet abunəçilərinin sayı 80 faizdən çoxdur. Yüksəksürətli internet şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə “Onlayn Azərbaycan” layihəsinə başlanılıb. Artıq ev təsərrüfatlarının 50 faizdən çoxunun yüksəksürətli internet xidmətlərinə çıxışı təmin edilib.

İşğaldan azad olunmuş ərazilərdə mobil infrastruktur, fiber-optik kabel şəbəkəsi, müasir standartlara cavab verən telekommunikasiya qovşaqları yaradılıb, televiziya və radio proqramlarının yerüstü yayımı həyata keçirilir. Bu istiqamətdə işlər davam etdirilir.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin ümumi və baş planlarına, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı”na uyğun olaraq, ilkin mərhələdə işğaldan azad olunmuş bütün ərazilərə 1000 km magistral fiber-optik kabel və ya onun alternativi olan xətlərin layihələndirilməsi və çəkilməsi hədəflənib.

Startap ekosistemi daha da inkişaf etdirilib, innovativ ideyalara, intellektual sahibkarlıq subyektlərinə və startapçılara dəstək göstərilib.

“Startap” şəhadətnaməsi almaq üçün mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər. Bu günədək 123 sahibkarlıq subyektinə Startap şəhadətnaməsi verilib. Startap şəhadətnaməsi alanlar qanunvericiliyə görə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.

İKT sektoruna xarici investorların cəlb edilməsi və potensial xarici investorlarla yerli İT şirkətləri arasında əlaqələrin qurulması məqsədilə “İT investorlar klubu” və yerli vençur fondu yaradılıb. Ötən il Azərbaycanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holdinq” Şirkətlər Qrupu və fərdi investorların iştirakı ilə innovasiya ekosisteminin inkişafı üçün böyük əhəmiyyət kəsb edən “Caucasus Ventures” vençur fondu yaradılıb. “Caucasus Ventures” 5 il ərzində Azərbaycan, Gürcüstan, Türkiyə, Orta Asiya və Şərqi Avropa ölkələrindən olan startaplara sərmayə yatıracaq. Ölkəmizdə ikinci vençur kapital fondu yaradılması istiqamətində Azərbaycan hökuməti ilə işlər aparılır.

Azərbaycanın telekommunikasiya peyklərinin orbitə buraxılması, ölkəmizdə kosmik sənayenin formalaşdırılması dövlət başçısının güclü siyasi iradəsindən, uzagörənliyindən və yüksək iqtisadi potensialdan xəbər verir. Bununla, ilk növbədə, Azərbaycan özünün telekommunikasiya xidmətlərinə dair ehtiyaclarını ödəyir, informasiya məkanının suverenliyini, təhlükəsizliyini daha etibarlı şəkildə qoruya bilir. Eyni zamanda, süni peyklərin xidmətlərindən istifadə etməklə bir sıra iqtisadi məsələlərin effektli həlli üçün əvəzsiz imkanlar əldə edir.

Cənubi Qafqazda ilk dəfə 2004-cü ildə Bakıda televiziyanın rəqəmsal sınaq yayımına başlanılıb və 2016-cı ildən Azərbaycanda rəqəmsal yayıma keçid edilib. Hazırda ölkədə əhali yaşayan ərazilərin 99,8 faizi sosial rəqəmsal televiziya yayımı ilə əhatə olunur və bu proqramlar paytaxtda SD ilə yanaşı, HD formatında da yayımlanır. 2019-cu ildən paytaxtda rəqəmsal radio yayımına (12 radio proqram) başlanılıb.

2022-ci ildən yerli televiziya proqramlarının peykdən HD formatında yayımı təmin olunur. 2022-ci il 26-29 mayda təxminən 300 min insanın ziyarət etdiyi “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirilib.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti və diqqəti nəticəsində 2013-cü ildə “Azerspace-1”, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peykləri orbitə buraxılıb. Müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi sahələrdə geniş şəkildə tətbiq edilən “Azersky” Yerin müşahidə peyki 2014-cü ildə orbitə buraxılıb.

Bu il Azərbaycanın paytaxtı Bakı oktyabrın 2-dən etibarən beş gün ərzində daha bir mötəbər tədbirə - 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi. Bakının 50 ildən sonra Astronavtika Konqresinə yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıdığı xüsusi vurğulanmalıdır. Belə ki, Azərbaycanın ilk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresi 50 il sonra yenidən paytaxtımızda baş tutdu. Bu dəfə ölkəmiz Konqresə müstəqil dövlət kimi ev sahibliyi etdi. Bu, Azərbaycanın müasir texnologiyalar, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində qazandığı mühüm nailiyyətlərə beynəlxalq səviyyədə göstərilən yüksək diqqət və hörmətin parlaq göstəricisidir.

Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi həm də ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik ictimaiyyət və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası (IAF) ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində misilsiz imkanlar yaratdı. Konqresə 132 ölkədən 5404 nümayəndə qatılıb. Bakı Konqresinə ümumilikdə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub. Konqresə Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı da rekord həcmdə olub – 214. Ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çindən sonra ilk beşlikdə yer alıb. Bakı Konqresi əldə edilmiş sponsorluq paketlərinin sayına görə rekord göstərici qazanıb, 22 şirkət tədbirə sponsorluq paketi alıb.

Bakı Konqresində bütün dünyadan, o cümlədən Azərbaycandan olan elm adamları və gənclər kosmosun imkanlarına həsr olunmuş 190 texniki sessiyada və digər tədbirlərdə iştirak edib.

“Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” uğurla icra edilib.

Bu il avqustun 28-də Prezidentin Sərəncamı ilə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” təsdiq edilib.

Bu strategiya dövlətin, cəmiyyətin və insanların müasir İKT-dən təhlükəsiz istifadəsinin təmin edilməsi üçün milli informasiya təhlükəsizliyi səviyyəsinin yüksəldilməsinə, dövlət və özəl sektorda fəaliyyət göstərən informasiya infrastrukturunun, o cümlədən kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunmasına aid tədbirlərin müəyyənləşdirilməsinin və həyata keçirilməsinin təşkilinə, həmçinin fərdi məlumatların mühafizəsinə, eləcə də Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş insan hüquq və azadlıqlarına riayət edilməsinə daha əlverişli şəraitin yaradılmasına xidmət edir. Strategiyanın qəbul olunmasını şərtləndirən amillərə həm də son zamanlar Azərbaycanın informasiya məkanına, o cümlədən onun tərkib hissələrinə qarşı texnoloji cəhətdən çoxşaxəli hücumların genişlənməsi da daxildir.

Ümumilikdə, son illər ərzində kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı istiqamətində aparılmış əməli fəaliyyət ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin ciddi şəkildə yaxşılaşdırılması ilə nəticələnib. Belə ki, Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının tərtib etdiyi “Qlobal kibertəhlükəsizlik indeksi 2020” (Global Cybersecurity Index, GCI) reytinqində mövqeyini 15 pillə yaxşılaşdıraraq, 194 ölkə arasında 89,31 xal ilə 40-cı yerdə qərarlaşıb. Bu əməli fəaliyyətin strategiya ilə möhkəmləndirilməsinin qlobal kibertəhlükəsizlik reytinqlərində ölkəmizin mövqeyini daha da gücləndirəcəyi danılmazdır.

Tərkibində “bulud” xidmətlərinin inkişafı, “ransomware” hücumlarına qarşı intensiv maarifləndirmə, “insayder” təhdidlərinin artması, kibertəhdidlərlə mübarizə aparılması üçün “çoxfaktorlu autentifikasiya” metodlarından geniş istifadə zərurəti kimi aktual və son dərəcədə vacib məsələlərə toxunulması Strategiyanın ölkənin inkişafındakı və həyatımızdakı önəmini bir daha sərgiləyir.

Strategiyada işğaldan azad olunmuş ərazilərdə müasir informasiya texnologiyalarına əsaslanan infrastrukturun yaradılması, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının reallaşması regional sabitliyin və inkişafın əsas şərtləri kimi qeyd olunaraq bu sahə üzrə “big data”, “cloud”, “machine learning” texnologiyaları əsasında yaradılmış müvafiq həllərin tətbiqinin vacibliyi də vurğulanıb.

2023-2027-ci illəri əhatə edən strategiyada nəzərdə tutulmuş tədbirlərin icraçıları qismində 23 müxtəlif orqan (qurum) müəyyən olunub. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclasında İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair strategiyanın icrası ilə bağlı portal yaradılacağı ilə bağlı qərar qəbul edilib.

Əsası ötən əsrin ortalarında qoyulan və son zamanların ən çox investisiya qoyulan və maraq doğuran sahələrindən olan süni intellekt ölkəmizdə demək olar müvafiq sahələrdə uğurla tətbiq olunur və inkişaf etdirilir. Son zamanlar aktuallaşan süni intellekt əsaslı həllərin əhəmiyyətini, onların müxtəlif sektorların inkişafına verə biləcəyi töhfələrini nəzərə alaraq, Azərbaycanda “Süni İntellekt Alyansı” yaradılır. Bununla əlaqədar noyabrın 7-də Bakıda Mərkəzi Bankla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında müvafiq Anlaşma Memorandumu imzalanıb.

Memorandumun imzalanmasında başlıca məqsəd ölkəmizdə süni intellekt sahəsində layihələrin, təşəbbüslərin və ideyaların dəstəklənməsi, o cümlədən maliyyə bazarlarında birgə layihələrin həyata keçirilməsi, süni intellekt sahəsində bacarıqların, texnologiyaların, ekosistemin, infrastrukturun və idarəetmə mexanizmlərinin formalaşdırılması üzrə tədbirlərin görülməsinin təşkili, bununla da Azərbaycanın süni intellekt sahəsində regional liderə çevirilməsidir.

Azərbaycanda rabitə və rəqəmsal inkişaf sektorunun hazırkı sürətli inkişafı Ümummilli Liderin kursunu davam etdirən Prezident İlham Əliyevin şəxsi diqqəti və qayğısı nəticəsində əldə olunub.

Bu gün hər bir rabitəçi ölkəmizdə yüksək texnologiyalar sahəsinin inkişafı üçün çalışır. Onlara bu fəaliyyətlərində uğurlar arzulayırıq!