İnformasiya Texnologiyaları İnstitutunda 5 və 9 saylı şöbələrin “Əşyaların İnterneti sistemlərinə kiberhücumlar və onların təsnifatı” mövzusuna həsr edilmiş birgə elmi seminarı keçirilib.
Məruzəni 9 saylı şöbənin doktorantı Xanım Paşayeva təqdim edərək, Əşyaların İnterneti sistemlərinə edilən kiber hücumların növləri, bu sistemlərə edilən botnet hücumları, Əşyaların İnterneti kontekstində zərərli proqram (malware) hücumları, mikroproqram, proqram boşluqları və s. haqqında ətraflı məlumat verib.
Əşyaların İnterneti sistemlərində kibertəhlükəsizliklə əlaqədar mövcud problemlərdən bəhs edən məruzəçi bu zaman bir-biri ilə əlaqəli qurğuların yayılması, standartlaşdırılmış təhlükəsizlik təcrübələrinin olmaması, qeyri-adekvat qurğuların idarəedilməsi, zəif autentifikasiya və avtorizasiya, məlumatların məxfiliyi və qorunması, qarşılıqlı işləmə problemləri, hücumların paylanmış təbiəti ilə bağlı çatışmazlıqlara rast gəlindiyini bildirib, onların həll yollarını qeyd edib. O, əlavə edib ki, daha güclü təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, standartların yaradılması, təkmilləşdirilmiş qurğu idarəetməsi, istifadəçilərin maarifləndirilməsi və məlumatlandırılması ilə bu kimi problemlərin qarşısını almaq mümkündür.
X.Paşayevanın sözlərinə görə, Əşyaların İnterneti sistemlərinə edilə kiberhücumların xidmətdən imtina (DoS), Botnet, “Man-in-the-Middle” hücumları, mikroproqram və proqram təminatının istismarı, fiziki hücumlar, məlumatların pozulması və məlumat sızması, sosial mühəndislik hücumları kimi növlərinə rast gəlinir. Məruzəçi bu kiberhücum növlərinin hər birinin xarakterik xüsusiyyətləri haqqında məlumat verib.
O, həmçinin Əşyaların İnterneti sistemləri ilə bağlı yaranmaqda olan təhlükələr və gələcək tendensiyalar barədə danışıb, bu istiqamətdə süni intellektlə işləyən hücumlar, təchizat zənciri hücumları, 5G şəbəkə boşluqları, blokçeyn istismarı, kvant hesablama təhdidlərini diqqətə çatdırıb.
Tədqiqatçı bildirib ki, maraqlı tərəflər əməkdaşlıq etməklə sənaye standartlarını yarada, bilikləri paylaşa, ən müsbət təcrübələri təşviq edə və effektiv təhlükəsizlik tədbirləri hazırlaya bilərlər: “Bu əməkdaşlıq yanaşması Əşyaların İnterneti təhlükəsizlik təhdidlərinin dinamik xarakterini həll etmək, həssas məlumatların qorunmasını təmin etmək və Əşyaların İnterneti ekosisteminə inam yaratmaq üçün vacibdir.
Məruzəçi çıxışının sonunda qeyd edib ki, yalnız birgə səylər sayəsində istifadəçi məxfiliyini və məlumatlarını qoruyarkən Əşyaların İnterneti texnologiyasının tam potensialını təmin edən təhlükəsiz və davamlı Əşyaların İnterneti mənzərəsini yaratmaq mümkündür.
Mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev müvafiq istiqamətdə aparılan tədqiqatların daha da dərinləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib, nüfuzlu elmi bazalarda indeksləşən jurnallarda yeni məqalələrin dərc olunmasının zəruriliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.