İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin “Kiber-fiziki sistemlərin sensorlar şəbəkələrinin təhlükəsizlik problemləri” mövzusuna həsr olunmuş elmi seminarı keçirilib.
Şöbənin əməkdaşı Nəzrin Rzayeva məruzəni təqdim edərək, kiber-fiziki sistemlər (KFS), onların sensor şəbəkələri, simsiz sensor şəbəkələrində kibertəhlükəsizlik problemləri və sensorlarda təhlükəsizlik mexanizmləri haqqında məlumat verib.
Məruzəçi bildirib ki, KFS müasir sensor, hesablama və şəbəkə texnologiyalarından istifadə edərək kiber və fiziki komponentləri effektiv şəkildə inteqrasiya edə bilən sistemdir. O, sensor, emal, idarəetmə və kommunikasiya imkanları olan aparat, proqram təminatı və sensorlarla təchiz edilmişdir. KFS süni intellekt, Əşyaların İnterneti, intellektual xidmətlər və proqramlar, informasiya təhlükəsizliyi, bulud hesablamaları və sosial şəbəkələrlə əlaqəlidir.
N.Rzayeva sensor şəbəkələrinin fiziki və kiber dünyaları birləşdirən kiber-fiziki sistemlərin əsas komponenti olduğunu söyləyib. Onun sözlərinə görə, sensor şəbəkələri sensorların fiziki və ya virtual mühitlərdəki sensorlara birləşdirilməsi və məlumatların toplanması üçün təşkil edilən bir şəbəkədir. Bunlar səs, işıq, temperatur, hava təzyiqi və s. üçün nəzərdə tutulan fərqli sensorlar ola bilər. Sensor şəbəkələri bu sensorlardan gələn məlumatları toplayır, təhlil edir və istifadə üçün qovşaqlara ötürür. Bu məlumatlar daha sonra monitorinq, idarəetmə və ya analiz kimi müxtəlif məqsədlərlə istifadə edilə bilər. Hazırda sensor texnologiyalarının və simsiz şəbəkələrin inkişafı mürəkkəb fiziki proseslərin idarə edilməsini, monitorinqini və nəzarətini təmin edə bilən daha səmərəli və çevik sistemlər yaratmağa imkan verir.
Tədqiqatçı fiziki və ətraf mühit məlumatlarını toplamaq qabiliyyətinə malik “ağıllı” sensor qovşaqları və simsiz rabitədən təşkil olunan simsiz sensor şəbəkələrində kibertəhlükəsizlik problemləri, təhlükəsizlik təhdidləri və hücum növləri barədə danışıb. Qeyd edib ki, kibertəhlükəsizlik şəbəkələrin, sistemlərin və məlumatların icazəsiz giriş, modifikasiya və məhv edilməkdən, ümumiyyətlə, daxili və ya xarici təhlükələrdən qorunması prosesidir. Kibertəhlükəsizliyin təmin olunması hər bir şirkət və təşkilat üçün mühüm məsələlərdəndir.
Sensorlarda təhlükəsizlik mexanizmləri haqqında məlumat verən N.Rzayeva qeyd edib ki, sensor şəbəkələri fiziki və ya virtual mühitlərdən məlumatları toplayan, təhlil və emal üçün mərkəzi qovşaqlara ötürən cihazlar şəbəkəsidir. Bu tip şəbəkələrdə məlumatlar xüsusən də milli təhlükəsizlik, tibb və s. kimi həssas sahələrlə bağlı olduqda onların məxfiliyinin qorunması priroritet məsələyə çevrilir. Sensor şəbəkələrində məlumatların məxfilik mexanizmlərinə məlumatların şifrələnməsi və anonimləşdirilməsi, giriş nəzarəti, zərərli proqram təminatı və fiziki qorunma daxildir. Məxfiliyin maksimum qorunmasını təmin etmək üçün bütün bu mexanizmlər birlikdə istifadə edilə bilər.
“Aparılan araşdırmalar göstərir ki, əksər hallarda sensorlarda resursların məhdudluğu təhlükəsizlik mexanizminin inkişafına mane olur. Kriptosistem sensor qovşaqları arasında mübadilə olunan mesajları şifrələməyə və autentifikasiya etməyə imkan verir. Buna görə də sensor qovşaqları arasında çoxlu sayda mesaj mübadiləsini nəzərdə tutan mürəkkəb təhlükəsizlik mexanizmlərindən istifadə etmək mümkün deyil”, – deyə məruzəçi fikrini tamamlayıb.
Mövzu ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Sonda şöbə müdiri Şakir Mehdiyev məruzə ilə bağlı fikirlərini bölüşüb. Kiber-fiziki sistemlərin sensorlar şəbəkələrinin təhlükəsizlik problemlərinin araşdırılmasının aktuallıq kəsb edən məsələlərdən olduğunu bildirərək, müvafiq istiqamətdə aparılan elmi tədqiqatların daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.