AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova “Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı” (“BakuTel 2014”) çərçivəsində keçirilmiş “İnformatika təhsili - günümüzün çağırışları” adlı açıq panel müzakirəsində məruzə ilə çıxış edib.
“Elmi informatika: predmeti, məqsəd və vəzifələri” mövzusunda məruzəni təqdim edən R.Mahmudova informasiya texnologiyaları və informatika vasitələrinin iqtisadiyyat, elm, təhsil, eyni zamanda milli təhlükəsizliyin təmin edilməsi və digər sferalara dərindən nüfuz etdiyini, elmi və pedoqoji fəaliyyətlə məşğul olan şəxslər qarşısında yeni vəzifələr qoyduğunu söylədi. Bildirdi ki, fəaliyyət sahəsindən asılı olmayaraq hər bir insan qlobal informasiya məkanında toplanmış məlumatları əldə etmək, emal etmək və yaymaq üçün böyük imkanlar əldə edib. Bu sahədə mövcud problemlərdən danışan məruzəçi informasiya texnologiyalarından hər kəsin istifadə edə bilməməsinin informasiya bərabərsizliyinə gətirib çıxardığını söylədi. Onun sözlərinə görə, insanlarda informasiya mədəniyyəti formalaşdırılmalı, ondan səmərəli istifadə etmək bacarıqları aşılanmalıdır.
Bildirdi ki, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası və AMEA Rəyasət Heyətinin qərarlarına əsasən, 2003-cü ildən ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanının qəbulu prosesi mərkəzləşdirilmiş qaydada AMEA İTİ-də həyata keçirilir.
İnstitutda orta və ali məktəblərdən fərqli olaraq, elmi informatikanın tədris olunduğunu söyləyən R.Mahmudova bu fənnin predmeti barədə məlumat verdi. Məruzəçi burada gənc tədqiqatçılara həm nəzəri, həm də praktiki biliklərin aşılandığını vurğuladı. Qeyd etdi ki, doktorant və dissertantlara müxtəlif elmi istiqamətlərdə araşdırdıqları tədqiqatlarda informasiya texnologiyalarının tətbiqi ilə bağlı xüsusi proqramlar tədris olunur. Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyası üçün bu biliklərin tədrisi vacib məsələlərdəndir.
İnformatika fənninin məzmununun sürətlə dəyişdiyini söyləyən məruzəçi müasir texnologiyaların vüsət alması nəticəsində bu elmə yeni mövzuların daxil olduğunu dilə gətirdi. Bildirdi ki, bu məqsədlə tədris olunan informatika fənninin proqramına yeni məzmunlar əlavə olunur, informasiya cəmiyyəti, informasiya təhlükəsizliyi, biliklər iqtisadiyyati, Vikipedia, elektron imza, elektron kitabxana və bazalar, elmmetriya, veb texnologiyalar, “Big Data”, eləcə də anti-plagiat texnologiyalar və s. ilə işləmək qaydaları öyrədilir.
Tədbirdə, həmçinin Bakı Dövlət Universitetinin dosenti, Azərbaycan IOI (International Olympiad in Informatics - Beynəlxalq İnformatika Olimpiadası) komandasının rəhbəri, ACM-in (Association for Computing Machinery – Hesablama Texnikası Assosiasiyası) peşəkar üzvü Ramin Mahmudzadənin “Məktəbdə informatika nə üçün lazımdır?”, AR Təhsil Nazirliyinin Statistika və proqnozlaşdırma şöbəsinin müdiri İsmayıl Sadıqovun “İnformatika Kurikulumu: mövcud vəziyyət”, “Eljakim İnformation Technology” şirkətinin direktoru, IOI təşkilat komandasının üzvü, ABŞ üzrə Bebras/Qunduz” müsabiqəsinin direktoru, ACM-in əməkdar üzvü Elyakim Sxreyvers “Qunduz-alqoritmik düşüncənin təşviqi” mövzularında məruzələr dinlənildi.
Çıxışlar ətrafında müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.