AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev BDU-da ustad dərsi keçib

26 Dekabr 2022 - 09:23 | Müsahibələr, çıxışlar

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev Bakı Dövlət Universitetinin (BDU) “Tətbiqi riyaziyyat və Kibernetika” fakültəsinin tələbələri üçün ustad dərsi keçib. Tədbirdə həmçinin fakültənin müəllimləri də iştirak edib.

Alim seminar iştirakçılarına kompüter elmlərinin 2023-cü il üçün ilk 10 trendi – “Süni intellekt və maşın təlimi”, “Big Data Analitika”, “Bioinformatika”, “Bulud texnologiyaları”, “Təbii dilin emalı” və s. barədə ətraflı danışıb. Bu trendlərin çağırışları, problemləri və perspektivləri, o cümlədən dünyanın nüfuzlu universitetlərində bu istiqamətlər üzrə bakalavr və magistr səviyyələrində tədris olunan fənlər haqqında geniş məlumat verib.

R.Alıquliyev tələbələrin diqqətini həmçinin müasir zəmanənin və gələcəyin elmi adlandırılan “Verilənlər haqqında elm”ə (Data Science) və onun fundamental əsaslarına cəlb edib. Alim xatırladıb ki, bu sahənin mütəxəssisləri (data scientist - verilənlər üzrə alim) hazırda dünyada ən çox tələb olunan və yüksək əməkhaqqı alan ixtisas sahibləridir. Alim tələbələrə “Data Science” sahəsində geniş istifadə olunan proqramlaşdırma dilləri (Python, R. Java, Scala və s.) barəsində də məlumat verib. 

AMEA-nın müxbir üzvü, eyni zamanda Azərbaycanda və dünyada proqram mühəndisliyi sahəsində mövcud vəziyyət, aparılan tədris proqramları və elmi tədqiqatlar barədə danışıb.

Sonda R.Alıquliyev müəllim və tələbələri maraqlandıran sualları cavablandırıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.