İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminarında “Ağıllı şəhər” mühitinin kiberdayanıqlılığının artırılması üçün kiberhücumların təhlili” mövzusunda müzakirələr aparılıb.
Məruzəni institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov təqdim edərək bildirib ki, “ağıllı şəhər” müasir texnologiyalardan istifadə edərək yüksək həyat keyfiyyəti təklif edən konsepsiyadır. Bu konsepsiya şəhərdə baş verən situasiyaları analiz edir, şəhərin inkişafını və həyat keyfiyyətini artırmağın texnoloji həllərini təklif edir.
Onun sözlərinə görə, “ağıllı şəhərlər” vətəndaşlar və şəhər mühiti üçün həyat və xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Onlar fiziki obyektləri real vaxt rejimində izləmək qabiliyyətinə malikdirlər və vətəndaşlara nəqliyyat, səhiyyə, “ağıllı” binalar, ictimai təhlükəsizlik, yol sistemi, “ağıllı” kommunal xidmətlər (su, qaz və işıq) haqqında məlumatlar verirlər.
M.Həşimov qeyd edib ki, “ağıllı şəhər” informasiya və kommunikasiya texnologiyalarından istifadə edərək vətəndaşlara səmərəli xidmətlər göstərmək üçün perspektivli bir həll kimi qəbul edilsə də, müxtəlif təhlükəsizlik təhdidlərinə meyllidir. Bu konsepsiyanın geniş yayılması və tətbiqi ilə bağlı ən mühüm problemlərdən biri də məhz kiberdayanıqlılıq məsələləridir.
“Ağıllı şəhər”dəki təhlükəsizlik problemləri bir çox insanın bu kimi layihələrə şübhə ilə yanaşmasının əsas səbəblərindən biri kimi qiymətləndirilir. IoT cihazları mahiyyət etibarilə təhlükəsizlik boşluqlarıdır. “Ağıllı şəhərlər” çox sayda cihazın İnternetə qoşulmasını təmin etdiyi üçün təhlükəsizlik çox vacib bir problemə çevrilir.
Məruzəçi “ağıllı şəhər” cihazları ilə bağlı bəzi proqnozları da diqqətə çatdırıb: “ 2025-ci ilədək bu qurğuların 1 milyarda çatacağı proqnozlaşdırılır. İnternetə qoşulmuş bu cihazlar real vaxtda çox sayda məlumat generasiya edəcək. HP şirkətinin proqnozlarına görə, “ağıllı şəhər” IoT cihazlarının təxminən 70%-i yetərli avtorizasiya, qeyri-kafi proqram mühafizəsi və zəif şifrələnmiş rabitə protokolları kimi səbəblərdən hücum riski altındadır”.
O, bildirib ki, kiberhücumlar “ağıllı” nəqliyyat infrastrukturunun çökməsinə və ya əlçatmaz olmasına, nəqliyyat vasitələrinin kritik yol məlumatlarını almasına mane olmaq, işıqforların idarəetmə sistemlərinin, yol nişanlarının və sürət həddi nişanlarının iş rejiminə zərər verməklə saatlarla davam edə biləcək böyük tıxaclara səbəb ola bilər.
Yuxarıda qeyd edilən kiberhücumlar “ağıllı” şəhər mühitində elektrik enerjisinin kütləvi şəkildə kəsilməsinə və şəbəkənin pozulması ilə nəticələnə bilər, digər tərəfdən, istifadəçilərin məxfiliyini üzə çıxara, “ağıllı” su sistemində cinayətkarların məlumat axınına nəzarət etməsinə şərait yarada bilər.
O, “ağıllı şəhər” konsepsiyasını əhatə edən xidmətlərin kritik əhəmiyyətə malik olduqlarını, bu səbəbdən də onların təhlükəsizliyinə və etibarlılığına xüsusi tələblərin irəli sürüldüyünü də vurğulayıb. Bildirib ki, “ağıllı şəhər”in zəif cəhəti onun mərkəzləşdirilmiş infrastruktura malik olmamasıdır ki, bu da kiberhücumlara qarşı mübarizədə problemlər yaradır. Ona görə də hər bir “ağıllı şəhər” xidməti üçün hücum ssenarilərini və onların təsirlərini öyrənməklə, həmin hücumların qarşısını almaq üçün müxtəlif növ həllər tətbiq edilməlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.