AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın həmmüəllifi olduqları “Sosial media verilənlərində DDoS hücumların proqnozlaşdırılması üçün təkmilləşdirilmiş LSTM və CNN modelləri” (“The improved LSTM and CNN models for DDoS attacks prediction in social media”) adlı məqalə ABŞ-ın Pensilvaniya ştatında fəaliyyət göstərən “IGI Global” nəşriyyatının redaksiya heyəti tərəfindən seçilərək “Xidmətdən İmtina Hücumları ilə Mübarizə üzrə Tədqiqatlar Antologiyası” (Research Anthology on Combating Denial-of-Service Attacks) kitabına daxil edilmişdir. Antologiya informasiya sistemlərinin iş prosesinə mane olan kiberhücumların qarşısının alınması və onlarla mübarizə üçün müdaxilələrin aşkarlanması sistemlərinin yaradılması sahəsində təklif edilmiş müasir yanaşmaları tədqiq edir.
Kitabda kibertəhlükəsizliyin tətbiqi səviyyə protokolları, botnetlərin identifikasiyası, kiberhücumlar, verilənlər bazalarının təhlükəsizliyi, paylanmış xidmətdən imtina hücumları (DDoS), hakerlik, hücumların aşkarlanması sistemləri, zərərli proqramların aşkarlanması, şəbəkə administratorluğu, VPN təhlükəsizliyi, veb-təhlükəsizlik kimi sahələrdə aparılan tədqiqatların nəticələri yer alıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.