Dördüncü Sənaye İnqilabı (Sənaye 4.0) kiber-fiziki sistemlərin istehsalata kütləvi şəkildə daxil olduğu, vahid müəssisənin sərhədlərindən kənara çıxan, xarici mühitlə daimi qarşılıqlı əlaqədə olan, əşyaları və xidmətləri qlobal sənaye şəbəkəsinə birləşmək perspektivi əldə edən və real vaxt rejimində intellektual sistemlər tərəfindən idarə olunan tam avtomatlaşdırılmış rəqəmsal istehsala keçiddir. Dördüncü Sənaye İnqilabı yalnız “ağıllı” və bir-birinə bağlı maşın və sistemlərlə məhdudlaşmır. Onun təsir spektri siyasi mühit, sosial münasibətlər, əmək bazarı və s. daxil olmaqla həyatın müxtəlif sahələrini əhatə edir.
İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin növbəti elmi seminarında şöbənin böyük elmi işçisi Könül Daşdəmirovanın “Sənaye 4.0 şəraitində şəbəkələşmiş cəmiyyətin kiber sosio-texnoloji problemləri və perspektivləri” mövzusunda təqdim etdiyi məruzə dinlənilib.
K.Daşdəmirova XX əsrin 70-ci illərindən başlayaraq yeni informasiya telekommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı və yayılmasının cəmiyyətin həyat fəaliyyətinin bütün sahələrinə təsir göstərən qlobal informasiya inqilabı xarakteri aldığını diqqətə çatdırıb.
Məruzəçi artıq bəzi ölkələrdə rəqəmsal texnologiyaların bütün sahələrə nüfuz etməsini nəzərdə tutan “Cəmiyyət 5.0” və ya “Superintellektual cəmiyyət” konsepsiyasının işlənib hazırlanmasına və həyata keçirilməsinə başlanıldığını deyərək, “Cəmiyyət 5.0”ın informasiya cəmiyyətini əhatə edən, texnoloji inkişafın növbəti pilləsi olduğunu diqqətə çatdırıb.
“Cəmiyyət 5.0” çərçivəsində dərin intellektə malik olan kiber-fiziki sistemlərin tətbiqi nəzərdə tutulur”, - deyə qeyd edən məruzəçi bildirib ki, onun strategiyasının əsas ideyası rəqəmsal mühiti və fiziki məkanı birləşdirərək sosial problemləri həll etmək və nəticədə insan həyatının keyfiyyətini yaxşılaşdırmaqdan ibarətdir.
Sənaye 4.0 texnologiyaları və şəbəkələşmiş cəmiyyətin kiber sosio-texnoloji problemlərindən bəhs edən K.Daşdəmirova 2025-ci ilə qədər bir trilyon sensorun internet şəbəkəsinə qoşulmasının proqnozlaşdırıldığını deyib. Onun sözlərinə görə, “Sənaye 4.0”ın rəqəmsal rabitə kanalları və proqram təminatı texnologiyaları ilə təmin edilən kommunikasiyaları cəmiyyəti əsaslı şəkildə dəyişir. “Sənaye 4.0”ın şəbəkələşmiş cəmiyyətin həyatına gətirdiyi çoxsaylı yeniliklər bir çox problemlərin kəskinləşməsinə də gətirib çıxarır: “Artıq cihazlara qoşulan insanların sayı artır, bəzi hallarda bu qurğular onların orqanlarına qoşulur. İnsanların rəqəmsal dünyadakı mövcudluğu son 20 ildir ki, sürətlə artmaqdadır. İnsanların 10%-i internetə qoşulmuş geyimlər geyinir, 90%-i isə məlumatları qeyri-məhdud və pulsuz saxlamaq imkanına malikdir. İnsanlar artıq ənənəvi fərdi kompüterlərə deyil, smartfonlara üstünlük verirlər”.
Məruzəçi əlavə edib ki, “Böyük məlumatlar”dan istifadə olunması çoxsaylı sahələrdə qərarların qəbulunu sürətləndirməyə imkan verir. Avtomatlaşdırılmış qərar qəbuletmə sistemləri vətəndaşların həyatını sadələşdirir və müəssisə və hökumətlərə real vaxt rejimində xidmət göstərməyə, ödənişləri həyata keçirilməsinə, vergi bəyannamələrinin ödənilməsinin avtomatlaşdırılmasına və digər çoxsaylı problemləri həll etməyə şərait yaradır. 3D çap və 3D istehsal texnologiyaları sürətlə yayılır və müxtəlif sahələrdə, o cümlədən, təhsildə, tibbdə, zərgərlikdə, inşaatda, oyuncaq və suvenirlərin istehsalında, geoinformasiyanın alınmasında və s. tətbiq edilir.
O, Əşyaların İnterneti texnologiyası vasitəsilə yaradılan, ev təsərrüfatında istifadə olunan avtomatlaşdırılmış avadanlıqlar - “ağıllı evlər”, eləcə də “ağıllı şəhər” konsepsiyası haqqında məlumat verib, son illər ərzində robototexnikanın bir çox peşələrə təsir etməyə başladığını diqqətə çatdırıb. Tədqiqatçı əlavə edib ki, robotlar təchizat sisteminin işini modernləşdirir, bu da iqtisadiyyatda daha səmərəli və proqnozlaşdırıla bilən nəticələrə nail olmağa imkan verir.
K.Daşdəmirova “Sənaye 4.0”ın rəqəmsal texnologiyalarının kiberhücumların artması, iş yerlərinin itirilməsi, fərdi məlumatların ələ keçirilməsi, məxfiliyin pozulması, kiberhücumların həyata keçirilməsi, kənar şəxslər tərəfindən ev təsərrüfatının izlənilməsi kimi problemlərin aktuallaşdığını da vurğulayıb.
Məruzəçi 2023-2025-ci illər üçün dünya üzrə internet, sosial şəbəkələr və mobil telefon istifadəçilərinin sayı ilə bağlı proqnozlarını təqdim edib.
K.Daşdəmirova həmçinin Azərbaycanda Dördüncü Sənaye İnqilabı çərcivəsində görülən işlərdən danışıb, ölkəmizdə İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”nin yaradıldığını bildirib. O, Azərbaycanda Dördüncü Sənaye İnqilabının gətirdiyi yeni texnologilyaların tətbiqi və yarana biləcək problemlərinin həlli istiqamətində görülən işlərlə yanaşı, ölkə səviyyəsində gedən inkişafa dəstək vermək üçün elmi-tədqiqatlar aparıldığını, yeni metod və alqoritmlərin işlənildiyini də diqqətə çatdırıb.
Məruzəçi çıxışının sonunda şəbəkələşmiş cəmiyyətin “Sənaye 4.0”ın çağrışlarına daha asan uyğunlaşması, təhlükəsizliyinin təmin olunması, urbanizasiyanın qarşısının alınması və s. üçün kompleks tədbirlərin görülməsinin zəruri olduğunu bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.