Kiber-fiziki sistemlər (KFS) hesablama, şəbəkə və fiziki proseslərin inteqrasiyasıdır. Tədqiqatlar göstərir ki, KFS ilə əlaqədar ilk mülahizələr 2006-cı ildə formalaşmağa başlamışdır. Hazırda KFS-dən müxtəlif istehsal proseslərində, idarəetmədə və qərarların qəbulunda geniş istifadə olunur.
İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin “Kiber-fiziki sistemlərin nəqliyyat sektorunda tətbiqi: perspektivlər və problemlər” mövzusunda keçirilən elmi seminarında bu barədə məlumat verilib.
Şöbənin əməkdaşı Nəzrin Rzayeva məruzəni təqdim edərək əvvəlcə kiber-fiziki sistemlər haqqında məlumat verib. Bildirib ki, bu sistemlər süni intellekt, Əşyaların İnterneti, intellektual xidmətlər və proqramlar, informasiya təhlükəsizliyi, bulud hesablamaları və sosial şəbəkələrlə əlaqəlidir.
“Ağıllı” və ya intellektual nəqliyyat funksiyasını yerinə yetirən nəqliyyat kiber-fiziki sistemləri (NKFS) trafikin idarə edilməsi, avtonom sürücülük kimi xidmətlər baxımından əhali sıxlığı problemini həll etmək məqsədilə istifadə edilir. Nəqliyyat kiber-fiziki sistemləri müxtəlf sensorlar vasitəsilə icra edilir ki, buraya fərdi avtonom avtomobillərdə təzyiq sensoru, avtomatik əyləc sensoru, kameralar, akselerometr, radar, lidar, infraqırmızı sensorlar, yol infrastrukturunun vəziyyəti sensoru, ətraf mühit sensorları, akustik massiv sensorları və s. aiddir.
Sinqapurda tətbiq olunan “ağıllı” nəqliyyat sisteminin kiber-fiziki sistemlərlə bir çox oxşarlıqları olduğunu deyən məruzəçi bu sistemlərin iş prinsipini izah edib. Həmçinin Azərbaycanda da tətbiq olunan “ağıllı” nəqliyyat sistemləri haqqında məlumat verib.
Nəqliyyat kiber-fiziki sistemlərinin kibertəhlükəsizlik problemlərinə diqqət çəkən tədqiqatçı buraya kibertəhlükəsizlik şəbəkələri, cihazları, proqramlar və məlumatları hücumdan, oğurluqdan, zədələnmədən, modifikasiyadan və ya icazəsiz girişdən qorumaq üçün nəzərdə tutulmuş texnologiyalar və s. daxil olduğunu söyləyib. Bildirib ki, şifrələnməmiş rabitə, nəzarət olunan parametrlərin əl ilə konfiqurasiya edilməsi, standart istifadəçi adları və parollar, casus proqramları, viruslar və s. kiber səviyyədə ənənəvi təhlükəsizlik problemləridir.
“KFS-in tətbiqlərinin istifadəsi çox müxtəlif, eyni zamanda genişlənməyə meyllidir. NKFS-in inkişafı yol hərəkətinin idarə edilməsinin və hərəkət təhlükəsizliyinin intellektuallaşdırılmasına doğru irəliləyir. Bununla belə, nəqliyyat vasitələrinin oğurlanması və onların cinayətkar və terrorçu qruplar tərəfindən qeyri-qanuni istifadəsi təhlükələrinə qarşı mübarizə kontekstində NKFS-in informasiya təhlükəsizliyinin təmin edilməsi də çox aktual problemə çevrilir”, - deyə N.Rzayeva tədqiqatın nəticələrini seminar iştirakçılarının diqqətinə çatdırıb.
O, həmçinin KFS-in arxitekturu və əsas tətbiq sahələri haqqında məlumat verib.
Sonra məruzəçi ona ünvanlanan sualları cavablandırıb.
Şöbə müdiri Şakir Mehdiyev məruzə ilə bağlı fikirlərini bölüşərək kiber-fiziki sistemlərin nəqliyyat sektorunda tətbiqinin müasir dövrdə aktuallıq kəsb edən məsələlərdən olduğunu, bu istiqamətdə tədqiqatların dərinləşdirilməsi məqsədilə beynəlxalq təcrübənin araşdırılmasının zəruri olduğunu deyib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.