Müasir dövrdə İnternetin insanların gündəlik həyatına nüfuz etməsi, sosial media üzərindən ictimai rəyin insanların davranışlarına təsiri, mobil əlaqələrin genişlənməsi “vətəndaşın davranışı” (Citizen Behavior) mövzusunu daha da aktuallaşdırmışdır. Dövlətin idarə olunması prosesində vətəndaşın davranışını düzgün qiymətləndirmək və haqqında doğru qərar qəbul etmək dövlət təşkilatları tərəfindən yerinə yetirilməsi vacib məsələlərdəndir.
Bu fikirləri İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova növbəti onlayn elmi seminarda deyib.
“E-demoqrafiya platformasında hüquqi vətəndaşın müəyyən olunması məqsədilə davranışın analizi” mövzusunda məruzə ilə çıxış edən tədqiqatçı vətəndaşın davranışı, davranışın analizi sahələri, davranışın intellektual analizinə dair beynəlxalq təcrübə və yanaşmalar, vətəndaşa aid elektron sənədlərin analizi əsasında davranışın müəyyən olunması, təsnifatlandırmada dəqiqlik və tamlıq xarakteristikaları haqqında ətraflı məlumat verib.
Tədqiqatçının sözlərinə görə, dövlətin vətəndaşlarından məmnunluğu əsasında cəmiyyətin həm iqtisadi, həm də sosial inkişaf tendensiyasını müəyyən etmək, ölkədəki sosial prosesləri idarə etmək mümkündür. Vətəndaş məmnunluğu dövlət orqanlarının işindən və vətəndaşın tələbatlarına uyğun olaraq idarəetmənin təşkilindən asılıdırsa, dövlətin məmnunluğu vətəndaşın cəmiyyətdə özünü aparması, qanunlara əməl etməsi, başqaları ilə münasibəti, faydalılığı və davranışından asılıdır.
Vətəndaşın davranışı onun cəmiyyətdəki nüfuzuna və etimadına (sosial kapitalına) təsir edən əsas faktordur. Sosial mənada davranış dedikdə, vətəndaşın əxlaqi prinsiplərinin reallaşdırılmasını özündə əks etdirən fəaliyyət sistemi nəzərdə tutulur. Davranışın analizi dedikdə isə insanın davranışının təhsildə, ailədə, iş yerində, nəqliyyatda və s. sahələrdə dəyişmə səbəbləri və proqnozlaşdırılması başa düşülür. Etimad və nüfuz da daxil olmaqla, davranışın analizi üçün müxtəlif yanaşmalar mövcuddur. Bu yanaşmalara adi statistik hesablamalardan klasterləşmə və optimallaşma modellərinə kimi müxtəlif metodlar daxildir.
O, davranışın analizinin təhsil, tibb, nəqliyyat, bank və sığorta əməliyyatları, təşkilatdaxili münasibətlər və istehsalatda səmərəliliyin artırılması, insanın psixoloji durumunun müəyyən edilməsi, cinayətkarlıq və terrorizmlə mübarizə, uşaq və əlillərə xidmətin təşkili, ailə münasibətləri və s. kimi sahələrdə tətbiq olunduğunu bildirib.
Məruzəçi elmi-tədqiqat işində tədqiqat istiqamətləri və onu çətinləşdirən əsas problemləri qabardıb, vətəndaşların davranışının analizi və e-dövlətin səmərəli idarə olunmasında vahid milli reyestrin vacibliyindən danışıb. Qeyd edib ki, tədqiqatda vətəndaşla bağlı sənədlərin analiz olunaraq tonallığının müəyyən edilməsi, həmin sənədlərin neqativ və ya pozitiv olması ehtimalının Naive Bayes klassifikatoru ilə müəyyənləşdirilməsi, “F1 score” metrikasından istifadə etməklə tətbiq olunan alqoritmin dəqiqliyi və tamlığının qiymətləndirilməsi məsələlərinə baxılıb.
“Tədqiqatlar göstərdi ki, şəxsə aid sənədlər çoxluğunda ehtimal müsbətdirsə, o zaman deyə bilərik ki, həmin şəxs dövlət tərəfindən böyük etimada layiqdir. Əgər vətəndaşlara aid sənədlərin əksəriyyəti pozitivdirsə, bu, elektron hökumətin düzgün formada təşkilindən və cəmiyyətin ədalətli idarə olunmasından xəbər verir. Hər hansı konkret məsələ ilə əlaqədar vətəndaşlara aid sənədlərin əksər hissəsinin neqativ olması vətəndaşların qanunu pozduğunu sübut etmir. Həmin məsələ ilə əlaqədar qanunda müəyyən boşluqların olması ehtimalı da nəzərə alınmalı və araşdırma aparılmalıdır”, – deyə İ.Ələkbərova qeyd edib.
Mövzu ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək bildirib ki, elektron demoqrafiya sisteminin IV Sənaye İnqilabının çağırışlarına adekvat olan qabaqcıl texnologiyaların tətbiqi ilə sürətlə inkişaf etməsi e-demoqrafiya məsələsini aktuallaşdırır. “E-demoqrafiya sistemini cəmiyyətin rəqəmsal əkizi hesab etmək olar”, – deyən alim e-demoqrafiya sisteminə fərd haqqında məlumatların daxil olması, toplanması və analizinin vətəndaşın davranışı haqqında proqnoz vermək üçün zəmin yaratdığını diqqətə çatdırıb.
Akademik qeyd edib ki, adətən, müxtəlif təşkilatlar və qərarverici orqanlar vətəndaşla bağlı hər hansı qərar verməzdən öncə ona aid bütün hüquqi sənədləri araşdırır. E-demoqrafiya sistemində vətəndaşın hüquq və vəzifələrini, yəni ümumi obrazını müəyyən etmək üçün əvvəlcə ümumi davranış standartı (şablon) yaradılmalıdır. Bu şablondan kənar davranışı aşkarlayan sistemin yaradılmasında isə maşın təlimi metodlarından və müxtəlif yanaşmalardan istifadə etmək olar.
R.Əliquliyev e-demoqrafiya platformasında hüquqi vətəndaşın müəyyən olunması məqsədilə davranışın analizi istiqamətində aparılan tədqiqatların intensivləşdirilməsinin zəruriliyini vurğulayıb, tədqiqatçıya mövzunun daha dərindən araşdırılmasına dair təklif və tövsiyələr verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.