Müasir dövrdə Sənaye 4.0-ın əsas texnologiyaları elmin müxtəlif sahələrində geniş istifadə olunur: fiziki təcrübələrdə, nəzəri modellərin superkompüter hesablamalarında, sosial tədqiqatlarda, gen mühəndisliyində və s. Belə bir elmi mühitdə onun elmi infrastrukturu Əşyaların İnterneti (IoT), kiber-fiziki sistemlər (KFS), süni intellekt (AI), bulud həlləri, big data analitikası, rəqəmsal əkizlər, “ağıllı” şəhərlərdən və s. istifadə əsasında formalaşıb. Bu kontekstdə kritik və təhlükəsizliyə həssas elmi fəaliyyət xarakterik kiberdayanıqlılıq problemləri olan sistemlərin etibarlılığına xüsusi diqqət yetirməyi tələb edir.
“Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” (The 8th International Conference on Control and Optimization with Industrial Applications) mövzusunda 8-ci beynəlxalq elmi konfransın (COIA-2022) Bakı Dövlət Universitetində keçirilən seksiya iclasında “Sənaye 4.0 tətbiqləri əsasında elmin müxtəlif sahələrinin kritik infrastrukturlarında kiberdayanıqlılığın tədqiqatı” mövzusunda məruzə təqdim olunub.
Tədqiqatın müəllifləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi Şakir Mehdiyev və Təhmasib Fətəliyevdir.
Konfransda məruzəni Şakir Mehdiyev təqdim edərək insidentlərin baş vermə ehtimalının qiymətləndirilməsinə və mümkün təhlükəsizlik təhdidlərinin qarşısının alınmasına yönəlmiş kibertəhlükəsizlikdən fərqli olaraq, kiberdayanıqlılığın ilk növbədə kiberinsidentlər qarşısında bu infrastrukturların fəaliyyətini qorumağa yönəldiyini deyib. Bildirib ki, bu tədqiqatın əsas məqsədi problemləri öyrənmək və elmi mühitin kritik infrastrukturlarının kiberdayanıqlılığının həlli yollarını araşdırmaqdır. Elmi infrastruktur müasir mikroskoplardan, robotlaşdırılmış laboratoriyalardan, nüvə sürətləndiricilərindən və digər tədqiq olunan sistemlərdən başlayaraq böyük həcmdə məlumatları emal etməyə qadir olan superkompüter şəbəkələrini, tədqiqat nəticələrini bölüşmək üçün kommunikasiya vasitələrini və bilik mənbələrinə (kitabxanalar, nəşrlər) sürətli çıxışı təmin edən tətbiqləri əhatə edir.
Məruzəçi Elm 4.0 mühitində müxtəlif növ təhlükələrə rast gəlməyin mümkün olduğunu bildirib. Qeyd edib ki, bunlar informasiya təhlükəsizliyi, məlumatların məxfiliyi və kibertəhlükəsizliklə bağlı təhdidlər ola bilər.
“Qabaqcıl texnologiyaların tətbiqi nəticəsində yaranan təhlükəsizlik məsələlərinə dair bir sıra tədqiqatlar göstərir ki, Elm 4.0 mühiti də müxtəlif növ təhlükələrlə üzləşə bilər”, - deyən Ş.Mehdiyev əlavə edib ki, bunlar informasiya təhlükəsizliyi, məlumatların məxfiliyi və kibertəhlükəsizliklə bağlı amillərlə bağlı təhdidlər ola bilər.
Tədqiqatçı konfransda kritik Elm 4.0 infrastrukturlarının hərtərəfli təhlükəsizliyini və kiberdayanıqlılığını təmin etmək üçün həll edilməsi zəruri olan problemlər, kiberdayanıqlılığın nisbi qiymətləndirilməsi, kiberdayanıqlılığın təmin edilməsinin bəzi konseptual məsələləri və s. haqqında da məlumat verib.
Onun sözlərinə görə, Sənaye 4.0 konsepsiyası insan fəaliyyətinin bütün sahələrinin, o cümlədən elmin inkişafı üçün geniş imkanlar açır. O, həm tədqiqat proseslərinə, həm tədqiqat nəticələrinin innovativ istifadəsinə, həm də elmin idarə edilməsinə, elm və cəmiyyətin qarşılıqlı əlaqəsinə birbaşa təsir göstərə bilər.
Ş.Mehdiyev çıxışının sonunda IoT, CPS, AI, big data və s. kimi Sənaye 4.0-ın əsas texnologiyalarının elmdə tətbiqi ilə bağlı işlərin təhlilinin elmin inkişafı üçün yeni perspektivlərin açıldığını təsdiqlədiyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.