FRTEB-in Ümumi yığıncağında 2021-ci ilin mühüm nailiyyətləri müzakirə olundu

01 Yanvar 2022 - 19:00 | Konfranslar, İclaslar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş növbəti onlayn iclasında Biofizika və İdarəetmə Sistemləri (İSİ) ins­­titutlarının, eləcə də Milli Avia­si­ya Akademiyasının (MAA) 2021-ci  ildə apa­rıl­mış elmi tədqiqat işlə­ri­nin ye­kunlarına dair hesabatları müzakirə olunub.

Tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, FRTEB-in elmi müəssisələrinin baş direk­tor­la­rı və icraçı direktorları, elmi katibləri, təhsil, ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr şöbələ­ri­nin rəhbərləri, eyni zamanda mühüm elmi nəticə müəllifləri iştirak ediblər.

Biofizika İnstitutunda aparılmış elmi tədqiqat işlərinin yekunlarından danışan müəs­si­sənin baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov bildirib ki, institutda tədqiqatlar, əsasən bir istiqamət üzrə apa­­rılıb və cari ildə 11 mühüm nəticə əldə olunub. Həmçinin institut əmək­daş­larının yüksək impakt faktorlu məcmuələrdə 6 məqaləsi işıq üzü görüb. Hesabat ilində alim­lə­rimizin mə­qa­lə­lə­rinə, ümu­­milikdə 204 istinad olub. Bu da, 2020-ci illə müqayisədə 32 istinad çoxdur.

Məruzəçi Azərbaycan Respublikasının Prezidentinin Fərman və Sərəncamlarının, eləcə də Na­zir­lər Kabinetinin, AMEA-nın Rəyasət Heyətinin və FRTEB-in Ümumi yığıncağının qərar­la­rın­dan irəli gə­lən vəzifələrin icra vəziyyətinə də toxunub.

Daha sonra hesabat ilində dünyanın bir çox dillərində nəşr olunan “Molekulyar hüceyrə biolo­­giyası” (“Molecular Cell Biology”) bestsellerinin Azərbaycan dilinə tərcümə olunmasından söz açıb. Vurğulayıb ki, bu kitab Massaçu­setts Texnologiya İnstitutunun, Harvard, Kornel və Ka­li­­for­ni­ya universitetlərinin tanınmış alimləri tərəfindən hazırlanıb. Best­sellerin 2016-cı ildə “Sprin­ger” nəşriyyatında işıq üzü görən və ana dilimizə tərcümə edilən 8-ci nəşri biotibb, molekulyar hü­cey­rə sahəsində son illərin eksperimental tədqiqatlarına əsaslanan mühüm nailiyyətləri özündə əks etdirir.

Oktay Qasımov institut əməkdaşlarının qazandıqları respublika və beynəlxalq qrantlardan, həm­­çinin kütləvi-informasiya vasitələrində (KİV) nümayiş etdirdikləri elmi-populyar fəaliyyət­dən bəhs edib. Vurğulayıb ki, FRTEB-in ən gənc elmi müəssisəsinin alimləri hesabat ilində bey­nəl­xalq əmək­­daşlıq istiqamətində də mühüm uğurlar qazanıblar. Türkiyə, ABŞ, İtaliya, Pa­kistan, İs­veç­rə, Belarus Respublikası və Fransadan olan həmkarları ilə beynəlxalq səviyyəli təd­qi­qat­lar aparıblar.

Məruzəçinin sözlərinə görə, institutun mütəxəssisləri italiyalı alimlərlə aparılan müştərək tədqiqatlar nəticəsində katarakta, Alzeymer, Parkinson kimi xəstəliklərə qarşı terapevtik müalicə üsulu təklif ediblər. Bundan başqa, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), Milli Onkologiya Mərkəzi və Bakı Dövlət Universitetindən olan alimlərlə aparılan birgə tədqiqatlar nəticəsində düyü kəpəyi zülalının hidrolizi əsasında əldə edilən kationik EQRPR peptidin xərçəng xəstəliyinə və COVİD-19 infeksiyasına qarşı mübarizədə tətbiq oluna bilməsi və onların təsir mexanizmləri tədqiq olunub.

Daha sonra Milli Onkologiya Mərkəzinin mütəxəssisləri ilə birgə qazandıqları nailiyyətlərdən danışan Oktay Qasımov qeyd edib ki, TEMPO spin zonduna dərman modeli kimi yanaşaraq onların ağciyər sağlam və karsinoma hüceyrə membranlarına inkorporasiya dərəcələri qiymətləndirilib. Həmçinin SARS-CoV-2 virusunun insan hüceyrələrinə daxil olmasında və onun immun sistemi tərəfindən tanınmasında mühüm antigen rolunu oynayan S (spike) zülalının ilkin (referans) variantı müxtəlif ölkələrdə aşkar edilmiş 263067 virusun S zülalı ilə müqayisə edilib.

Onlayn iclasda Biofizika İnstitutunda elmlə təhsilin inteqrasiyası, elektron elmin və aparılan kadr ha­zır­lı­ğı­nın cari vəziyyəti, nəşriyyat və sosial sferada, o cümlədən “Vikipediya” elektron ensik­lo­­pe­di­ya­sın­da fəaliyyət istiqamətində əldə edilmiş nailiyyətlər haqqında da məlumat verilib. Əmək­daş­ların müxtəlif televiziya kanalları, radio və digər mətbuat orqanlarda yer alan müsahibə və çıxış­la­rın­dan bəhs edilib.

Tədbirdə çıxış edən İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov diqqətə çatdırıb ki, 2021-ci il rəhbərlik etdiyi müəssisənin mühüm nailiyyətləri ilə yadda­qa­lan olub. Belə ki, professor Elmxan Mahmudov ABŞ-ın Stenford Universiteti tərəfindən təq­dim edilən dün­ya­nın ən nüfuzlu alimlərinin (ilk 2 %) reytinq qiymətləndirmə siyahısına daxil edi­lib. Labora­to­ri­ya rəh­bəri, professor Yadulla Həsənli “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. İSİ-nin yeddi əmək­daşı FRTEB-in Fəxri fərmanı ilə təltif olunub. AMEA Rəyasət Heyətinin müvafiq qərarları ilə aka­demik Asəf Hacıyevin 70 illik və AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun 80 illik yubi­ley­ləri qeyd olunub.

Akademik Azərbaycan Respublikası Prezidentinin “Görkəmli elm xadimi Lütfi Zadənin 100 il­liyinin qeyd edilməsi haqqında” Sərəncamının, müvafiq Fərmanlarının, eləcə də Dövlət proq­ram­la­rı­nın, Nazir­lər Kabinetinin, AMEA-nın Rəyasət Heyətinin və FRTEB-in Ümumi yığıncağının qərar­la­­rından irəli gə­lən vəzifələrin icra vəziyyətinə də toxunub.

Hesabat ilində İSİ-də 14 istiqamət üzrə həyata keçirilən tədqiqat işlərinə görə 7 mühüm elmi nəticə əldə olunub. İnstitut əməkdaşlarının ümumilikdə 416 elmi əsəri işıq üzü görüb. Əli Abba­so­vun sözlərinə görə, ölkə xaricində çap edilən 142 əsərin 89-u Web of Science və Scopus bazalarında indeksləşən impakt faktorlu məcmuələrin payına düşür.

Məruzəçi vurğulayıb ki, ölkəmizdə və onun hüdudlarından kənarda keçirilən 91 konfransda alimlərimizin 206 məruzəsi dinlənilib. Həmin məruzələrdən 30-nun mətni Web of Science bazasına daxil olan topluda nəşr edilib. Hesabat ilində alim­lə­rimizin mə­qa­lə­lə­rinə, ümu­­milikdə 2332 istinad olub. Respublika və beynəlxalq səviyyəli qrantlardan bəhs edən akademik Əli Abbasov 5 Avrasiya patentinin alındığını diqqətə çatdırıb.

Baş direktor çıxışında noyabr ayında İSİ-nin, Polşanın Sileziya Texnoloji Universiteti, Azər­bay­can Texniki Universiteti və Gürcüstanın Texniki Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri” (International Con­fe­ren­ce on  Problems of Logistics, Management and Operation in the East-West transport Corridor – PLMO) adlı beynəlxalq konfransı xatırladıb. “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəh­­lizlərinin kəsişməsində yerləşir və bu əlverişli mövqedən yararlanaraq tranzit potensialının inki­şaf etdirilməsi bölgənin nəqliyyat siyasətinin əsas prioritetlərindəndir” – deyə akademik vurğulayıb.

Əli Abbasov İSİ-nin xarici ölkələrin çoxsaylı beynəlxalq elmi tədqiqat mərkəzləri ilə əmək­daş­lıq, elektron elmin vəziyyəti, fundamental elm­lə təhsilin əlaqəsi, innovasiya, nəşriyyat və sosial sfe­rada, o cümlədən “Vikipediya” elektron ensiklo­pe­di­ya­sın­da, kadr hazırlığı, kütləvi informasiya vasitələrində elmi biliklərin təbliği və populyarlaşdırılması istiqamətində fəaliyyətinə də toxunub.  

Alimin sözlərinə görə, 2021-ci ildə institutun www.isi.az rəsmi veb saytına olan müraciətlərin sayı əhəmiyyətli dərəcədə artaraq son 5 ilin ən yüksək nəticəsini göstərib.

Daha sonra onlayn iclasın iştirakçılarına Milli Aviasiya Akademiyasında müvafiq elmi istiqamət üz­rə əldə edilmiş mühüm nəticələr barədə məlumat verilib. Bu barədə çıxış edən AMEA-nın müxbir üz­vü Afiq Həsənov bildirib ki, hesabat ilində MAA-da 12 elmi istiqamətə müvafiq 30 elmi təd­qi­­qat işi aparılıb. Əldə edilmiş mühüm nəticələrdən söz açan alim diqqətə çatdırıb ki, professor-müəl­­lim he­yətinin ixtiralarına 7 patent alınıb, 260 elmi əsəri nəşr olunub. Onlardan 96-sı xarici ölkələrin məc­muələrində işıq üzü görüb.

Afiq Həsənov əməkdaşların 2021-ci ildə respublika və beynəlxalq səviyyəli konfranslarda işti­ra­kın­dan, onların yerli və xarici elmi tədqiqat, ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıq nailiy­yətlərindən də bəhs edib.

Tədbirdə çıxış edən FRTEB-in Ümumi yığıncağının sədri, AMEA-nın vitse-prezidenti, aka­de­mik Rasim Əliquliyev hesabatını təqdim edən hər üç müəssisədə aparılmış elmi tədqiqat işlərini müs­bət qiymətləndirib, onların öl­kəmizin milli, strateji maraqları ilə səsləşməsi və digər mühüm key­­fiyyət göstəriciləri nöqteyi-nəzərindən əvvəlki illərlə müqayisədə nəzərə çarpan ciddi irəli­lə­yiş­lə­rini təqdirəlayiq he­sab edib.

Vacib əhəmiyyət daşıyan nailiyyətlərin üzərində dayanan sədr “Şərq-Qərb nəqliyyat dəh­li­zin­də logistika, idarəetmə və istismar problemləri” mövzusunda keçirilmiş beynəlxalq konfransa xüsu­si­lə diqqət çəkib. Rasim Əliquliyevin sözlərinə görə, Azərbaycanın əlverişli coğrafi mövqeyi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində vacib yer almasına zəmin yaradıb.

Alim vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət, artıq reallığa çevrilən çoxsaylı infrastruktur layihələri ölkəmizin coğrafi əhəmiyyətini daha da artırır.

Uğurlu beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşdırılan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizinin seqmentləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşa edilməsi ölkəmizin mühüm nəqliyyat qovşağına və yeni logistik məkana çevrilməsi üçün geniş imkanlar açıb.

Rasim Əliquliyev bu ilin aprelində Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda təqdim edilən çıxışını xatırladıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərindən bəhs edib. Bu məqsədlə “yaşıl enerji”, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqinin, smart texnologiyalara əsas­lanan infrastruktur layihələrinin icrasının önəmini diqqətə çatdırıb. Zəngəzur nəqliyyat dəhlizinin mühüm əhəmiyyətindən söz açıb. “Cənab Prezidentin haqlı olaraq söylədiyi kimi, Zəngəzur dəhlizi Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi simasında mövqeyini gücləndirmək imkanı verəcək” – deyə akademik vurğulayıb.

Ümumi yığıncağın sədri Rasim Əliquliyev qeyd edib ki, nəqliyyatın intellektuallaşdırılması, onun idarə olunmasında süni intellekt texnologiyalarının tətbiqi, dron nəqliyyatı, ölkəmizin nəqliyyat və logistika infrastruk­tu­ru­nun gələcək perspektivlərinin araşdırılması, bu sahədə multidissiplinar tədqiqatların aparılması və va­cib elmi nailiyyətlərin qazanılması üçün İSİ və FRTEB-in digər müəssisələri gərəkli kadr poten­sialı­na malikdir. AMEA-nın vitse-prezidenti bununla bağlı bir sıra təkliflərini də səsləndirib.

Rasim Əliquliyev, həmçinin IV Sənaye inqilabının və dünyanın qlobal çağırışlarını, öl­kəmizin milli və strateji maraqlarını özündə ehtiva edən elmi-nəzəri, innovativ tədqiqatlarının aparılmasının önəmindən danışıb. Müasir dünya elminin və qlobal əmək bazarının tələblərinə cavab verə bilən Data Analytics, Soft engineering, maliyyə riyaziyyatı, proqram mühəndisliyi,  kibercinayətkarlıq kimi mühüm ixtisaslar üzrə kadr hazırlığının həyata keçirilməsinin taleyüklü məsələlərdən olduğunu vurğulayıb. 

Məruzələrlə bağlı aparılan müzakirələrdə akademiklər – Fikrət Əli­yev, Cavad Abdinov, Adil Qəribov, Asəf Hacıyev, AMEA-nın müxbir üzvləri – Afiq Hə­sə­nov, Vaqif Quliyev, Oktay Qasımov, Ramiz Alıquliyev yaxından iştirak edərək fikir və suallarını səsləndiriblər.

Sonda FRTEB-in Ümumi yığıncağı Biofizika və İdarəetmə Sistemləri ins­­titutlarının və Milli Avia­si­ya Akademiyasını 2021-ci ildə apa­rıl­mış elmi tədqiqat işlə­ri­nin ye­kunlarına dair hesa­batların qəbul olunub AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsinin lehinə yekdilliklə səs verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.