İnformasiya Texnologiyaları İnstitutunda Dünya Elm Günü qeyd olundu

11 Noyabr 2021 - 14:20 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında 10 noyabr - Dünya Elm Günü ilə bağlı müzakirələr aparıldı.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev tədbirdə giriş nitqi ilə çıxış edərək öncə II Qarabağ müharibəsində ərazi bütövlüyümüzün bərpası uğrunda qazanılan tarixi qələbənin ildönümü, 8 Noyabr – Zəfər Günü, eyni zamanda 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə rəhbərlik etdiyi kollektivi təbrik etdi.

Akademik elmi seminarda Industry 4.0 platformasında elmdə gedən transformasiyalar, imkanlar, qarşıya çıxan problemlər və perspektivlərlə bağlı məruzənin dinləniləcəyini söylədi. Bildirdi ki, dünyanın əksər ölkələrində qeyd olunan bu günün əsas məqsədi cəmiyyətdə elmin rolunu yüksəltmək, elmin missiyasını bəşəriyyət qarşısında duran qlobal problemlərin həllinə yönəltmək, eləcə də, bu məsələlərə dünya ölkələrinin diqqətini cəlb etməkdir.

Hər il noyabrın 10-da qeyd olunan Sülh və İnkişaf Naminə Dünya Elm Gününün yaranması haqqında məlumat verən alim nəzərə çatdırdı ki, elmi ictimaiyyət üçün mühüm tarixi hadisə olan bu gün 1999-cu ildə UNESCO və Dünya Elmi Şurasının birgə qərarı ilə təsis edilmiş və ilk dəfə 2002-ci ildə Macarıstanda keçirilmişdir.

R.Əliquliyev bir neçə il öncə İordaniyada keçirilən Dünya Elm Gününə həsr olunmuş mötəbər tədbirdə dünyanın hər yerindən elm sahəsində fəaliyət göstərən şəxslər, tanınmış alimlər, nüfuzlu şirkətlər, o cümlədən elmi müəsisə və təhsil qurumları rəhbərlərinin iştirak etdiyini, həmin iclasda AMEA-nın da yüksək səviyyədə təmsil olunduğunu xatırlatdı.

Akademikin fikrincə, elm bütün dünyada cəmiyyətə və insanlara xidmət etməklə yanaşı, bəzən bəşəriyyət üçün qlobal təhlükələr də yaradır ki, buraya kütləvi qırğın silahları, nüvə silahları və s. aiddir. Artıq elm özü elə bir inkişaf səviyyəsinə gəlib çıxıb ki, nəinki bəşəriyyətə xidmət edir, hətta bəzən onun məhv olmasına gətirib çıxara bilər.

AMEA-nın vitse-prezidenti bu gün dünyada ən aktual mövzulardan biri olan qlobal iqlim dəyişiklikləri barədə fikirlərini bölüşdü. Son illərdə Arktikada buzların əriməyə başlaması, meşə yanğınlarının vüsət alması, dünya okeanında suyun səviyyəsinin qalxması və bir sıra ölkələrin su altında qalmasını bəşəriyyət üçün qlobal problem və ciddi təhlükələr kimi qiymətləndirdi. Bu kimi problemlərin meydana gəlməsində müəyyən mənada elm və texnologiyanın sürətli inkişafının rolu olduğunu dedi.

Akademik R.Əliquliyev söylədi ki, hazırda dünyanı ən çox narahat edən və düşündürən məsələ elmin cəmiyyət və təbiət, cəmiyyət və qlobal iqlim, eləcə də ekologiyaya dair prioritetlərinin müəyyənləşdirilməsi və bəşəriyyətin xilası üçün bütün səylərin birləşdirilməsidir.

“Seminarın əsas tədqiqat obyekti və hədəfi IV sənaye inqilabının çağırışları əsasında elmdə gedən rəqəmsal transformasiyalar haqqında fikir mübadiləsi aparmaqdır”, – deyən akademik, bu tədbirdə həmçinin dünya elmini narahat edən məsələlərlə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərin, atılan addımların müzakirə olunacağını diqqətə çatdırdı.

Tədbirdə çıxış edən institutun şöbə müdiri Təhmasib Fətəliyev Dünya Elm Gününün əhəmiyyətini vurğuladı, institutun kollektivini bu gün münasibətilə təbrik etdi. Bildirdi ki, elmi seminarda İndustry 4.0 həllərinə əsaslanaraq elektron elmin transformasiyası ilə elmin korporativ mühit kimi Science 4.0 çərçivəsində yenidən qurulmasının konseptual məsələləri müzakirə olunacaq.

T.Fətəliyev müzakirəyə çıxarılan mövzunun İnformasiya Texnologiyaları İnstitutu ilə bağlılığının bu qurumda elektron elm problemi ilə bağlı araşdırmaların aparılması ilə başladığını qeyd etdi. Bu istiqamətdə institutun alim və mütəxəssislərinin çoxsaylı elmi tədqiqatlar apardığını, əldə olunan nəticələrin dünyanın nüfuzlu nəşrlərində çap olunduğunu dedi.

Sonra elmi seminarında şöbə müdirləri Təhmasib FətəliyevŞakir Mehdiyevin “Industry 4.0 platformasında e-elmin transformasiyası: İmkanlar, problemlər və perspektivlər” mövzusunda hazırladıqları məruzə dinlənildi.

Mövzu üzrə aparılmış elmi araşdırmaların nəticələrini Ş.Mehdiyev təqdim etdi. O, bildirdi ki, elm və sənaye inqilabları qarşılıqlı əlaqəlidir və vəhdət təşkil edirlər. Belə ki, onların inkişafı və formalaşması paralel olaraq baş verir. Qabaqcıl elmi-texnoloji nailiyyətlər sənaye inqilablarının əsasını təşkil edir, sənaye inqilabları isə öz növbəsində, yeni elmi istiqamətlərin formalaşmasına və elmin cəmiyyətin ehtiyaclarına uyğunlaşmasına kömək edir.

Məruzəçinin sözlərinə görə, dünyada sənayeləşmə prosesinin təkamülü birinci-dördüncü sənaye inqilabları kimi tanınan bir neçə mərhələdən keçmişdir. Mexanikləşdirmə, elektrikləşdirmə və informasiyalaşdırma uyğun olaraq, ilk üç sənaye inqilabının fərqləndirici əlamətləri olmuşdur. Hazırki dövrdə yaşanan dördüncü sənaye inqilabının əsası Almaniya federal hökumətinin təşəbbüsü ilə universitetlərin və özəl şirkətlərin iştirakı ilə Sənaye 4.0 konsepsiyasının elan edildiyi 2011-ci ildə başlamışdır. Konsepsiyanın əsas vəzifəsi milli sənayenin səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq üçün istehsal sistemlərində innovativ informasiya texnologiyalarını inkişaf etdirmək və tətbiq etmək kimi müəyyənləşdirilmişdir. Hazırda Industry 4.0 kimi tanınan dördüncü sənaye inqilabı üçün smart avtomatlaşdırma, fiziki və rəqəmsal dünyanın Əşyaların İnterneti (Əİ) və kiber-fiziki sistemlər (KFS) vasitəsilə əlaqələndirilməsi xarakterikdir.

“Sənaye inqilablarının mərhələlərinə uyğun olaraq, elmin inkişafının dörd vektorunu ayırmaq olar. Bu mənada, elmin dördüncü vektoru kimi Science 4.0 qəbul olunur və onun çərçivəsində Industry 4.0-ın Əİ, KFS, süni intellekt, bulud hesablamaları, Big data analitika və digər smart texnologiyaların geniş istifadəsi nəzərdə tutulur. Beləliklə, Industry 4.0 digər sahələrlə yanaşı, elmin inkişafı üçün də yeni perspektivlər açır və onun əsas texnologiyalarının tətbiqinə əsaslanan Science 4.0 konsepsiyasının reallaşdırılmasını aktuallaşdırır. Bununla da Industry 4.0 platformasında e-elmin transformasiyası baş verir. Başqa sözlə desək, e-elmin Science 4.0-ın texniki-texnoloji bazası kimi qəbul olunub inkişaf etdirilməsi ilə konsepsiya reallaşdırılacaqdır”, - deyə alim qeyd etdi.

Ş.Mehdiyev Elm və Sənaye inqilablarının cəmiyyətin inkişafına təsiri, Azərbaycanda informasiya cəmiyyətinin formalaşması, e-dövlət institutlarının, o cümlədən e-elmin və onun sahələrinin Industry 4.0 çağırışların uyğun transformasiyasını ətraflı izah etdi. Industry 4.0-ın 2021-ci il trendləri və Sciences 4.0-ın formalaşmasına əsas verən smart tətbiqlər: smart laboratoriyalar, smart kitabxana, smart universitet, smart bina, smart şəhər, rəqəmsal əkiz və s. haqqında məlumat verdi. O, Science 4.0-ın formalaşmasının konseptual məsələlərini təqdim edərək bildirdi ki, Science 4.0 konsepsiyası çərçivəsində elm korporativ bir mühit kimi qəbul edilir. Onun fiziki infrastrukturunu telekommunikasiya şəbəkələri, verilənlərin emalı mərkəzi, tədqiqat laboratoriyaları, binalar, enerji-istilik-su təminatı, logistika və s. təşkil edir. Belə inteqrasiya edilmiş KFS binalarla əlaqədar fasiləsiz enerji və su təchizatı; iqlim nəzarəti; giriş nəzarəti; bina təhlükəsizliyi və video nəzarət; material və avadanlıqların idarə edilməsi; avadanlıqların monitorinqi; binanın idarə edilməsi, təhlükələrin aşkarlanması və xəbərdarlıq və s.; şəbəkə resurslarına, qurğularına və avadanlıqlarına texniki xidmət; şəbəkə monitorinqi və kibertəhlükəsizlik; elektron xidmətlər; fasiləsiz diaqnostika və s.; elmin informasiya təminatının idarə edilməsi və təhlükəsizliyi; elmi fəaliyyət və elmin idarə olunmasına dəstək və s. təmin etməlidir.

Məruzə seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılandı, çıxış ətrafında geniş fikir mübadiləsi aparıldı.

Müzakirələrdə iştirak edən institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev və digər alim və mütəxəssislər institutda Dünya Elm Gününün qeyd edilməsinin əhəmiyyətini vurğuladılar, seminarda dünya elmini narahat edən qlobal problemlərin həlli istiqamətində aparılan müzakirələri yüksək qiymətləndirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.