AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva 15-ci IEEE “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” (The 15th IEEE International Conference Application of Information and Communication Technologies, 13-15 Oct 2021) beynəlxalq konfransında bulud texnologiyalarına kiberhücumların aşkarlanması üsulu haqqında çıxış edib.
O, nüfuzlu beynəlxalq konfransda təqdim etdiyi “Bulud texnologiyalarının servis modellərinə olan kiberhücumların aşkarlanması üçün korrelyasiya əsaslı əlamətlərin seçilməsi üsulu” (“Detection of Cyberattacks in Cloud Computing Service Delivery Models using Correlation based Feature Selection”) adlı məruzədə öncə bulud xidmətlərinin təhlükəsizlik məsələləri, kiberhücumlar və onlardan müdafiə mexanizmləri haqqında məlumat verib. Bu hücumların aşkarlanması üçün istifadə olunan metodların çatışmazlıqlarını konfrans iştirakçılarının diqqətinə çatdırıb.
F.Abdullayeva bulud texnologiyalarının miqyaslaşa bilən informasiya texnologiyaları resurslarını İnternet texnologiyalarından istifadə etməklə xarici müştərilərə servis şəklində təqdim edən hesablama sistemi olduğunu söyləyib: “Tətbiqin sürətliliyi, istifadəyə görə ödəniş (pay-for-use), az xərc, miqyaslaşma, sürətli təminat, ani elastiklik, istənilən məkandan şəbəkə üzərindən girişin mümkünlüyü, yüksək möhkəmlik, şəbəkə hücumlarına qarşı hipervizor müdafiəsi, təbii fəlakətin az xərclə bərpası, verilənlərin saxlancı həllərinin olması, tələbə uyğun təhlükəsizliyə nəzarət, sistemə olan müdaxilələrin real zamanda aşkarlanması, xidmətlərin yenidən ani qurulması bulud texnologiyalarının üstünlüklərindəndir”.
Məruzəçi son zamanlar 4-cü sənaye inqilabının yaratdığı texnologiyaların cəmiyyətin bütün sferalarına tətbiqinin böyük həcmdə verilənlərin generasiya olunmasına səbəb olduğunu deyib. Qeyd edib ki, toplanan verilənlərin effektiv emalının təmin edilməsini bulud texnologiyaları olmadan təsəvvür etmək mümkün deyildir. Hazırda kiber-fiziki sistemlər, pilotsuz uçuş aparatları, Əşyaların interneti kimi müasir texnologiyalar kritik infrastrukturlarda, dövlət sektorunun müxtəlif sferalarında geniş tətbiq olunur. O, son zamanlar ayrı-ayrı təşkilatların öz infrastrukturlarını böyük sürətlə buluda miqrasiya etməsinin müşahidə edildiyini söyləyib: “Müxtəlif analitik təşkilatların hesabatında 74% respondentin bulud xidməti modellərinin tətbiqinə maneə törədən ən başlıca problemin təhlükəsizlik olduğu əsaslandırılmışdır”.
Bulud servislərinin onların provayderləri və istifadəçilərini bir sıra təhlükəsizlik təhdidlərinin təsirinə məruz qoyduğunu söyləyən tədqiqatçı, bu təhlükəsizlik təhdidlərinin növlərinin sayının böyük sürətlə artdığını deyib. Bildirib ki, bu təhdidləri reallaşdıran hücumların təbiəti fərqlidir. Onlar həm bulud provayderlərini, həm də istifadəçiləri hədəfə ala bilirlər. Bu səbəbdən bulud sisteminin özü və istifadəçiləri üçün təhlükəsizlik başlıca problemlərdən biri hesab olunur.
F.Abdullayeva məqalədə bulud texnologiyalarının servis təminatı modellərinə olan kiberhücumların aşkarlanması üçün əlamətlərin seçilməsi konsepsiyasını özündə əks etdirən üsulun işləndiyini söyləyib. Təklif edilmiş yanaşmada əvvəlcə sabit qiymətlər alan əlamətlərin və duplikat əlamətlərin avtomatik silinməsi aparılıb. Daha sonra verilənlər bazasında qalan digər əlamətlər arasında korrelyasiya hesablanıb və yüksək korrelyasiya olunan əlamətlər verilənlər bazasından silinib. Formalaşmış yeni verilənlər bazası üzərində müxtəlif klassifikasiya alqoritmləri tətbiq olunub. Eksperimentin nəticələrinə əsasən belə qənaətə gəlmək olar ki, klassifkasiya alqoritmləri ilkin verilənlər bazası ilə müqayisədə əlamətlərin seçilməsi proseduru tətbiq edilmiş verilənlər bazası üzərində daha yüksək dəqiqlik nümayiş etdirir.
Məqalə Azərbaycan Respublikası Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi qrant layihəsi (“Qrant № EİF-BGM-4-RFTF-1/2017-21/08/1”) çərçivəsində aparılmış elmi tədqiqatlar əsasında hazırlanıb.
Qeyd edək ki, “IEEE International Conference on Application of Information and Communication Technologies” konfransının materialları “Web of Science” və “Scopus” bazalarında indeksləşir və referatlaşır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.