AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının ilk iclasında problem şurasının təşkili və fəaliyyətinə dair çıxış edib. Şuranın sədri bildirib ki, AMEA-nın Rəyasət Heyəti və AR Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) birgə qərarı ilə əvvəlki strukturdan fərqli olaraq, 6 elmi istiqamət üzrə 6 problem şurası təşkil olunmuşdur ki, onlardan biri də Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasıdır. Şuranın tərkibinə fizika, riyaziyyat, astrofizika, idarəetmə sistemləri, informasiya texnologiyaları və digər texniki elmlərə aid 27 alim daxildir. Qəbul olunmuş qərara əsasən, problem şurasının sədrinin müavini AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Afiq Həsənov, elmi katibi isə İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovadır.
Sonra akademik problem şuralarının fəaliyyətini tənzimləyən bir sıra normativ-hüquqi sənədlər haqqında məlumat verib. 2016-cı ildə dövlət başçısı İlham Əliyev tərəfindən qəbul edilmiş “Elm haqqında” qanunda problem şuraları və ETƏŞ haqqında müəyyən müddəaların yer aldığını diqqətə çatdırıb. Qeyd edib ki, əsas məqsəd ölkəmizdə elmi tədqiqatlar və elmi fəaliyyətin əlaqələndirilməsi, digər tərəfdən ölkəmizdə elm və texnologiya sahəsində aparılan siyasətə dəstək vermək, qabaqcıl elmi istiqamətləri dünya səviyyəsində analiz etmək, zəruriyyət yarandıqca elm və təhsil müəssisələrinin, alimlərin qarşısına yeni vəzifələr tövsiyə etməkdir. Bütövlükdə ölkə üzrə elm və təhsil qurumlarında aparılan tədqiqatları əlaqələndirmək də problem şuralarının əsas fəaliyyət istiqamətlərindəndir.
AMEA-nın vitse-prezidentinin sözlərinə görə, dissertasiyalar üzrə koordinasiya işlərinin aparılması, təkrarçılığın aradan qaldırılması, bu və ya digər istiqamətlərdə aparılan tədqiqatların aktuallığının qiymətləndirilməsi, dünya elminin tələblərinə uyğunlaşdırılması, müəyyən tövsiyələrin verilməsi problem şuralarının qarşısında duran vəzifələrdəndir. Şura üzvləri təşəbbüskar fəaliyyət göstərərək ayrı-ayrı elmi müəssisələr, təhsil qurumları və alimlər arasında münasibətlərin qurulmasında fəal iştirak etməlidir.
Akademik Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) fəaliyyətindən də danışıb. Hazırda AAK-da müasir tələblərə cavab verən kompleks islahatların aparıldığını, Komissiyanın fəaliyyətinin yenidən qurulması, şəffaflığın təmin olunması və attestasiyanın keyfiyyətinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini qeyd edib.
Hazırda problem şuralarının qarşısına çox ciddi vəzifələrin qoyulduğunu deyən akademik AMEA da daxil olmaqla, ölkənin bütün elm və təhsil müəssisələri ilə müxtəlif səviyyələrdə münasibətlərin qurulması və hesabatların qəbul edilməsində fəal iştirakın zəruri olduğunu vurğulayıb.
“Qarşımıza qoyulan mühüm vəzifələrdən biri də kadr hazırlığı prosesinə intellektual dəstək verməkdir”, – deyən R.Əliquliyev qeyd edib ki, dissertantura və doktorantura üzrə kadr hazırlığı ilə məşğul olan ayrı-ayrı elm və təhsil müəssisələrində gənc tədqiqatçılara təklif edilmiş dissertasiya işləri ilkin olaraq müvafiq elmi şuralarda, son mərhələ kimi isə ETƏŞ-in nəzdində fəaliyyət göstərən müxtəlif problem şuralarında müzakirə olunaraq qeydiyyata alınmalıdır.
Alim rəhbəlik etdiyi İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet şəbəkəsinin Data Mərkəzində son illərdə problem şuralarında qeydiyyatda olan dissertasiya işlərinin vahid reyestrinin yaradıldığını, həmin resurslar və bulud xidmətlərindən müxtəlif aidiyyəti olan qurumlar, eyni zamanda problem şuraları üçün istifadə imkanlarının yaradıldığını nəzərə çatdırıb.
Akademik çıxışının sonunda yeni yaradılmış problem şurasının fəaliyyətinin səmərəli təşkili və qarşıya qoyulan vəzifələrin icrası prosesində hər kəsi fəal iştirak etməyə çağırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.