AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin “Vətəndaş elmi və könüllülər hərəkatının qarşılıqlı əlaqəsi və inkişaf perspektivləri” mövzusuna həsr edilmiş onlayn elmi seminarı keçirildi.
Məruzəni şöbənin əməkdaşı Nərgiz Verdiyeva təqdim edərək vətəndaş elmi ilə könüllülər hərəkatının qarşılıqlı əlaqəsi, müasir dünyada könüllülər hərəkatı və onun cəmiyyətə faydaları, problemin həllində İKT-nin rolu və problemin inkişaf perspektivləri barədə ətraflı məlumat verdi.
“Vətəndaş elmi əksəriyyətinin ixtisas üzrə ilkin hazırlığı olmayan çoxlu sayda həvəskar vətəndaşın elmi tədqiqatların aparılmasına könüllü cəlb olunması konsepsiyasıdır”, – deyə bildirən N.Verdiyeva vətəndaş elmini xarakterizə edən xüsusiyyətləri sadaladı, onun məqsədlərindən bəhs etdi. Bildirdi ki, vətəndaş alimlərin layihələrdə iştirakı qoyulmuş məsələləri daha səmərəli həll etmək imkanları yaradır. Vətəndaş elmi tədqiqatlarda və ümumilikdə elmdə ictimai iştirakı təşviq etməyə yönəlmişdir. Bu, qeyri-rəsmi təhsil (vətəndaş təhsili) üçün bir yanaşmadır. Belə layihələrdə vətəndaş-alimi əvəz edən vətəndaş-pedaqoq konkret məsələlərin həlli üçün bilik və bacarıqlarını paylaşır.
Məruzəçi könüllülər hərəkatının tarixindən söz açdı, müasir dünyada könüllü fəaliyyət haqda məlumat verdi, könüllülərin faiz göstəricilərini diqqətə çatdırdı. Qeyd etdi ki, könüllülər cəmiyyətin müxtəlif sahələrindən və fərqli yaş qruplarından olan insanlardır. Könüllü olmaqla, hər kəs gələcəkdə çalışmaq istədiyi sahədə bilik və təcrübə əldə edə bilər. Könüllülər rəsmi məlumat mənbələrinə giriş əldə edir ki, bu da onları maraqlandıran təşkilatların strukturunu və fəaliyyətini daha dərindən öyrənməyə imkan verir. Könüllülük həm də ünsiyyət dairəsini genişləndirir və faydalı əlaqələr yaradır ki, bu da elmi tədqiqatlar zamanı səmərəli əməkdaşlığı inkişaf etdirə bilər.
O, Azərbaycanda könüllü fəaliyyətə dəstək məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirildiyini və dövlət dəstəyi mexanizmlərinin formalaşdırıldığını nəzərə çatdırdı. Qeyd etdi ki, könüllülük ölkənin bütün bölgələrini, ictimai həyatın müxtəlif sahələrini, cəmiyyətin bütün təbəqələrini əhatə etdi, bir çox fəaliyyət sahələrinə nüfuz etməklə milli hərəkata çevrildi. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalaması gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etməklə yanaşı, həm də Azərbaycanda könüllülər hərəkatının və onun nəticələrinin vətəndaş elmində istifadəsi imkanlarının inkişafını sürətləndirdi.
Vətəndaş elmi və könüllülər hərəkatının qarşılıqlı əlaqəsi və inkişaf perspektivlərindən bəhs edən məruzəçinin sözlərinə görə, vətəndaş elmi layihələrində istifadə olunan proqram və təlim vasitələri könüllü şəxslərin layihələrə qoşulmasına şərait yaradır, istifadə olunan proqramların sadə interfeysi dil və savad baryerləri olan şəxslərin də elmə töhfə verə bilməsini təmin edir. Könüllülər tədqiqatların müxtəlif mərhələlərində iştirak etməklə müvafiq elm sahəsi üzrə biliklər əldə edir, bu isə vətəndaş elminin və ümumilikdə e-elmin inkişafı üçün müsbət nəticələr verir. İnternet, mobil, cloud xidmətləri, onlayn videokonfrans vasitələri və digər qabaqcıl texnologiyalar bu sahə üçün geniş inkişaf perspektivləri yaradır.
“Könüllülük həm şəxsi inkişaf, həm də ümumilikdə cəmiyyət üçün faydalıdır. Bu baxımdan könüllülük hərəkatının inkişaf etdirilməsi son dərəcə vacibdir”, – deyə məruzəçi qeyd etdi.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.