Dərin təlimin kibertəhlükəsizlikdə tətbiqi problemlərinə həsr olunmuş məqalə nüfuzlu jurnalda dərc edilib

10 Mart 2020 - 14:34 | Yeni nəşrlər
Dərin təlimin kibertəhlükəsizlikdə tətbiqi problemlərinə həsr olunmuş məqalə nüfuzlu jurnalda dərc edilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın həmmüəllifi olduqları “Dərin təlimin kibertəhlükəsizlikdə tətbiqləri: problemlər və yanaşmalar” (Deep Learning in Cybersecurity: Challenges and Approaches, DOI: 10.4018/IJCWT.2020040105) adlı məqalə ABŞ-ın “IGI Global” nəşriyyatında dərc olunan “International Journal of Cyber Warfare and Terrorism (IJCWT)” jurnalında çap olunub.

İşdə dərin təlim metodlarının kibertəhlükəsizlik sahəsində tətbiqinin mövcud vəziyyəti və problemləri analiz olunub, müxtəlif kiberhücumların dərin təlim əsasında aşkarlanması üsullarının strukturlaşdırılmış və müqayisəli analizi aparılıb, onların təsnifatı verilib. Generativ rəqib şəbəkələr vasitəsi ilə dərin təlim üsullarına edilən hücum metodları tədqiq olunub.

Məqalədə, həmçinin tədqiqatçıların kiberhücumların aşkarlanması üçün təklif etdiyi metodların effektivliyinin qiymətləndirilməsi üçün istifadə olunan verilənlər bazaları şərh edilib. Dərin təlimin tətbiqi ilə kibertəhlükəsizlik üzrə dərc olunan məqalələrin illər üzrə statistik analizi aparılıb. Dərin təlim əsasında yaradılmış kommersiya həlləri analiz olunub.    

“International Journal of Cyber Warfare and Terrorism” jurnalı “Web of Science”, “Scopus” (Elsevier), “Inspec”, “DBLP”, “Google Scholar” və digər beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.