Fevralın 21-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirildi. Seminarda institutun böyük elmi işçisi Roza Şahverdiyevanın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə təqdim etdiyi dissertasiya işi müzakirə olundu.
R.Şahverdiyeva “Texnoparkların fəaliyyətinin səmərəli təşkili və idarə olunması üçün model və metodların işlənilməsi” adlı dissertasiya işini təqdim edərək mövzunun aktuallığı, tədqiqatın məqsədi, obyekti, elmi yeniliyi və s. haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, tədqiqat işi giriş, 4 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.
Məruzəçi dünyanın qabaqcıl dövlətlərinin əsas inkişaf tendensiyalarına müvafiq olaraq Azərbaycanda iqtisadiyyatın informasiyaya, biliyə, İKT-yə, yeni texnologiyaya, innovasiyaya əsaslanaraq inkişaf etdirilməsinin zəruriliyinin bir sıra rəsmi sənədlərlə təsbit olunduğunu və bu istiqamətdə müəyyən işlərin icra olunduğunu bildirdi. Bununla yanaşı, qarşıda duran poblemlərin həlli üçün riyazi modelləşmə və informasiya texnologiyalarının müasir nailiyyətlərindən yararlanmaqla müvafiq instrumentariyaların işlənilməsinin, tövsiyələrin hazırlanmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
Bildirdi ki, tədqiqatın məqsədi informasiya iqtisadiyyatı şəraitində texnoparkların fəaliyyətinin səmərəli təşkili və idarə olunması üzrə müvafiq model və metodların, alqoritm və mexanizmlərin işlənilməsi, həmçinin onların tətbiqi üçün müvafiq tövsiyələrin təklif edilməsidir.
R.Şahverdiyeva tədqiqatın əldə olunan nəticələrini təqdim etdi. Məruzəçinin sözlərinə görə, işdə texnoparkların formalaşma mərhələləri, spesifik xüsusiyyətləri, həmin sahədəki beynəlxalq vəziyyət sistemli analiz edilib, beynəlxalq və milli strateji prinsip, prioritet və tələblərin sintezi əsasında texnoparkların müasir təşkilati-idarəetmə strukturu işlənilib. Texnoparkların yaradılması və fəaliyyətinin təşkilində innovativ layihələrin işlənilməsi, qiymətləndirilməsi, seçilməsi, reallaşdırılması üzrə müvafiq göstəricilər və kriteriyalar təklif olunub, onların müqayisəli qiymətləndirilməsi alqoritmi işlənilib. Həmçinin, texnoparkların fəaliyyətinin intellektual idarə olunması sisteminin konseptual informasiya və riyazi modeli təklif olunub.
Sonra mövzu ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
Elmi rəhbər iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev çıxış edərək mövzunun aktual məsələlərə həsr olunduğunu bildirdi. Alim dissertasiya işində texnoparkların ümumi şəkildə xarakterizə olunduğunu, layihələrin göstərici və kriteriyalarının müəyyənləşdirildiyini və onların əsasında model və metodikaların işlənildiyini qeyd etdi. Texnoparklarda idarəetmənin təkmilləşdirilməsi, onun struktur modelinin işlənilməsi istiqamətində resurs, sənaye, xidmət, eləcə də elm və innovasiyaprofilli texnorparkların təhlilinin aparıldığını nəzərə çatdırdı.
Daha sonra fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov və texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva aparılan elmi tədqiqat işi barəsində mütəxəssis rəyini diqqətə çatdırdılar. Hər iki rəyçi vurğuladı ki, dissertasiya işi tamamilə “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun qaydada tərtib olunub, tədqiqatın mövzu və məzmunu iddia olunan ixtisasa uyğundur və dissertasiya işi İxtisalaşmış Şurada müdafiəyə təqdim oluna bilər.
Müzakirələrdə iştirak edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvləri – texnika elmləri doktorları professor Məsumə Məmmədova, Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktorları – dosent Zərifə Cəbrayılova, dosent Yadigar İmamverdiyev, dosent Fərhad Yusifov və Məmməd Həşimov aparılan elmi tədqiqatın nəzəri və praktiki önəmini, o cümlədən əldə edilən elmi nəticələrin əhəmiyyətini nəzərə alaraq dissertasiya işinin növbəti mərhələyə təqdim olunmasını təklif etdilər.
Dissertasiya işinin müvafiq dissertasiya müdafiəsi şurasına təqdim olunması yekdilliklə qərara alındı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.