10 dekabr 2019-cu il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov “Horizon 2020” proqramında İKT üzrə milli əlaqələndirici şəxs kimi Azərbaycan Memarlıq və İnşaat Universitetində “Horizon 2020” proqramına həsr olunmuş görüşdə iştirak edib. Tədbirdə məruzə ilə çıxış edən şöbə müdiri diqqətə çatdırıb ki, informasiya və kommunikasiya texnologiyaları (İKT) Avropanın qlobal rəqabət qabiliyyətini müəyyən edən prioritet istiqamətlərdən biridir. “Horizon 2020”də İKT əsasən elmdə, sənayedə liderlik və sosial problemlərin həllində İKT-nin inkişafına dəstək verir. “Horizon 2020”də xüsusilə 2018-2020-ci illər üzrə işçi proqamında İKT ilə əlaqəli, multidissiplinar mövzular bir çox sahələri əhatə edir.
Onun sözlərinə görə, “Horizon 2020” çərçivəsində qəbul edilən ilk “İKT-nin tətbiqi və sənaye texnologiyalarında liderlik” (Leadership in Enabling and Industrial Technologies) (ICT-LEIT) proqramı Avropanın bu sahədə qarşılaşdığı əsas çağırışlara, problemlərə balanslaşdırılmış cavab verməklə tam innovasiya zəncirini əhatə edir və yüksək səviyyəli elmi-tədqiqatdan bazara daha sürətlə keçidin zəruriliyini göstərir: “Proqramın İKT bölməsində altı əsas fəaliyyət istiqaməti müəyyən edilmişdir: yeni nəsil komponentlər və sistemlər, qabaqcıl hesablama, gələcəyin İnterneti, kontent texnologiyaları və informasiya menecmenti, robotexnika, mikro və nano texnologiyalar, fotonika. Bundan əlavə, proqrama bir sıra multidisiplinar mövzular o cümlədən, süni intellekt, 5G, bulud texnologiyaları, kibertəhlükəsizlik, Əşyaların İnterneti və rəqəmsal əsrdə insan mərkəzli tədqiqatlar daxildir”.
Şöbə müdiri Avropa Komissiyası “Horizon 2020” tədqiqat və innovasiya proqramının büdcəsindən təxminən 6 milyard avronun İKT sektoruna sərf ediləcəyini bildirib. Vəsait tədqiqat və innovasiyalar üçün ayrılmış 30 milyard avro dəyərində olan büdcənin bir hissəsini təşkil edir və proqramın 2018-2020-ci illəri əhatə edən son mərhələsində istifadə olunacağı nəzərdə tutulur.
F.Yusifovun sözlərinə görə, ayrılmış vəsaitin İKT ilə əlaqəli bir sıra layihələrə, o cümlədən Avropa sənayesinin və xidmətlərinin rəqəmsallaşdırılması, kibertəhlükəsizlik məsələlərinin həll olunması, smart nəqliyyat, elektron infrastrukturlar və “Avropa Açıq Elm Buludu” (“European Open Science Cloud”) kimi layihələrin həyata keçirilməsinə yönəldilib. Proqramda İKT-nin müxtəlif sahələrə tətbiqi ilə bağlı mövzuların çoxluğunu nəzərə alaraq, elmin inkişafının daha yüksək səviyyəyə qaldırılmasına, innovasiya və elmi tədqiqatların sənayedə tətbiqinə, sağlam həyat və qida təhlükəsizliyinə, ətraf mühitin qorunmasına, enerji və digər təbii ehtiyatların səmərəli istifadə edilməsinə yönəlmiş layihələrdə elmi-yaradıcı kollektivlərin iştirak perspektivi yüksəkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.