Bu il fizika üzrə Nobel mükafatına mavi işıq diodlarını icad edən yapon alimləri - İsamu Akasaki, Hiroşi Amano və Şuji Nakamura layiq görülüblər. Bu haqda Nobel Komitəsinin www.nobelprize.org saytında bildirilib.
Mavi işıq diodları lüminessent lampalarından 5 dəfə, közərmə lampalarından isə 20 dəfə effektlidir. Elektrik enerjisinə qənaət edən və ekoloji cəhətdən təhlükəsiz olan işıq-diod lampalarının tətbiqinə cüzi vəsait qoymaqla sərf olunan elektrik enerjisinin 80%-nə qənaət etmək olar.
S.Nakamura mavi işıq diodlarını “Nichia Chemical Industries” yapon şirkətində çalışarkən icad etmişdir. Lakin firma ona bu yeniliyə görə heç bir vəsait ödəmədiyi üçün o, işdən çıxmağa qərar vermişdir. Kaliforniya Universitetinin professoru olan alim 2004-cü ildə məhkəmə işini udur və “Nichia Chemical Industries” ona 20 milyard iyen ödəməli olur.
Xatırladaq ki, Nobel mükafatlarının sahiblərinə qızıl medal, diplom və pul mükafatlarının təntənəli təqdimetmə mərasimi hər il dekabr ayının 10-da məşhur İsveç ixtiraçısı, iri sahibkar, dilçi, filosof Alfred Nobelin vəfat etdiyi gündə keçirilir. Ənənəyə görə, İsveç Kralı mükafatları Stokholm konsert zalında təqdim edir, sonra isə ratuşanın Mavi zalında qaliblərin şərəfinə banket verilir. Bu il pul mükafatının məbləği 1 milyon dollardır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.