Qadcetlərdə quraşdırılmış proqramların böyük əksəriyyəti istifadəçi haqqında məlumatları toplayır və emal edir. Adətən, bu, sadəcə xidmətin işləməsi üçün lazımdır. Bəzən istehsalçılar proqramın təkmilləşdirilməsi üçün toplanmış informasiyadan istifadə etməyə çalışırlar. Lakin bu proses həmişə vicdanla aparılmır.
Məlum olduğu kimi, elə proqramlar meydana çıxır ki, onların istehsalçıları istifadəçi məlumatlarını üçüncü şəxslərə satırlar. Bu, əksər hallarda istifadəçinin razılığı olmadan həyata keçirilir.
hi-tech.mail.ru saytının məlumatına görə, bu məsələ ilə əlaqədar olaraq, “Kasperski Laboratoriyası”nın mütəxəssisləri istifadəçinin öz qadcetlərində quraşdırılmış proqramların şəxsi məlumatlarla necə işlədiyini yoxlaya biləcəyi xidmətlər haqqında məlumat veriblər.
İlk növbədə, konkret proqramın məlumatları haraya göndərdiyini müəyyənləşdirən “AppCensus” adlı xidmətə diqqət yönəltmək lazımdır. Bu xidmət dinamik analiz metodundan istifadə edir. Lazımi icazələri alaraq, quraşdırıldıqdan sonra proqram istifadəçi informasiyasının kimə, haraya və hansı formada göndərildiyini izləməyə başlayır.
Mütəxəssislər, həmçinin bilavasitə proqramı və onun icazə üçün göndərdiyi sorğunu öyrənən “Exodus Privacy” xidmətini məsləhət görüblər. Bundan başqa, xidmət istifadəçinin proqramda fəaliyyəti haqqında məlumatları toplayan gizli trekerləri tapa bilir. “Exodus” istifadəçi məlumatlarının təhlükəsizliyini təhdid edən proqram təminatını qeydə alır.
“Kasperski Laboratoriyası”nda nümunə üçün “Google Play”dən 5 milyon dəfə quraşdırılmış selfi-kamera proqramını yükləyiblər. “Exodus” onun 4 reklam trekeri istifadə etdiyini və yalnız kameraya deyil, həm də geolokasiyaya, telefon və zənglər haqqında informasiyaya giriş tələb etdiyini aşkarlayıb. Bu isə adi kameraya mütləq lazım deyil.
“AppCensus” öz növbəsində, göstərib ki, proqram əldə olunmuş informasiyanı smartfonun “IMEI”, MAC-ünvan və Android ID məlumatları ilə birlikdə Çində bir IP-ünvana göndərir. Bundan başqa, məlumatlar şifrələnməmiş formadadır və istənilən şəxs onlara giriş əldə edə bilər.
Buna görə də internet-mağazalarda proqramları ehtiyatla seçmək və icazə üçün sorğuları diqqətlə izləmək lazımdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.