İnternet-reklamda verilənlərin səmərəli toplanması metodunun işlənməsi məsələləri müzakirə edilib

01 Noyabr 2019 - 15:13 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 18 saylı şöbəsinin “İnternet-reklamda verilənlərin səmərəli toplanması metodunun işlənməsi” mövzusuna həsr olunmuş seminarı keçirildi.

Şöbənin baş mütəxəssisi Kəmalə Haşımova mövzu ilə bağlı çıxış edərək bildirdi ki, İnternetdə reklam e-poçt mesajları, pop-up, banner, elan, düymələr, hiperlink, dinamik media, interaktiv oyunlar və s. bu kimi yollarla yayılır.

İnternet reklamın effektivliyindən danışan məruzəçi qeyd etdi ki, əsas effektivlik göstəriciləri (ƏEG) bir sistem təşkil etməklə müəssisənin nə qədər müvəffəqiyyətlə fəaliyyət göstərdiyini və internet reklam vasitələrinin nə qədər effektiv olduğunu göstərir. Onun sözlərinə görə, ƏEG analizi öz fəaliyyətinin effektivliyini qiymətləndirməkdə maraqlı olan biznes sahibləri, bölmə, idarə və müəssisə rəhbərləri, eləcə də fəaliyyətinin effektivliyini qiymətləndirmək istəyən hər bir insan üçün zəruridir: “Reklam kanallarının effektivliyinin analiz edilməsi, zəruri hallarda fəaliyyət strategiyasının korrektə olunması, büdcənin proqnozlaşdırılması və işin nəticələrinin qiymətləndirilməsi əsas effektivlik göstəriciləridir”.

K.Haşımova reklamın iqtisadi effektivliyinin qiymətləndirilməsi haqqında məlumat verdi. Qeyd etdi ki, reklamın iqtisadi effektivliyi reklamın təsiri altında yaranan əlavə mal mübadiləsindən yaranan gəlirlə reklama çəkilən xərclər arasındakı fərqdir və reklamın müvəffəqiyyətindən asılı olaraq bu fərq müsbət və ya mənfi ola bilər.

Məruzəçi əsas kommutativ və iqtisadi göstəriciləri sadalayaraq bildirdi ki, reklamın göstərilmə sayı, göstərişlərin tezliyi, auditoriyaların kəsişməsi, kliklərin və unikal kliklərin sayı, reklamın nəzərə çarpması, yadda qalması və tanınması, unikal və yeni istifadəçilərin sayı, istifadəçinin saytda qalma müddəti və s. əsas kommutativ göstəricilər sırasındadır. Reklamın yerləşdirilmə qiyməti, əməliyyatlar, müştəri, sifariş və satışların sayı, satışın həcmi isə əsas iqtisadi göstəricilərdir.

İnternet reklamın müştərilər ilə qarşılıqlı əlaqəsinin müxtəlif mərhələlərdə qruplardan ibarət olduğunu qeyd edən K.Haşımova unikal istifadəçilərin sayının artım qrafikini təqdim etdi.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. Mövzu ilə bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev İnternet-reklamda verilənlərin səmərəli toplanması metodunun işlənməsinin vacib məsələlərdən olduğunu bildirdi, bu istiqamətdə tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.