AMEA İnformasiya Texnologiyaları İnstitutunun 11 saylı şöbəsinin cari il üzrə hesabatı müzakirə olundu. Hesabatı təqdim edən şöbə müdiri Şakir Mehdiyev rəhbərlik etdiyi şöbənin elmi-tədqiqat fəaliyyəti haqqında məlumat verdi. O, “İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi” mövzusu üzrə tədqiqatların aparıldığını diqqətə çatdırdı.
Şöbə müdiri şəbəkə mühitində texniki nasazlıqların diaqnostikası üçün ekspert sistemlərinin yaradılmasının arxitektur-texnoloji prinsiplərinin işlənildiyini, ekspert diaqnostik sistemlərin model və metodlarının analiz edildiyini, eləcə də e-elm mühitinə kiber-fiziki sistemlərin inteqrasiyası məsələlərinin tədqiq olunduğunu bildirdi.
Ş.Mehdiyev texniki sistemlərdə diaqnostikanın aparıldığını, simsiz şəbəkə sistemlərinin müasir vəziyyəti və inkişaf tendensiyalarının, mikroprosessor arxitekturasında istifadə olunan yeni yanaşmaların araşdırıldığını da diqqətə çatdırdı.
Məruzəçi şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti çərçivəsində görülən işlərdən bəhs etdi, SOCAR-ın Elm Fondu tərəfindən qalib elan edilən “Industry 4.0 konsepsiyası əsasında neft-qaz sənayesinin kiber-fiziki infrastrukturunun formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi” adlı qrant layihəsində iştirak edildiyini qeyd etdi.
O, həmçinin şöbədə elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, “Scopus”, “DBLP” kimi beynəlxalq bazalarda indeksləşən jurnallarda çap olunan məqalələr, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülən işləri nəzərə çatdırdı.
AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı bir sıra təklif və tövsiyələrini səsləndirdi. Alim şöbədə aparılan araşdırmaların daha da dərinləşdirilməsinin vacibliyini vurğuladı.
Hesabata dair müzakirələr aparıldı, sual və təkliflər səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.