Orkestr süni intellekt tərəfindən tamamlanmış simfoniyanı ifa edib

11 Sentyabr 2019 - 15:33 | Maraqlı məlumatlar
Orkestr süni intellekt tərəfindən tamamlanmış simfoniyanı ifa edib

Süni intellekt Qustav Malerin musiqi stili əsasında onun tamamlanmamış 10-cu simfoniyasını yekunlaşdırıb. Hazır kompozisiyanı simfonik orkestr “Ars Electronica” festivalında ifa edib.

Dünyanın ən yaxşı drijorlarından hesab olunan, eyni zamanda bəstəkar olan Qustav Maler 1911-ci ildə dünyasını dəyişib və bu səbəbdən 10-cu simfoniyasını tamamlaya bilməyib.

Alimlər müasir metodlardan istifadə edərək dünyasını dəyişmiş bəstəkarın ruhunu “diriltməyə” çalışıblar. Onlar Malerin 10-cu simfoniyasının ilk altı dəqiqəsini analiz edən və onun davamı üçün öz variantlarını təklif edən neyron şəbəkəsi yaradıblar.  Proqram seçim üçün on notdan ibarət dörd variant təklif edib, daha sonra alimlər bu variantlar arasından ən yaxşı hesab etdiklərini seçiblər. Sonra süni intellekt musiqini yenidən analiz edib və notların ardıcıllığına dair öz variantlarını təklif edib.

naked-science.ru saytının məlumatına görə, texnologiya yaradıcıları, həmçinin tamaşaçıların fikrini öyrəniblər. Məlum olub ki, onların əksəriyyəti orijinal əsərin nə zaman bitdiyini və süni intellekt tərəfindən yaradılmış hissənin nə zaman başladığını anlaya biliblər. Onların sözlərinə görə, əsərdə olan emosional dərinlik hissi getdikcə aradan qalxıb. Alimlər etiraf edirlər ki, proqram kifayət qədər məlumat massivini təhlil etsə də, o, bəstəkara xas olan tipik xüsusiyyətləri yaratmağa müvəffəq olmur.

Hələ ki, müstəqil olaraq musiqi əsərləri yaza bilən proqramlar mövcud deyil, süni intellekt insan nəzarətinə ehtiyac duyur. Yaradıcılar süni intellektin bu funksiyasını proqram təminatının köməyi ilə şəkillərin çəkilməsi funksiyası ilə də müqayisə edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.