İnternetdə domen adlarının və zonalarının ayrılmasını həyata keçirən beynəlxalq korporasiya (Internet Corporation for Assigned Names and Number – ICANN) Azərbaycanda milli domenlərin iki dəfə artımını proqnozlaşdırır.
“ICANN”-ın Rusiya, Şərqi Avropa, MDB ölkələri üzrə vitse-prezidenti Mixail Yakuşevin verdiyi məlumata əsasən, hazırda 10 milyonluq əhaliyə malik olan ölkədə 22 mindən yuxarı domenin qeydiyyatdan keçməsi az olsa da, ümumi artım templəri nəzərə alındıqda gələcəkdə vəziyyət müsbətə doğru dəyişəcək.
“Hazırda bütün dünya üzrə internetin sürətli inkişafı sonda internetin kommunal xidmət səviyyəsində göstərilən bir xidmətə çevrilməsinə gətirib çıxaracaq. Azərbaycanda internetin inkişafı sahəsində gözlənilən inkişaf, o cümlədən Bakıda və regionlarda bütün ictimai yerlərin “Wi-Fi” şəbəkəsi ilə əhatə edilməsi ilə bağlı planlar, tibb, təhsil, sənəd qeydiyyat sahələrində internet üzərindən göstərilən xidmətlərin çeşidinin artırılması nəticədə yeni saytların yaradılmasına və yeni domenlərin qeydiyyatına gətirib çıxaracaq. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, çox yaxın zamanda ölkədə qeydiyyatdan keçmiş domenlərin sayı iki dəfə artacaq”,- deyə o bildirib.
M. Yakuşevin sözlərinə əsasən, hazırda ölkədə qeydiyyatdan keçmiş domen adlarının sayı iqtisadiyyatın və internetin ümumi inkişafına uyğun şəkildə artır.
“Xarici ölkələrin təcrübəsi göstərir ki, domen qeydiyyatında həddən-ziyadə sərbəstliyin verilməsi nəticədə kibercinayətkarların imkanlarının genişlənməsinə və kütləvi kiberhücumların təşkil olunmasına səbəb ola bilər”, - deyə o əlavə edib.