Cinayətkarın görmə qabiliyyətini itirməsinə səbəb olan dron hazırlanıb

23 May 2019 - 17:17 | Texnoloji yeniliklər
Cinayətkarın görmə qabiliyyətini itirməsinə səbəb olan dron hazırlanıb

Rusiya Federasiyasının hüquq-mühafizə orqanları tərəfindən tətbiq edilməsi üçün elektroşok və kor edən lazerlə təchiz edilmiş dron-paralizator hazırlanıb. Bu haqda Xüsusi Materiallar Elmi-İstehsalat Birliyinin baş direktorunun müşaviri Yuri Klyonov məlumat verib. O, bildirib ki, terrorçu, cinayətkar və ya düşmən, hətta sığınacaqda və ya pəncərə nəfəsliyindən zərərsizləşdirilə bilər.

habr.com saytının məlumatına görə, ilk vaxtlar qurğunu operatorlar idarə edəcəklər. Lakin gələcəkdə rayonun patrul xidməti və cinayətkarların zərərsizləşdirilməsi alqoritmik şəkildə həyata keçiriləcək.

Çəkisi 1 kq təşkil edən dron məsafədən idarə olunan elektroşokla, həmçinin insanda sonradan fəsad yaratmayan, görmə qabiliyyətinin müvəqqəti itirilməsinə səbəb olan işıq diodu və ya lazerə malik qurğu ilə təchiz edilib. Cihazın daxilinə quraşdırılmış videokamera operatora pilotsuz təyyarəni məsafədən idarə etməyə və silahı nə zaman işə salmaqla bağlı qərar qəbul etməyə imkan verir. Pilotsuz təyyarəyə əlavə olaraq, səsgücləndirici, sirena və teplovizor quraşdırmaq mümkündür.

Qurğudan həm şəhərdə, həm də açıq və ya dağlıq ərazidə istifadə etmək olar. Dronun xüsusilə insanın daxil ola bilmədiyi yerlərdə tətbiqi effektivdir. Artıq cinayətkarı zərərsizləşdirmək üçün insan həyatı ilə risk etməyə ehtiyac yoxdur.

Pilotsuz təyyarə “Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının qabaqcıl texnologiyaları Günü” adlı 3-cü elmi-texniki forumda və “Ordu-2019” 5-ci beynəlxalq hərbi-texniki forumunda nümayiş etdiriləcək.

Bəzi ekspertlər ideyanı dəstəkləsələr də, bu kimi texnologiyaların cəmiyyət tərəfindən qəbul edilməyəcəyi ilə bağlı narahatlıqlarını dilə gətiriblər. “Xüsusilə taktik nöqteyi-nəzərdən mən qurğunun potensial dəyərini görürəm, lakin bunun insanları təşvişə salacağını da anlayıram. Çünki bir çoxları əmin olacaqlar ki, siz drona elektroşok qoşa bilirsinizsə, ona odlu silah da bərkidə bilərsiniz”, – deyə “Police Foundation” tədqiqat qrupunun rəhbəri Cim Buerman bildirib.

Qeyd edək ki, dronların cinayətkarlara qarşı tətbiqinin effektivliyini 2016-cı ilin iyul ayında Dallasda daha əvvəl 5 polis zabitini qətlə yetirmiş silahlı insanın C-4 partlayıcı maddəsi ilə doldurulmuş dronun köməyilə zərərsizləşdirilməsi sübut edib.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.