“CCS Insight” analitiklərinin proqnozuna əsasən, “4G” mobil rabitə standartı ilə müqayisədə “5G” texnologiyası daha sürətli tətbiq olunacaq. Mütəxəssislərin qiymətləndirməsinə görə, 2022-ci ilədək dünyada “5G” şəbəkələrinə qoşulmaların sayı 1 milyardı ötməlidir. 2025-ci ildə isə “5G” qoşulmaların sayı 2,8 milyarda yaxınlaşacaq ki, bu da mobil qoşulmaların ümumi sayının 20%-ni təşkil edəcək.
dailycomm.ru saytının məlumatına əsasən, bir neçə mobil operator (ABŞ-ın “AT&T” və “Verizon”, Cənubi Koreyanın “SK Telecom”, “KT” və “LG Uplus” operatorları, həmçinin İsveçrənin “Swisscom” şirkəti) “5G” üzrə ilk kommersiya xidmətlərinin göstərilməsinə başlayıb. Lakin “CCS Insight” analitik şirkətinin nümayəndələri hesab edirlər ki, “5G” şəbəkələrinin genişmiqyaslı yayılmasına bir neçə il vaxt lazım olacaq.
“5G” standartının tətbiqinə 2020-ci ildə (aparıcı “Android” smartfon istehsalçıları yeni standartı dəstəkləyən modellər buraxacaqlar) başlanılacaq. Bundan başqa, bu yaxınlarda “Apple” və “Qualcomm” arasında imzalanmış saziş 2020-ci ildə “5G” texnologiyasını dəstəkləyən “iPhone” istehsalına imkan verəcək ki, bu da sözügedən texnologiyanın yayılmasını sürətləndirəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.