Hər gün dünyada 160 min zərərli proqram yaradılır

03 Sentyabr 2014 - 11:41 | Texnoloji yeniliklər
Hər gün dünyada 160 min zərərli proqram yaradılır

Zərərli proqram təminatı (PT) əvvəlki kimi rekord sayda yaradılmaqdadır. Belə ki, cari ilin ikinci rübündə 15 milyon zərərli PT yaradılıb ki, bu da hər gün 160 min zərərli proqramın meydana çıxması deməkdir. Bu haqda SecurityLab ekspertlərin kompüter təhlükəsizliyi sahəsində apardıqları tədqiqatlara istinadən bildirib.

Ən geniş yayılmış zərərli proqramların siyahısına yenə də troyanlar (62,8 %) başçılıq edir. İkinci yeri 24,77 % göstərici ilə arzuolunmayan proqramlar (PUP) tutur. Ekspertlər eyni zamanda reklam və casus xarakterli proqramların (7,09 %), həmçinin müxtəlif virus (2,68 %) və soxulcanların (2,66 %) yoluxma miqyasının azaldığını da qeyd ediblər.

Bundan əlavə, analitiklər zərərli PT-yə qlobal yoluxma göstəricilərinin artımını da (ilin ikinci rübündə 36,87 % təşkil edib) qeyd ediblər. Zərərli proqramlara yoluxma halları daha çox Çin (51,05 %), Peru (44,34 %) və Türkiyədə (44,12 %) qeydə alınıb.

Mütəxəssislərin sözlərinə görə, zərərli PT-yə yoluxma səviyyəsinə görə Asiya və Latın Amerikası ölkələri liderlik edir. Avropada isə bu göstəricilər ən aşağı səviyyədədir (İsveç – 22,13 %, Norveç – 22,26 %, Almaniya – 22,28 %).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.