"Samsung" smartfon satışı üzrə hələ də dünya lideri olsa da, son dövrlər ayrı-ayrı bazarlarda şirkətin vəziyyəti o qədər də yaxşı deyil. Belə ki, ən böyük dünya bazarında - Çində koreyalılar satış reytinqinin birinci pilləsini yerli korporasiya olan "Xiaomi"yə güzəştə gediblər. Hindistan və Rusiyada da oxşar vəziyyət müşahidə olunub.
"Canalys" tədqiqat firmasının hesabatına görə, 2014-cü ilin 2-ci rübündə "Xiaomi" Çində 14 991 570 smartfonun satışına nail olub. "Samsung" isə bu müddətdə 13 228 430 qurğu satıb. 13 025 780 satış sayı ilə "Lenovo" şirkəti üçüncü pillədə qərarlaşıb. hitech.vesti.ru saytından bildiriblər ki, ilk beşlikdə qalan yerləri də Çin şirkətləri bölüşdürüblər.
Beləliklə, "Xiaomi"nin bazar payı təxminən 14%, "Samsung"un payı isə 12% təşkil edib. "Strategy Analytics" şirkətinin son tədqiqatlarına görə, cari ilin ikinci rübündə "Xiaomi" dünya smartfon bazarının 5%-ni əhatə edərək qlobal reytinqdə "LG" şirkətini sıxışdırıb və 5-ci yerə sahib olub.