EaPConnect layihəsinin rəhbəri İnformasiya Texnologiyaları İnstitutunda oldu

21 İyun 2018 - 18:00 | Görüşlər

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda EaPConnect layihəsinin rəhbəri Maria Minarikova, Estoniya Musiqi Akademiyasının İT direktoru İnnar Jarva və Estoniya Musiqi Akademiyasının şöbə müdiri Paolo Girol ilə görüş keçirildi.

Görüşdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, elmi katib Mədinə Səidova, ümumi işlər üzrə direktor müavini Şakir Mehdiyev, beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev və digər institut əməkdaşları iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi qurumun AzScienceNet elm kompüter şəbəkəsinin 2015-ci ildə Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasında (GEANT) milli operator statusunda üzvlüyə qəbul olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, əsas məqsəd Avropa Birliyinin EaPConnect layihəsi çərçivəsində göstərdiyi dəstəyin Azərbaycanın elm və təhsil müəssisələri tərəfindən səmərəli istifadəsinin təmin etmək, eləcə də Azərbaycanın ali təhsil müəssisələrinin Avropanın elm və təhsil qurumları ilə əməkdaşlıq əlaqələrini gücləndirməkdir.

Alim 22 iyun 2018-ci il tarixdə institutda “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda keçiriləcək toplantının əhəmiyyətini önə çəkərək bu tədbirdə EaPConnect layihəsi və onun imkanları haqqında Azərbaycan elmi ictimaiyyətinə geniş məlumat veriləcəyini diqqətə çatdırdı.

Sonra çıxış edən EaPConnect layihəsinin rəhbəri Maria Minarikova Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində görülən işləri yüksək qiymətləndirdi. İnstitutun GEANT təşkilatı ilə əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı lazımi dəstəyi göstərməyə hazır olduğunu qeyd edən qonaq birgə layihələrdə iştirakın, kadr və təcrübə mübadiləsinin aparılmasının məqsədəuyğun olduğunu söylədi.

Daha sonra qonaqlar institutda yaradılmış innovativ şəraitlə tanış oldular. AzScienceNet-in Verilənlərin Emalı Mərkəzində qonaqlara Data Mərkəz, İnternet xidmətləri mərkəzləri, Şəbəkə təhlükəsizliyi və AzScienceCERT kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarət olan AzScienceNet haqqında məlumat verildi. Bildirildi ki, bu şəbəkə vasitəsilə AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarına Wi-Fi, Cloud Computing, Cloud Storage, Klaster Hesablama, Hosting, Eduroam, IP Telefoniya, paylanmış çoxterminallı məlumat xidməti, operativ məlumatlandırma, e-kitabxana, distant tədris və s. xidmətlər göstərilir.

Sonra qonaqlar institut daxilində keçirilən tədbirləri işıqlandıran və dünyada İKT sahəsində baş verən yenilikləri təqdim edən institutun daxili internet televiziyası –“İnfo TV”-nin studiyası ilə yaxından tanış oldular.

İnstitutun Tədris-İnnovasiya Mərkəzində (TİM) qonaqlara mərkəzin fəaliyyəti haqqında məlumat verildi. Bildirildi ki, ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu prosesinin bu mərkəzdə həyata keçirilir.

Akademik Rasim Əliquliyev TİM-də fəaliyyət göstərən Distant Tədris Mərkəzinin Naxçıvan, Gəncə və digər bölgələr, eləcə də dünyanın aparıcı elmi-tədqiqat müəssisələri arasında elm və təhsil körpüsü olduğunu, doktorant və dissertantların məsafədən videokonfrans sistemi vasitəsilə distant mühazirələr dinləməsi, onlayn seminar və konfransların keçirilməsi, Bakıya gələn mötəbər qonaqların və nobel mükafatı laureatlarının bir araya toplanması, alimlər arasında ölkədaxili, həmçinin beynəlxalq əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün geniş imkanlar yaratdığını söylədi.

Sonra qonaqlara institutda ən müasir texnologiyalarla təchiz edilmiş Elektron Kitabxana Mərkəzinin fəaliyyəti barədə məlumat verildi. Qeyd olundu ki, kitabxananın təhlükəsizliyinin təmin olunması, resursların identifikasiyası, oxucuların özünəxidməti həyata keçirə bilməsi üçün 3M texnologiyası quraşdırılıb. Burada resursların meta-verilənlərinin hazırlanması, sifarişlərin idarə olunması, oxuculara xidmətin həyata keçirilməsi, müxtəlif tərkibli hesabatların hazırlanması məqsədilə Avropanın bir sıra ali məktəb və elmi təşkilatlarında uğurla istifadə olunan “Exlibris” şirkətinin Alephino Kitabxana İdarəetmə Sistemi tətbiq olunur.

Daha sonra qonaqlar AzScienceNet-in AMEA-nın Əsas binasında fəaliyyət göstərən İnternet Xidmətləri Mərkəzinin fəaliyyəti ilə tanış oldular.

Mərkəzin 26 elmi müəssisə və təşkilatı əhatə edən akademiya şəhərciyində 7000-ə yaxın əməkdaşa genişzolaqlı İnternet xidməti göstərdiyi və müasir telekommunikasiya avadanlıqları və proqram təminatları ilə təchiz olunduğu diqqətə çatdırıldı.

Həmçinin qeyd olundu ki, AzScienceNet elm və təhsil üçün yüksək keyfiyyətli beynəlxalq İKT infrastrukturunun yaradılması, milli elektron elm və təhsil mühitləri əsasında vahid, qlobal fəzanın formalaşdırılması, elmi məqsədlər üçün istifadə olunan milli və beynəlxalq elektron infrastrukturların təkmilləşdirilməsi məsələlərinin birgə təşkilinə xidmət edən GEANT Assosiasiyasına üzv seçilməklə 40-dan çox ölkə ilə əməkdaşlıq əlaqələri qurur, ölkəmizi GEANT Assosiasiyası və onun layihələrində təmsil edir.

Bildirildi ki, şəbəkənin Data Mərkəzində strateji əhəmiyyətli onlayn informasiya resurslarının saxlanması və istifadəsi təmin edilir. Bu şəbəkə AMEA-da fəaliyyət göstərən tədqiqatçılar üçün geniş imkanlar açır və burada alim və mütəxəssislər tərəfindən işlənilən metod və alqoritmlərin adekvatlığının yoxlanılması, təcrübədən keçirilməsi və əsaslı tədqiqatların aparılması mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.