“Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” kursu üzrə yekun imtahanlar keçirilir

25 İyun 2014 - 14:00 | Mühüm hadisələr

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində yaradılmış Viki-Mərkəzdə “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” kursu üzrə yekun imtahanlar keçirilib. Kurslarda AMEA-nın 30 institutundan 50 nəfər iştirak edib. 

Məlum olduğu kimi, AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA institutlarının, digər elmi mərkəzlərin, alim və mütəxəssislərin “Vikipediya” ensiklopediyasının zənginləşməsində iştirakı, Azərbaycana aid kontentin virtual mühitdə artırılması məqsədi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” kurslarının keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə institutda Viki-Mərkəz yaradılmışdır. 

Mərkəzdə cari ilin aprel ayının 1-dən 30-dək AMEA-nın institut və təşkilatları əməkdaşlarından təşkil olunmuş viki-qruplara həm mühazirələr, həm də praktiki seminarlar keçirilmişdir. Kurs çərçivəsində AMEA-nın institut və təşkilatlarında toplanmış informasiya resurslarının, alimlərimizin kitab və elmi əsərlərinin “Vikipediya”nın tələb və standartlarına müvafiq qaydada yerləşdirilməsi, viki-mühitdə Azərbaycana qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi, Azərbaycanla bağlı yerləşdirilmiş kontentin zənginləşdirilməsi və s. ilə bağlı lazımi bilik və təcrübə aşılanmışdır. Kurslar başa çatdıqdan sonra isə AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən “Vikipediya” ya daxil edilmiş kontentlərin monitorinqi aparılmış, viki-qrupların “Vikipediya”da fəaliyyəti analiz edilmişdir. 

Həftədə 2 dəfə olmaqla 1 ay davam edən dərslərdə mühazirələr institutun sektor müdiri Rasim Mahmudov, seminarlar isə sektor müdirləri - İradə Ələkbərova və Rəna Qasımova tərəfindən aparılmışdır. 

Qeyd edək ki, növbəti imtahan iyunun 27-də keçiriləcək. Kurslarda iştirak edən və imtahanı müvəffəqiyyətlə verən hər bir iştirakçıya isə sertifikat təqdim olunacaq.

Kursların növbəti mərhələsinə cari ilin sentyabr ayında start veriləcək.