AMEA İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin növbəti elmi seminarı keçirildi. “Elmi jurnalların tərtibatına qoyulmuş tələblər” mövzusunda məruzəni təqdim edən institutun proqramçısı Rəna Gözəlova dövri elmi nəşrlərin yaradılması zamanı diqqət yetirilməli məqamlar barədə məlumat verdi.
Bildirdi ki, dövri elmi nəşr yaradılarkən beynəlхаlq stаndаrt seriyа nömrəsi аlınmаlı, nəşrin təsisçisi və yа təsisçiləri аydın şəkildə qeyd оlunmаlı və müхtəlif elm sаhələri üzrə məqаlələr dərc edən nəşrdə hər bir elm sаhəsinin аyrıcа redаktоru, redаksiyа heyəti, uyğun elm sаhələri üzrə mütəхəssislərdən ibаrət аnоnim rəyçiləri оlmаlıdır. O, həmçinin qeyd etdi ki, jurnallarda məqalələr dərc edilərkən Azərbaycan Respublikasının 9 iyul 2012-ci il tarixli “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanununa riayət olunması vacib məsələlərdəndir.
R.Gözəlova dövri nəşrlər üçün nəzərdə tutulan Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN – International Standard Serial Number) barədə məlumat verərək bu nömrələrin 21 yanvar 1976-cı ildə Parisdə ISSN Beynəlxalq Mərkəzinin yaradılması ilə istifadə olunmağa başlandığını diqqətə çatdırdı. R.Gözəlovanın sözlərinə görə, mərkəzin rəsmi veb-saytında jurnalların ISSN nömrəsini yazmaqla həmin dövri nəşr haqqında ətraflı məlumat almaq mümkündür. O, həmçinin ISSN üzvü olan ölkələrin iqtisadi, elmi və mədəni “üstünlüklər” əldə etdiklərini diqqətə çatdırdı.
Daha sonra R.Gözəlova kitabın Beynəlxalq Standart Kitab Nömrəsi (ISBN – International Standard Book Number) haqqında məlumat verdi. ISBN-in müxtəlif ölkələrdə nəşr olunan kitablar haqqında məlumatları toplayaraq Böyük Məlumatlar Bazasında saxlayan bir sistem olduğunu vurğuladı. Nəşriyyatlarda çap olunmuş kitab və ya broşürlərin beynəlxalq standart eyniliyinin ISBN vasitəsilə müəyyən edildiyini söylədi.
O, həmçinin jurnallarda məqalələrin nəşrinə qoyulan tələblər, Universal Onluq Təsnifatı (UOT) barədə danışdı. Bildirdi ki, UOT əsasən onluq prinsipinə görə hazırlanır. Bu sistemdən istifadə etməklə istənilən sənədi indeksləşdirmək mümkündür: “Burada axtarışın keyfiyyətli aparılması üçün hər bir bölmə, alt bölmə və s. müəyyən əlamətlərə və ya onların tez-tez istifadə ardıcıllığına görə 10-dan böyük olmayan 10 hissəyə bölünür”.
R.Gözəlova UOT-un elm və texnikanın bütün sahələri əhatə etməsi, indeks kimi yalnız rəqəmlərdən istifadə olunması, indekslərin quruluşunda kombinasiya prinsipinin istifadə olunması, istənilən sayda sənədin ixtiyari bölmə dərəcəsinə görə sistemləşdirilməsinin mümkünlüyü və s. kimi üstünlüklərinin mövcud olduğunu bildirdi.
Sonda məruzəçi qeyd etdi ki, jurnalların “Copernicus”, “INSPEC”, “Google Scholar”, “РИНЦ”, “Directory of Open Access Journals”, “EBSCO”, “ResearchBib”, “Open Academic Journals Index” və s. indeksləşmə bazalarında qeydiyyatdan keçməsi onların elmi çəkisinin artmasına, bu jurnallarda çap olunan məqalələrə istinadların və tanınma dairəsinin daha da genişlənməsinə şərait yaradır.
Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.