Xakerlər yaşlı amerikalıların 47%-nin şəxsi məlumatlarını oğurlayıblar

29 May 2014 - 11:00 | Texnoloji yeniliklər
Xakerlər yaşlı amerikalıların 47%-nin şəxsi məlumatlarını oğurlayıblar

Son bir il ərzində xakerlər ABŞ-ın təxminən 110 milyon sakininin və ya ölkənin yaşlı əhalisinin 47%-nin şəxsi məlumatlarına müdaxilə etməyə nail olublar. Bu barədə ABŞ-ın CNN teleşirkəti məlumat verib. 

Kibercinayətkarlar müxtəlif internet saytlardan ümumilikdə 430 milyon hesaba giriş əldə ediblər. hitech.newsru.com saytının məlumatına görə, daha çox Amerikanın ticarət şəbəkəsi olan Target-in istifadəçiləri zərər çəkiblər. Belə ki, bu saytın kompüter sistemlərindən 70 milyon insanın məlumatları oğurlanıb. Bundan başqa, kiberhücuma məruz qalan şirkətlərə "Adobe", "Snapchat", "AOL" və "eBay" də daxildir. 

Mütəxəssislərin sözlərinə görə, xaker hücumlərinin sayının artması internet-ticarətin sürətli inkişafı, həmçinin xakerlərin korporativ kompüter şəbəkələrinə nüfuz etmək üçün daha təkmilləşdirilmiş üsullardan istifadə etmələrilə bağlıdır. 

Beynəlxalq Konsaltinq şirkəti olan "PwC" (PricewaterhouseCoopers) qeyd edib ki, şirkətə 2013-cü ildə xakerlərin fəaliyyətindən dəyən ziyan orta hesabla 415 min dollar təşkil edib: "Kibercinayətkarlardan müdafiə sistemlərinə əhəmiyyətli dərəcədə investisiya qoyuluşuna baxmayaraq, onlar bu səddi aşmaq üsullarını tapır, məlumatları əldə edir və satırlar".