XƏBƏRLƏR

10479

Obrazların tanınması sahəsində birgə əməkdaşlıq imkanları müzakirə olundu

23 İyun 2017 - 10:00 | Görüşlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Çinin Anhui Universitetinin professoru və həmin universitetin “Kompüter elmləri və texnologiyaları” fakültəsinin obrazların tanınması üzrə tədqiqat qrupunun rəhbəri Bin Luo ilə görüş keçirildi. Əsas məqsəd İnformasiya Texnologiyaları İnstitutu və Anhui Universiteti arasında əməkdaşlıq və obrazların tanınması, təsvirlərin və verilənlərin emalı sahələrində birgə elmi-tədqiqat imkanlarının müzakirəsi olmuşdur.

Rəhbərlik etdiyi tədqiqat qrupunun fəaliyyəti haqqında məlumat verən B.Luo bildirdi ki, aparılan elmi-tədqiqatlarda təsvirlərin emalı üçün qraflar nəzəriyyəsi tətbiq olunur. Onun sözlərinə görə, hər bir təsvirin çəkili qraflarla təmsil edilməsi və müvafiq qrafların müqayisəsi nəticəsində təsvirlərin emalı həyata keçirilir. Ümumiyyətlə, Anhui Universitetində obrazların tanınması istiqamətində B.Luonun rəhbərliyi ilə 100 alim fəaliyyət göstərir. B.Luo İnformasiya Texnologiyaları İnstitutunda biometrik texnologiyalar sahəsində aparılan elmi tədqiqatlara maraqlı olduğunu qeyd etdi. 

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi institutda obrazların tanınması, təsvirlərin və verilənlərin emalı sahələrində araşdırmaların aparıldığını bildirdi. Bu istiqamətdə Anhui Universitetinin təcrübəsinin azərbaycanlı alimlər üçün maraqlı olduğunu diqqətə çatdırdı. Alim kadr mübadiləsi, birgə tədqiqatlar və konfransların keçirilməsi, həmçinin digər istiqamətlərdə ikitərəfli əməkdaşlığın səmərəli olacağına əminliyini ifadə etdi.

Sonra çıxış edən institutun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov rəhbərlik etdiyi şöbədə aparılan qan damarlarının quruluşuna əsaslanan biometrik eyniləşdirmə tədqiqatları haqqında geniş məlumat verdi.  

Sonda gələcək görüşlərdə hər iki tərəfin fəaliyyət göstərdikləri elmi istiqamətlər haqqında geniş məlumatların təqdim olunması, əməkdaşlığın qurulması və birgə layihələrdə iştirakın həyata keçirilməsi qərara alındı.

300-dən çox elmi əsərin müəllifi olan B.Luo 2002-ci ildə İngiltərənin York Universitetində fəlsəfə doktoru elmi dərəcəsini almışdır. O, York Universiteti ilə yanaşı, “British Telecom”, Sinqapurun Nonhanq Universiteti, Avstraliyanın Yeni Cənubi Veyl Universiteti və İngiltərənin Sterlinq Universitetində fəaliyyət göstərib. IEEE cəmiyyətinin həqiqi üzvü olan B.Luo eyni zamanda, “Anhui Universiteti jurnalı”nın Təbiət elmləri seriyasının baş redaktoru və “Springer” nəşriyyatının “Koqnitiv Hesablama” (Cognitive Computation) jurnalının redaktorudur. 

Qeyd edək ki, görüşdə həmçinin institutun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun elmi-katibi Mədinə Səidova, şöbə müdirləri – AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev, institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova eləcə də, Bakı Dövlət Universitetinin (BDU) nəzdində Konfutsi İnstitutunun dekanı Luo Xiaozhi və BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Mehdi Gülməmmədli iştirak edirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.