İnternetin yaradıcısı Türinq mükafatına layiq görülüb

05 Aprel 2017 - 14:31 | Maraqlı məlumatlar
İnternetin yaradıcısı Türinq mükafatına layiq görülüb

Ümumdünya hörümçək torunun yaradıcılarından biri, britaniyalı alim Tim Berners-Li informatika və informasiya texnologiyaları sahəsində ən nüfuzlu mükafata layiq görülüb. Bu haqda Hesablama Texnikası Assosiasiyası açıqlama verib.

news.rambler.ru saytının məlumatına görə, kompüter və hesablama texnologiyaları sahəsində ən böyük beynəlxalq təşkilat olan assosiasiyadan bildirilib ki, mükafat Berners-Liyə “ilk veb-brauzer olan “World Wide Web” sisteminin və İnternetin yayılmasına təsir etmiş əsas protokollar və alqoritmlərin ixtirasına görə” verilir.

61 yaşlı Berners-Li “Associated Press” agentliyinə verdiyi müsahibədə mükafata görə assosiasiyaya minnətdarlığını bildirib. “Mən hesab edirəm ki, bu mükafat ilk növbədə Ümumdünya hörümçək torunun yaradılması layihəsinə, həmçinin qlobal beynəlxalq əməkdaşlığa və bütün mənə kömək edənlərə verilib”, – deyə alim qeyd edib.

Berners-Li HTTP, HTML və URL daxil olmaqla, bir sıra əsas İnternet protokolları və proqramlaşdırma dillərinin ixtiraçısıdır. O, belçikalı alim Robert Kayo ilə birgə İnternet şəbəkəsinə qoşulmuş müxtəlif kompüterlərdə, öz aralarında əlaqəli olan fayllara çıxışı təmin edən “World Wide Web” sistemini yaradıb. 2004-cü ildə Böyük Britaniyanın kraliçası II Yelizaveta Berners-Lini komandor rütbəsi ilə təltif edib, Amerikanın “Time” jurnalı onu XX əsrin 100 ən görkəmli insanı siyahısına daxil edib.

Qeyd edək ki, Türinq mükafatını informatika aləminin Nobel mükafatı adlandırırlar. Kompüter elminin banilərindən biri, ingilis alim Alan Metison Türinqin adını daşıyan bu mükafat 1966-cı ildən etibarən hər il verilir. Mükafatın sponsoru “Google” korporasiyasıdır, onun dəyəri 1 milyon ABŞ dolları təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.