AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında qurumun “İnformasiya texnologiyaları problemləri” (İTP) və “İnformasiya cəmiyyəti problemləri” (İCP) elmi-praktiki jurnallarının 2016-cı il üçün hesabatları dinlənildi. Hesabatları İTP jurnalının məsul redaktoru, institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova və İCP jurnalının məsul redaktoru, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rasim Mahmudov təqdim etdilər.
Bildirildi ki, İTP jurnalı Google Scholar, INSPEC və Copernicus, İCP jurnalı Google Scholar və INSPEC indeks bazalarına daxildir. Jurnalların redaksiya heyətinin tərkibi İTP jurnalında 38 alim, İCP jurnalında 32 alimin iştirakı ilə formalaşmışdır. İTP jurnalının redaksiya heyətinin üzvləri 9, İCP jurnalının isə 7 ölkədən olan tanınmış alimlərdir.
Jurnalların 2016-cı il 1-ci və 2-ci saylarında dərc olunmuş məqalələr və onlara təyin olunmuş rəyçilər, məqalələrə verilən rəylər, jurnalların www.jpit.az və www.jpis.az veb-saytlarına aylar üzrə müraciətlərin və müraciət edənlərin sayı, həftələr üzrə müraciət edənlərin sayının dinamikası, həmçinin hesabat ili ərzində edilən müraciətlərin sayının ölkələr üzrə paylanması haqqında ətraflı məlumat verildi.
Sonra çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev qurumun elmi-praktiki jurnallarının beynəlxalq tələblərə uyğunlaşdırılması üçün dünyanın nüfuzlu elmi jurnallarının təcrübələrindən faydalanmağın önəmini vurğuladı. Alim iclasda jurnalların dili, kadr problemləri, ölkədə və beynəlxalq aləmdə təbliği, beynəlxalq əməkdaşlıq münasibətlərinin qurulması və gücləndirilməsi, DOI nömrələrinin alınması, həmçinin veb-saytlarının yenidən işlənilməsi və s. məsələlərlə bağlı səsləndirilən təklif və tövsiyələr nəzərə alınmaqla, müvafiq tədbirlərin həyata keçirilməsini tapşırdı.
Sonda institutun elmi-praktiki jurnallarının 2016-cı il üzrə hesabatları Elmi Şuranın üzvləri tərəfindən təsdiq olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.