Naxçıvan və Gəncədə yaşayan elmi tədqiqatçılar üçün informatika fənni üzrə doktorluq imtahanları distant formada keçirildi

30 Yanvar 2017 - 15:00 | Mühüm hadisələr

AMEA prezidenti, akademik Akif Əlizadənin Sərəncamına əsasən, 2016-cı ildən regional ali təhsil və elmi-tədqiqat müəssisələrinin doktorant və dissertantlarının informatika fənni üzrə doktorluq imtahanları test texnologiyaları əsasında internet üzərindən distant formada keçirilir.

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Distant Tədris Mərkəzi ilə AMEA Gəncə Bölməsi arasında Gəncədə yaşayan elmi tədqiqatçılar üçün doktorluq imtahanlarının distant formada keçirilməsi məqsədilə canlı bağlantı yaradıldı. İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz AlıquliyevTədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova imtahanın gedişatı ilə tanış oldular.

Direktor müavini Rəşid Ələkbərov Distant Tədris Mərkəzinin yaradılmasının əhəmiyyətini vurğulayaraq bu mərkəzin regionlar, eləcə də dünyanın aparıcı elmi-tədqiqat müəssisələri arasında elm və təhsil körpüsü olduğunu, doktorant və dissertantların məsafədən təhsil alması, onlayn seminar və konfransların keçirilməsi, alimlər arasında ölkədaxili, həmçinin beynəlxalq əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün geniş imkanlar yaratdığını bildirdi.

İmtahanların elektron test üsulu ilə həyata keçirildiyini diqqətə çatdıran alim bu sistemin imtahan prosesində şəffaflığın təmin edilməsi və imtahanlarda iştirak edənlərin biliklərinin daha obyektiv qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söylədi.

R.Ələkbərov, həmçinin Akademiyanın institut və təşkilatlarını müasir şəbəkə xidmətləri ilə təmin edən AzScienceNet elm-kompüter şəbəkəsinin geniş imkanlarından söz açdı. Elm və təhsil şəbəkələri üzrə milli operator olan AzScienceNet-in Avropa Komissiyasında Azərbaycanı uğurla təmsil etdiyini bildirdi. Qeyd etdi ki, 2016-cı ildə AzScienceNet-in Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT şəbəkəsinə 1 Gbit/san sürətlə çıxış imkanı əldə etməsi ilə Azərbaycan Avropanın elm və təhsil mühitinə inteqrasiya olunur. Bu imkanlardan regionlarda fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri və universitetlər də yararlana biləcəklər.

Sonda alim imtahan iştirakçılarına uğurlar arzuladı.

Sonra çıxış edən AMEA Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev Gəncə şəhərində 150-dən artıq gənc alim və mütəxəssisin fəaliyyət göstərərək elmi tədqiqatlar apardığını diqqətə çatdırdı. Bölmənin Distant Tədris Mərkəzinin yaradılmasını dünyanın aparıcı elmi-tədqiqat müəssisələri və universitetləri ilə beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi baxımından təqdirəlayiq hal kimi qiymətləndirdi. Bölmənin əməkdaşları adından AMEA rəhbərliyinə və İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssislərinə mərkəzin açılışında göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi.

İmtahanlarda Gəncə və Naxçıvandan 100-ə yaxın doktorant və dissertant iştirak etdi.

Qeyd edək ki, yanvarın 27-də də Naxçıvan Dövlət Universiteti və AMEA Naxçıvan Bölməsində həmin bölgədə yaşayan elmi tədqiqatçılar üçün distant formada informatika fənni üzrə doktorluq imtahanları təşkil olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.