ABŞ-ın yeni materialların istehsalı ilə məşğul olan “Acronic” şirkəti havanı təmizləməyi nəzərdə tutan 4,8 km hündürlüyündə göydələn inşa etmək barədə planlarını açıqlayıb.
nanonewsnet.ru saytının məlumatına görə, göydələnin ətrafındakı havanın təmizlənməsi innovativ “EcoClean” materialından istifadə sayəsində mümkün olacaq. Belə ki, binanın fasadını tamamilə örtən pəncərələr adi şüşədən deyil, yeni materialdan hazırlanacaq.
İşıq və buxarın təsiri altında “EcoClean”in xarici qatında havanı çirkləndirən maddələri birləşdirən sərbəst radikallar yaranır. Alınmış birləşmələr binanın divarları boyunca aşağı tərəfə səpilir. Aşağıda onları asanlıqla yığmaq və utilizasiya etmək mümkün olacaq.
“Funksional örtük estetik olmaqla yanaşı, istifadə üçün daha rahatdır və havanı çirklənmədən təmizləyərək ətraf mühiti qoruyur”, – deyə şirkətin aparıcı materialşünaslarından biri Şerri Makkliri bildirib.
Bundan başqa, göydələnin pəncərələri “Bloomframe” texnologiyası ilə düzəldiləcək ki, bu da onları 5 dəqiqəyə eyvana çevirməyə imkan verəcək. “Acronic” bu texnologiyanı artıq təqdim edib və tezliklə bazara çıxaracaq.
“Eko-göydələn”in konstruksiyasında digər innovativ materialların da istifadəsi planlaşdırılır. Onlardan bəziləri hələ hazırlanma mərhələsindədir, bəziləri isə artıq təqdim edilib.
Binanın komponentlərinin 3D-printerdə çap edilməsi sayəsində onlar daha möhkəm olacaq, göydələn isə güclü zəlzələ, külək və digər ekstremal iqlim şərtlərinə davamlı olacaq.
Şirkətin gələcəyin göydələnini harada inşa edəcəyi barədə məlumat verilməyib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.