AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi. AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev tədbirin proqram mühəndisliyi (PM) sahəsində mövcud olan standartların müzakirəsinə həsr olunduğunu bildirdi.
“Bu gün ən vacib məsələlərdən biri PM-in inkişafı üçün məhsuldar mühitin yaradılması, İT mütəxəssislərinin bu sahəyə olan marağının artırılması, PM üzrə təcrübə və bilik mübadiləsinin aparılmasıdır”, – deyə bildirən akademik ölkəmizdə bu sahədə zəruri biliklərin tədrisi ilə yanaşı, bu sahədə mövcud olan standartların tədrisi, Azərbaycan dilində kitabların, dərsliklərin və digər nəşrlərin hazırlanmasına da böyük ehtiyac duyulduğunu bildirdi.
Ölkədə PM sahəsi üzrə müasir standartların qəbul edilməsinin vacib məsələlərdən olduğunu qeyd edən alim bu məqsədlə standartların hazırlanması, qiymətləndirilməsi və tətbiqi ilə məşğul olan qurumun yaradılmasının önəmini vurğuladı.
“Proqram mühəndisliyində istifadə edilən standartlar” mövzusunda məruzəni təqdim edən institutun 9 saylı şöbəsinin əməkdaşı Könül Əliyeva PM-də proqram təminatı problemlərini rentabelli həll etmək üçün informatika və riyaziyyatın metodlarının tətbiq edildiyini bildirdi.
PM üzrə ilk standartın 1979-cu ildə tətbiq edildiyini bildirən məruzəçi bu standartın proqram təminatının keyfiyyət xarakteristikalarını təyin etdiyini qeyd etdi. Proqram təminatının işlənilmə prosesləri haqqında vahid məlumat verə biləcək beynəlxalq standartın hazırlanması istiqamətində aparılan işlərin nəticəsi olaraq 1995-ci ildə bu sahə üzrə ilk “ISO/IEC 12207 – Software Lifecycle Processes” standartının hazırlandığını söylədi. O, həmçinin “SE2014”, “Computing Curricula 2013”, “GSwE2009” standartlarını tətbiq sahələrini diqqətə çatdırdı.
Sonra K.Əliyeva sistemin həyat dövrünün standartları, keyfiyyətin idarə olunması standartları, o cümlədən ümumi göstəricilər, proqram vasitələrinin həyat dövrünün idarə edilməsi prosesləri, sənədlərin işlənilməsi və proqram sistemlərinin keyfiyyətinin qiymətləndirilməsi üzrə standartlar haqqında ətraflı məlumat verdi.
Azərbaycanda İKT-nin inkişafına təkan vermək məqsədilə beynəlxalq tələb və tövsiyələrə uyğun milli standartların hazırlanması ilə bağlı işlərin Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi tərəfindən həyata keçirildiyini bildirən məruzəçi komitə tərəfindən proqramlaşdırma üzrə mövcud beynəlxalq standartlara əsasən hazırlanmış Azərbaycan milli standartlarını təqdim etdi.
Məruzə ətrafında fikir mübadiləsi aparıldı. Müzakirələrdə institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev, institutun böyük elmi işçisi Tamilla Bayramova və digərləri iştirak etdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.