Bu gün AMEA prezidenti, akademik Akif Əlizadə AMEA İnformasiya Texnologiyaları İnstitutunda magistrantların ingilis dili fənni üzrə imtahan prosesi ilə tanış oldu.
Görüşdə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin (ETİ) rəisi, texnika elmləri doktoru, professor Əminağa Sadıqov, ETİ-nin Magistratura şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun ümumi işlər üzrə direktor müavini Şakir Mehdiyev və Tədris-İnnovasiya Mərkəzinin (TİM) rəhbəri Rəsmiyyə Mahmudova iştirak edirdi.
Öncə akademik Rasim Əliquliyev qonaqlara institutda yaradılmış maddi-texniki və innovativ şəraitlə bağlı ətraflı məlumat verdi. İnstitutun foyesində yeni quraşdırılmış interaktiv ekranı təqdim edərək bu sistemi olduqca əhəmiyyətli informasiya mənbəyi kimi qiymətləndirdi. Ekranda institutun əsas fəaliyyət istiqamətləri və şöbələrdə həyata keçirilən layihələr haqqında məlumatların öz əksini tapdığını diqqətə çatdırdı. Alim qeyd etdi ki, bu sistem vasitəsilə institut ilə virtual tanış olmaq mümkündür.
R.Əliquliyev, həmçinin institutun daxili internet televiziyası olan “İnfo TV” haqqında məlumat verərək televiziyanın institut daxilində keçirilən tədbirləri işıqlandırdığını və dünyada İKT sahəsində baş verən yenilikləri təqdim etdiyini diqqətə çatdırdı.
Alim TİM-də elm və təhsilin inteqrasiyası istiqamətində həyata keçirilən layihələrdən söz açaraq burada Distant Tədris Mərkəzinin fəaliyyətinin xüsusi rola malik olduğunu söylədi. Mərkəzin Naxçıvan, Gəncə və digər bölgələr, eləcə də dünyanın aparıcı elmi-tədqiqat müəssisələri arasında elm və təhsil körpüsü olduğunu, doktorant və dissertantların məsafədən təhsil alması, onlayn seminar və konfransların keçirilməsi, Bakıya gələn mötəbər qonaqların və nobel mükafatı laureatlarının bir araya toplanması, alimlər arasında ölkədaxili, həmçinin beynəlxalq əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün geniş imkanlar yaratdığını söylədi. Alimin sözlərinə görə, bu virtual körpü ölkədə vahid elm və təhsil mühitinin formalaşdırılmasına öz töhfələrini verəcək.
R.Əliquliyev son illər akademiyada bir çox sahələrdə olduğu kimi, magistratura təhsilinin təşkili sahəsində də kompleks tədbirlərin görüldüyünü, magistrantların prioritet elmi istiqamətlərdə araşdırmalar aparması üçün AMEA rəhbərliyi tərəfindən hər cür şəraitin yaradıldığını bildirdi. AMEA Prezidentinin 10 sentyabr 2015-ci il Sərəncamına əsasən, akademiyanın magistratura pilləsinə qəbul olmuş bütün magistrantlara ingilis dili, psixologiya, pedaqogika, fəlsəfənin əsasları kimi ümumi fənlər üzrə dərslərin tədrisi və imtahanların təşkilinin rəhbərlik etdiyi quruma həvalə edildiyini söyləyən alim bu işlərin yüksək səviyyədə təşkili istiqamətində TİM-də bütün zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı.
Sonra TİM-in rəhbəri R.Mahmudova mərkəzdə bu istiqamətdə görülən işlər haqqında məlumat verərək magistrantlara ümumi fənlər üzrə nəzəri və praktiki dərslərin peşəkar müəllimlər tərəfindən yüksək səviyyədə tədris edildiyini nəzərə çatdırdı. Onun sözlərinə görə, magistrantlara ingilis dili fənninin tədrisi IELTS proqramına uyğun olaraq hazırlanıb ki, bu da gələcəkdə doktoranturaya qəbul olunmaqla elmi fəaliyyətini davam etdirmək istəyən magistrantların hazırılıq səviyyələrini yüksəltmək məqsədini daşıyır.
Daha sonra qonaqlar 2016/2017-ci tədris ilində AMEA-nın magistratura pilləsində təhsil alan magistrantların ingilis dili fənni üzrə bilik səviyyəsinin yoxlanılması məqsədilə institutda təşkil olunmuş imtahanın gedişatı ilə yaxından tanış oldular. Test üsulu ilə keçirilən imtahanda akademiyanın 20 institut və təşkilatında 18 ixtisas üzrə təhsil alan 57 magistrant iştirak edirdi.
Akademik Akif Əlizadə institutda həyata keçirilən layihələri, magistrantlar üçün yaradılmış innovativ şəraiti yüksək qiymətləndirərək magistrantları elmi mühitdən yararlanmağa səslədi, onlara elmi fəaliyyətlərində hər zaman dəstək göstərməyə hazır olduğunu bildirdi.
Qeyd edək ki, akademik Akif Əlizadənin 22 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən, bu qurumun magistrantları üçün qış imtahan sessiyası 29 dekabr 2016-cı il – 2 fevral 2017-ci il tarixlərinədək keçirilir. Sessiya müddətində AMEA-nın magistraturasında ümumilikdə 197 fənn üzrə imtahan keçiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.