“IDC” analitiklərinin qiymətləndirməsinə görə, 2016-cı ildə 3D-printerlər, onlar üçün materiallar, proqram təminatı və əlaqədar xidmətlərin satın alınmasına 13,2 milyard dollar xərclənib. Növbəti illərdə sözügedən bazarda əldə olunan gəlir orta hesabla 22,3 faiz artaraq 2020-ci ildə 28,9 milyard dollara yaxınlaşacaq.
dailycomm.ru saytının məlumatına görə, 2015-2020-ci illərdə 3D-çap üçün avadanlıq, proqram təminatı və xidmətlər üzrə ümumi xərclərin 25 faizi ABŞ-ın payına düşəcək. Avropa, Asiya-Sakit okean regionu və Yaponiya ümumi gəlirin 50 faizini təmin edəcək. Bununla belə, ən yüksək artım tempi Yaxın Şərq və Afrika ölkələrində, həmçinin Mərkəzi və Şərqi Avropada müşahidə ediləcək.
Araşdırmaya əsasən, prototip və detalların yaradılmasını nəzərdə tutan diskret istehsal 3D-çap bazarında aparıcı istiqamətə çevriləcək. Bundan başqa, yaxın illərdə səhiyyə sahəsinin töhfəsi xeyli artacaq: 2020-ci ildə bu sektordan əldə olunan gəlir 3,1 milyard dolları ötəcək ki, bu da səhiyyə sahəsinin 3D-çap bazarının inkişafına əhəmiyyətli töhfə verən sahələrin siyahısında ikinci yeri tutmasına imkan verəcək.
Mütəxəssislər 2016-cı ildə layihələndirmə, avtomobil sənayesi üçün prototiplərin sürətli yaradılması, aviakosmik və müdafiə sahələri üçün detalların istehsalını üçölçülü çap texnologiyasının tətbiqi üzrə ən gəlirli sahələr adlandırıblar. 3D-çap texnologiyasının köməyi ilə alət və komponentlərin istehsalı da perspektivli istiqamətlərdən olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.