Uşaqların İnternet mühitində təhlükəsizliyinin təmin olunması problemləri müzakirə olundu

11 Yanvar 2017 - 17:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclası keçirildi. Tədbiri giriş nitqi ilə açan AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev  iclasın uşaqların internet mühitində təhlükəsizliyinin təmin olunması problemlərinin müzakirəsinə həsr olunduğunu bildirdi.  

R.Əliquliyev İnternetdə uşaqların psixologiyasına və sağlamlığına mənfi təsir edən çox sayda məlumatın yayıldığını və onların təbliğatını aparan kontentlərin ziyanlı informasiya daşıyıcıları olduğunu bildirərək uşaqların İnternetin bu kimi təsirlərindən qorunması probleminin dünya səviyyəsində diqqət cəlb edən məsələlərdən olduğunu vurğuladı.

Beynəlxalq aləmdə bu problemlə bağlı mövcud olan yanaşmalar və çağırışlar haqqında danışan alim bu sahədə İngiltərədə “The Internet Watch Foundation” təşkilatının mühüm rola malik olduğunu söylədi. Qeyd etdi ki, bu kimi təşkilatlara daxil olan müraciətlər əsasında İnternetdə rast gəlinən təhlükələrə qarşı mübarizə aparılır.

“Media orqanlarında mütəxəssislər tərəfindən müntəzəm olaraq maarifləndirmə işləri aparılmalı və bu problem populyarlaşdırılmalıdır”, – deyə bildirən R.Əliquliyev ölkəmizdə bu sahədə mövcud olan problemlərin araşdırılmasına böyük ehtiyac olduğunu söylədi. Alim müvafiq qurumlarla birgə bu istiqamətdə tədbirlərin həyata keçirilməsinin önəmini vurğuladı.

R.Əliquliyev, həmçinin ölkəmizdə bununla bağlı atılacaq addımlardan biri kimi institutun Tədris-İnnovasiya Mərkəzinin nəzdində uşaqların İnternetdə təhlükəziliyinin təmin olunması problemləri ilə məşğul olacaq mərkəzin yaradılmasının vacibliyini önə çəkdi. Alim qeyd etdi ki, mərkəzdə əldə olunan məlumatların intellektual analizi bu problemlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edəcək.

Sonra institutun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Aysel Əliyeva “Uşaqlar üçün daha yaxşı İnternet” mövzusunda məruzə ilə çıxış etdi. O, “Uşaqlar üçün daha yaxşı İnternet” layihəsinin “Insafe” şəbəkəsi və İnternet qaynar xətlərinin Beynəlxalq Assosiasiyası tərəfindən birgə həyata keçirildiyini bildirdi. Avropa Təhlükəsiz İnternet Mərkəzləri tərəfindən “Insafe” yardım xətti, “Inhope” qaynar xətti, “Insafe” maarifləndirmə mərkəzləri kimi xidmətlərin göstərildiyini söyləyən məruzəçi Avropada 31 Təhlükəsiz İnternet Mərkəzinin və “Daha yaxşı İnternet” layihəsini yerli, milli və beynəlxalq səviyyədə dəstəkləyən 2000-dən çox qurumun, o cümlədən 90-dan çox Təhlükəsiz İnternet Günü komitələri və dəstəkçilərinin mövcud olduğunu vurğuladı.

Onun sözlərinə görə, Təhlükəsiz İnternet Günü 9 fevral 2016-cı il tarixdə “Daha yaxşı İnternet üçün öz töhfəni ver” şüarı altında beynəlxalq səviyyədə qeyd edilmişdir. Cari ildə bu tədbirin “Dəyişin: Daha yaxşı internet üçün birləşin” şüarı altında fevral ayının 7-də keçirilməsi nəzərdə tutulub.

A.Əliyeva, həmçinin Təhlükəsiz İnternet Günündə həyata keçirilən tədbirlər haqqında məlumat verdi. Qeyd etdi ki, bu gündə mediada maarifləndirmə işləri aparılır, xüsusi televiziya proqramları, uşaqlar üçün yarışlar, bu sahədə aparıcı şəxslər, xüsusilə valideynlər, şagirdlər, tədqiqatçılar və mütəxəssislərlə görüşlər təşkil olunur, onlayn təhlükəsizlik sahəsində əldə olunan araşdırmaların nəticələri nəşr olunur və s. işlər həyata keçirilir.

Sonda A.Əliyeva Birləşmiş Krallıq və Rusiyanın Təhlükəsiz İnternet Mərkəzləri, Qazaxıstan Təhlükəsiz İnternet Günü Komitəsinin fəaliyyəti haqqında məlumat verdi. Ölkəmizdə də bu komitənin yaradılması ilə bağlı tədbirlərin görüldüyünü diqqətə çatdırdı.

Məruzə ətrafında gedən müzakirələrdə institutun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun şöbə müdiri, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova, şöbə müdirləri, texnika üzrə fəlsəfə doktoru, dosentlər Yadigar İmamverdiyevFirudin Ağayev, institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova çıxış edərək sual və təkliflərini səsləndirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.